Belə bir şanlı tarixin yaranmasında və müstəqilliyimizin bərpa olunmasında vətəndaş, jurnalist olaraq mənim də payım var
Bu il oktyabr ayının 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 20 illiyini qeyd edəcəyik. XX əsr Azərbaycan xalqının milli mücadilə əsridir. Əsrin əvvəllərində Şeyx Məhəmməd Xiyabani, Məhəmməd Əmin Rəsulzadə, Səttərxan, Pişəvəri Azərbaycan xalqının Milli Azadlığı uğrunda mübarizə aparıblar. Həhayət, əsrin sonunda, 1988-ci ildən Şimali Azərbaycanda Milli Azadlıq Hərəkatı başladı. 1989-cu ildən Milli Azadlıq Hərəkatına Xalq Cəbhəsi və onun əvəzsiz lideri Əbülfəz Elçibəy öncüllük etdi. 1989-cu il 23 sentyabrda Milli Azadlıq Hərəkatının təzyiqi altında keçmiş Ali Sovet Azərbaycan SSR-nin suverenliyi haqqında Konstitusiya qanunu qəbul olundu. Ancaq bu, kifayət deyildi, həmin Konstitusiya qanununda çoxlu ziddiyətli məqamlar vardı. Məsələn, qanunun birinci maddəsində yazılırdı ki, Azərbacan SSRİ-nin tərkibində suveren, sosialist dövlətdir. Sonrakı cümlədə yazılırdı ki, Azərbaycan SSR-də bütün hakimiyyət xalqa məxsusdur, xalqdan yaranır. Məsələ burasındadır ki, SSRİ-nin tərkibində olan ölkədə hakimiyyətin xalqa məxsus olduğunu iddia etmək absurd idi. Yaxud ikinci maddədə yazılırdı ki, Azərbaycan SSR-nin səlahiyyətləri yalnız respublikanın özünün könüllü surətdə İttifaqın ixtiyarına verdiyi məsələlərdə məhduddur.
Sözsüz ki, bu qanun kifayət deyildi. Ona görə də millətə arxalanan Xalq Cəbhəsi ilk növbədə hakimiyyəti məcbur elədi ki, seçkilər köhnə qaydada keçirilməsin. Beləliklə, seçki haqqında yeni qanun qəbul olundu.
Elə bunun nəticəsidir ki, 1990-cı ildə Ali Sovetə keçirilən seçkilər öncəkilərdən xeyli fərqləndi. 350 deputat mandatı üçün ilk dəfə alterativ əsaslarla 1500 qeydə alınmış namizəd mübarizəyə qatıldı və nisbətən demokratikliyilə seçildi. Setyabrdan gərgin mübarizə şəraitində keçən seçkilərdə deputat yerlərinin yarısı müəyyən olundu, kvorum elan edildi. Oktyabrın 14-də seçkilərin baş tutmadığı dairələrdə ikinci tur keçirildi, yenə də 2/3 kvorumu alınmadı. Dekabrın 16-da üçüncü tur oldu. Ali Sovetdə milli demokratik qüvvələr ciddi şəkildə təmsil olunurdu, bloklar yarandı, ölkədə demokratikləşmə prosesi start götürdü.
Ali Sovetin birinci sessiyasında iki məsələ qəbul olundu. Azərbaycan SSR adı dəyişdirilib, Azərbaycan Respublikasıyla əvəzləndi. O cümlədən bayraq dəyişdirildi. Oraq-çəkicli bayraq ləğv edilərək, onun yerini 1918-ci ildə qəbul olunmuş üçrəngli, ay-ulduzlu bayraq əvəzlədi. Bununla da Azərbaycan Respublikasının 1918-ci ildəki Azərbaycan Cümhuriyyətinin varisi olduğu təsdiqləndi.
1991-ci il avqust ayının 30-da Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının müstəqilliyi haqqında Bəyannamə qəbul olundu. Həmin Bəyannamə əsas götürülərək 1991-ci il oktyabrın 17-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının layihəsi müzakirəyə çıxarıldı və oktyabrın 18-də yekdilliklə qəbul edildi. Düzdür bəzi deputatlar həmin tarixi sənədə imza atmaqdan çəkindilər. Əfsuslar olsun ki, onlardan indi də vəzifədə oturanları var...
Konstitusiya Aktında müsəqil, dünyəvi və hüquqi respublikanın yarandığı yazılır. Demokratik cəmiyyətin əsas prinsiplərindən biri də hakimiyyətin bölünməsi məsələsidir. Yəni, müstəqil parlament, müsəqil məhkəmə və icra orqanları bölgüsü sənəddə əksini tapır. Buna uyğun olaraq Ali Sovet dəyişilməliydi. Ya yeni seçkilər keçirilməli, ya da Ali Sovetin tərkibindən müəyyən demokratik əsaslarla yeni, daimi fəaliyyət göstərən qanunverici orqan yaradılmalıydı. O dövrdəki müharibə şəraiti, parlament seçkilərinin az əvvəl üç mərhələdə keçməsi fonunda bu, qeyri-mümkün idi. İkincisi, belə düşünürdülər ki, bu Ali Soveti kənara atmaq olmazdı. Çünki Ali Sovetin xidmətləri vardı, Müstəqillik Aktını qəbul etmişdi. Ona görə də belə qərara gəlinir ki, hakimiyyətin bölünməsiylə əlaqədar olaraq bu tərkibdən Avropa tipli daimi fəaliyyət göstərən Milli Məclis yaradılsın. Beləliklə, müsəqil Azərbaycanın ilk ali qanunvericilik orqanı-50 deputatdan ibarət Milli Məclis formalaşdırılır...
...Bəziləri deyir ki, Azərbaycanın müstəqillik qazanması tarixin töhvəsi idi. Ancaq mən bu fikirlə razılaşmıram. Çünki hər bir uğurun əsas və yardımçı səbəbləri olur. Birincisi, sovet sosialist sistemində baş verən hadisələrdən qaynaqlanıb. İkincisi, Milli Azadlıq Hərəkatının önündə gedənlərdən biri azərbaycanlılar olub. Məhz bunun nəticəsidir ki, YUHESKO Azərbaycan xalqını "ilin xalqı" adlandırıb. Bizim Milli Azadlıq Hərəkatında şəhidlərimiz olub. XX əsrin sonunda dünyada baş verən proseslər və əsrin əvvəllərindən Azərbaycan xalqının daxilində olan enerjinin üzə çıxması, prosesə Xalq Cəbhəsinin rəhbərlik etməsi sonucda nəticə verdi. Yəni, xalq dünyada gedən bu prosesi qarşılayıb və onun önündə getməyə başladı. Prosesin hərəkətverici qüvvəsi yazıçılar, ziyalılar, mətbuat işçiləri, təşkilatçısı isə Xalq Cəbhəsi oldu. Hərəkətsizlikdən hərəkət yaranmır, Azərbaycan xalqının mübarizəsi o dönəmdə digər xalqlara da impuls verdi.
Yeri gəlmişkən, 1991-ci il 15 noyabrda Ali Sovet Azərbaycan Respublikasının müstəqilliyi üzrə referendum keçirilməsi barədə qərar verdi. 1991-ci il 29 noyabrda referendum keçirilir və Azərbaycan xalqqının iradəsi bir daha təsbit olundu. Azərbaycan 1992-ci il martın 2-də tam hüquqlu suveren dövlət kimi BMT-nin tərkibinə daxil oldu, 25 may 1992-ci ildə torpaqlarımızdan sonuncu rus əsgəri çıxarıldı və s.
Bu, tarixi faktlardır. Belə bir şanlı tarixin yaranmasında və müstəqilliyimizin bərpa olunmasında vətəndaş, jurnalist olaraq mənim də payım var. Həmin illərdə Əbülfəz Elçibəyin xeyir-duası ilə işıq üzü görmüş və Sumqayıtda nəşr olunan "Haray" qəzetində jurnalist, sonradan isə baş redaktor kimi fəaliyyət göstərdim. Sumqayıtın o vaxtkı rəhbərliyinin basqılarına, hədələrinə baxmayaraq qəzetin çapına nail olurduq. Qəzetin kollektivi olurdu ki, aylarla əməkhaqqı almırdıq, ancaq madiyyat bizi yolumuzdan döndərmirdi, ruhdan salmırdı. Bilirdik ki, sonucda məqsədimizə çatacağıq. Bu məqsəd isə illərdir gözlədiyimiz və həsrətində olduğumuz müstəqilliyimiz idi. Artıq 20 ildir müstəqil dövlətin jurnalisti kimi fəaliyyət göstərirəm. Bəxtimdən hansı mətbu orqanda çalışmışamsa orada dövlətin və millətin maraqlarının qorunduğunu, müstəqilliyə önəm verildiyini görmüşəm. Ulu Tanrı bu illərimizi axarlı eləsin və gün o gün olsun ki, torpaqları işğaldan azad olunan bir dövlətin vətəndaşı kimi qürurla müstəqilliyimizi qeyd edək. O gün isə uzaqda deyil...