Ali məktəblərimizdə təhsil alan gənclərin böyük bir hissəsi Sumqayıtda qalan tələbələrdir. Onlar min bir əziyyətlə daxil olduqları universitetlərdə təhsillərini daha da artırmaq üçün hər gün Sumqayıtdan Bakıya gəlirlər. Onlardan biri də mənəm- Aytən Əliyeva. Bakı Slavyan Universitetinin magistrantıyam. Sumqayıtda qalıram və Bakıya getmək üçün hər gün 2 saatdan çox vaxtım itir. Mən bir günlük həmin vaxt çərçivəsində nələri müşahidə etdiyimi və o vaxtın nələrə sərf olunduğunu sizlərlə bölüşəcəm.
Səhər növbəsində təhsil aldığım üçün həftənin 3 günü səhər saat 6-da yuxudan dururam. Bir saata hazırlaşıb evdən çıxıram. Bakıya evimizin yaxınlığından keçən 111 nömrəli marşurutla gedirəm. Əgər marşurut boş gələrsə oturmaq şansım olur, yox dolu gələrsə dərsə gecikməmək üçün o boyda məsafəni ayaqüstə getmək məcburiyyətindəyəm. Amma bu gün şanslı günüm idi. Marşurut boş gəldi və mən ayaqüstə getmək məcburiyyətində qalmadım.
Burda haşiyəyə çıxmaq istəyirəm. Oxumaqla yanaşı mən həm də işləyirəm. 22 yaşım var və bu yaşda valideynlərimdən pul istəmək mənə ağır olduğu üçün çalışıram işləməklə, oxumağı bir yerdə apara bilim. Ona görə də həftə içi çox yorğun oluram. Yəni marşurutda oturduğum zaman çox vaxt yolun yarısını yatıram.
Bu dəfə də elə oldu. Amma yarı yolda yuxuma haram qatdılar. Səs-küyə ayıldım. Avtobusdakı bir sərnişin sürücü ilə dalaşırdı. Yenə nə həddindən artıq sərnişin götürmək üstündə olan söz-söhbət... hər iki tərəfin də özünə uyğun arqumentləri var. Sərnişin yaranan sıxlıqdan, sürücü isə belə etməsə gündəlik planı verə bilməyəcəyindən şikayətlənir. Minən sərnişinlər də işə tələsir və hər nə olursa olsun marşuruta minib işə vaxtında çatmaq istəyir.... çox mübahisəli məsələdir.
Artıq saraydan çıxmışıq və Abşeron yolu ilə Bakıya irəliləyirik. Marşurutdakı insanları seyr edirəm. Yorğun sifətlər, əsnəyən başlar.... Bu, insanların necə çətin işlərdə işlədiklərinin tam açıqlamasıdır. Şərhə ehtiyac qalmır...
Bakalvr pilləsində təhsil aldığım zaman kəsiyində hərdən seminar olan dərsləri oxuyaradım. O da evdə oxumağa vaxt tapmayanda olurdu. Indi isə tədris ili yeni başladığından oxumağa heç nə yoxdur. Həm də gözlərimdə zəiflik olduğu üçün yolda çalışıram heç nə oxumayım.
Bu dəfə darıxmamaq üçün radioyada musiqilərə qulaq asmağa qərar verdim. Musiqi dinləməyi sevirəm və həmin vaxt zamanın neçə keçdiyindən də xəbərim olmur. Radioda musiqidən başqa nəyəsə qulaq asmağa da bir fərri proqram yoxdur axı? Hər saat başı xəbərlər verilir ki, mən də o xəbərlərin içərisində olan adam kimi onları dinləmirəm. Bəlkə radio xəbərləri seçilsə onlara qulaq asıb nəsə yenilik öyrənmək olar. Amma bizim radiolarımızda bu, mümkün deyil. Belə ki, radiolarımız ancaq agentliklərdən olan xəbərləri götürür və oxuyur. Plagiatlıq o dəqiqə hiss olunur. Başqa nəyə qulaq asasan. SMS göndərmələrə, yoxsa özlərini “dj” adlandıran aparıcılara.... zövqümü korlamamaq üçün yalnız musiqiləri dinləməyə üstünlük verirəm.
Səkkizə 20 dəqiqə qalmış avtovağzala çatdım. Indi marşurutla 20 Yanvara, ordan da metro ilə 28 maya getməliyəm. Bu da təxminən 40 dəqiqəyə başa gələcək. 90 nömrəli marşutdan da istifadə edib avtovağzaldan birbaşa 28 May-a gedə bilərəm. Bununla pula da qənaet etmək olar. Amma 90 nömrə o qədər gec gedir ki onunla getsəm dərsə gecikə bilərəm. Adi bir dəqiqə gecikəndə qayıb düşür, ona görə risk edə bilmərəm və marşutula 20 Yanvara, ordan da metro ilə 28 Maya getməliyəm. Insanlara o qədər əziyyət verilir ki. Nolar ki Sumqayıtdan gələn marşurutlar 20 Yanvara birbaşa getsə? Bu zaman və pul itkisindən başqa bir şey deyil. Əlac yalnız avtovağzal metrosunun çəkilməsinə qalır ki, görək o da nə vaxt hazır olar.
20 Yanvara müxtəlif marşurutlar gedir. Bu dəfə 96 nömrəli marşurut tez çıxdığından 20 Yanvara onunla getdim. Metroya düşdüyümdə isə yenə hər zamankı mənzərə ilə qarşılaşdım. Həzi Aslanov istiqamətində gedən vaqona minmək istəyən o qədər sərnişin var ki, əksəriyyəti də tələbələrdir. Bunların da çoxu Elmlər Akademiyası stansiyasında düşəcək olan Bakı Dövlət Universitetinin tələbələridir. Vaqon gəlir və birthər olasa da vaqona daxil oluruq. O qədər sıxlıqdır ki, hardansa tutmasan belə yıxılmazsan.
Artıq 28 May metrosundan çıxıram və universitetə doğru addımlayıram. Universitetə gedən yol dik olduğundan buranı çıxmaq elə də asan deyil. Bircə onu bilirəm ki, universitetə daxil olanda tənginəfəs oluram. Etibar Babayevin dərsidir və mən bu yazını ona verəcəm. Tapşırıq belə idi ki, Sumqayıtdan gələndə yolda nələri müşahidə edirsənizsə yazın.
Etibar müəllim bu yolu mən artıq 5 ildir ki, gəlirəm. Düzdür zaman-zaman müxtəlif maraqlı hadisələr, yol qəzaları ilə də rastlaşıram. Ancaq bu hər gün təkrarlanmır. Bu mövzunu bizə yazmağa verdiyiniz gündən hər şeyi diqqətlə izləyirəm. Amma maraqlı heç nə olmur. Mən də hər zamankı kimi ya yatıram, ya da musiqiyə qulaq asıb dəyişən mənzərini izləyirəm.
Mənim kimi yüzlərlə Sumqayıtlı tələbə var ki, təcrübəyə yiyələnib gələcəkdə yaxşı sahədə işləmək üçün hər gün bu yolu min bir əziyyətlə qət edirlər. Elə olur ki, tələbə marşurutda yer tapmır. Məcburən başqalarını gözləyir. Bəs onların təhsil üçün çəkdiyi əzabın bəhrəsini bizim təhsilimiz verirmi?
Məni düşündürən də budur. Bu gün minlərlə universiteti qurtaran savadlı gəncimiz var ki, iş tapmır və ya onun təhsili yetərli sayılmır. Onda biz niyə təhsil alırıq? Niyə zamanımızı boş yerə sərf edirik? Mən öz adımdan deyim. Jurnalsitika fakultəsini bitirmişəm, öz sahəm üzrə də pisdən-yaxşıdan işləyirəm. Amma yaxşı iş yerlərinə gedəndə məndən neçə illik təcrübə istəyirlər. Universitet təhsili yox, təcrübə... Təcrübə lazımdırsa, mən universitetdə niyə vaxt sərf edirəm, ondansa əlim qələm tutur, nəsə yaza bilirəmsə gedim işləyim, 4 illik təcrübə yığım və 4 ildən sonra yaxşı işdə işləyim.
Çətin məsələdir. Içindən çıxmaq üçün çox düşünmək, analiz etmək lazımdır. Tez ruhdan düşən insan olduğum üçün çalışıram bu barədə düşünməyim. Oxuyuram görək zaman nələri göstərəcək...