Sürix protokolları yenidən Türkiyə Böyük Millət Məclisinə qaytarılıb. Qeyd edək ki, qardaş ölkədə parlament seçkilərində sonra bu sənədin BMM–nə qaytarılıb qaytarılmamsı sırf Ərdoğanın siyası iradəsinə bağlı idisə, prosedura görə qaytarılmaya da bilərdi. Protokollar Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasını, ölkələr arasında sərhədlərin açılmasını özündə əks etdirir.
Məsələylə bağlə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu iki ölkə arasında münasibətlərin hazırki durumu ilə bağlı «Bizim Yol»un suallarını cavablandırıb. Politoloqun sözlərinə görə, Oqtay Əsədovun Ankaraya səfəri zamanı iki ölkə arasında dost-qardaşlıq münasibətlərin inkişaf etdirilməsi barədə mesajlar verilib. Amma aysberqin görünməyən tərəflərində nələr var, bu hələlik bəlli deyil:
“ABŞ-Azərbaycan münasibətlərindəki əsl həqiqət “Wekeleaks” sənədlərindən bizə bəllidir. Elə həmin yazışmalarda Azərbaycan rəsmilərinin Türkiyənin qarasınca nələrin danışdıqları da aşkara çıxdı. Sən demə ən böyük təhlükə Türkiyədən imiş. Türkiyə-Azərbaycan münasibətlərindəki reallıq bizi fərqli mənzərə ilə üz-üzə qoyur. İki ölkəmünasibətlərində sualların sayı azalmır. Viza probleminin həll olunmaması, Yüksək Əməkdaşlıq Şurasının hələ də fəaliyyətə başlamaması, tranzit qaz anlaşmasının imzalanmaması…Problemlərə İsrailə münasibətdə yaranan fikir ayrılığı da əlavə olunub. Rəsmi Bakı siyasətinin əsirinə çevrilib. Ankaranı Ermənistan siyasətinə görə divara dirəyəndə, İsveçrə protokollarını topa tutanda Bakıda düşünməliydilər ki, bir gün Türkiyənin də hesab istəyəcək vaxtı yetişəcək. Türkiyə hökuməti rəsmi Bakının davamlı təzyiqindən sonra Sürix protokolarını hərəkətə gətirmədi, Ermənistanla sərhədi açmadı, diplomatik münasibətlər qurmadı. Ankara Azərbaycanla müttəfqliyə xələl gətirmək istəmədi. İndi növbə Türkiyəyə çatıb. Ankara Bakıdan çox açıq şəkildə İsraillə münasibətlərə göz gəzdirməsini istəyir. Bakı vaxtilə İsveçrə protokolları ilə bağlı fərqli siyasət yürütsəydi, indi Ankara İsraillə bağlı Azərbaycan hakimiyyətini çətin seçim qarşısında qoymazdı. Müttəfiqlik qarşılıqdır, “sən mənə, mən də sənə” düsturu işləyir. Ancaq hadisələrin gedişatı göstərir ki, Bakı İsraillə münasibətlərə göz gəzdirmək fikrində deyil. Hakim partiyanın bəzi mənsubları vurğulayırlar ki, Azərbaycan kiçik dövlətdir, Türkiyənin istəyi qarşılığında İsraillə münasibətləri korlaya bilməz”.
Elxan Şahinoğlunun sözlərinə görə Azərbaycan İsraillə iki istiqamətdə əməkdalıq edir. «Biz bu ölkəyə neft satırıq və müəyyən çərçivədə hərbi əməkdaşlıq mövcuddur. Əslində Bakıdan dərhal İsraillə həm iqtisadi, həm də hərbi əməkdaşlığın dayandırılması tələb olunmur. Söhbət ondan gedir ki, Ankara İsraillə qarşıdurmada bir müttəfiq olaraq Azərbaycanı yanında görmək istəyir. Necə ki, Azərbaycan Ermənistanla qarşıdurmada Türkiyəni yanında görmək istəyir və Ankara da buna riayət edir. Bakı ortaya konkret mövqe qoymalıdır. Azərbaycandan İsrailə mesaj göndərilməlidir ki, Təl-Əviv Türkiyə ilə münasibətlərin gərginləşməsinin Azərbaycanla da münasibətlərin soyumasına yol açacağını anlasın. Başa düşsünlər ki, Bakı-Tbilisi-Ceyhan üzərindən neftimizi İsrailə deyil, başqa ölkələrə də sata bilərik və ya kənd təsərrüfatı sahəsindəki əməkdaşlıqda geriləmələr olar. Əlbəttə, İsrail iqtisadiyyatı bundan çox da ziyan çəkməz, ancaq ən azı anlayarlar ki, Türkiyə ilə qarşıdurmaya gedən ölkə Azərbaycanın da inamını itirə bilər. Doğrudur, “Mavi Mərmərə” gəmisi gülləbaran edildikdə və Türkiyənin 9 vətəndaşı qətl edildikdə rəsmi Bakı olayı pislədi, ancaq buna uyğun siyasət formalaşdırılmadı. İsrail səfiri bugünlərdə açıqlama verib ki, üçüncü dövlətlər Azərbaycan-İsrail münasibətlərinə qarışmamalıdır. Demək günah bizdədir. Təl-Əvivə anlada bilməmişik ki, Türkiyə bizim üçün sıradan bir dövlət deyil. Əks halda İsrail səfiri açıqlamasında ehtiyatlı olardı”.
Poltoloq hesab edir ki, Azərbaycan üçün ən yaxşı variant İsrail hökumətindən “Mavi Mərmərəyə” görə Türkiyədən üzr istəyərək ailələlərə təzminat ödəməsini tələb etməlidir: “Bu halda Bakı “Türkiyə, yoxsa İsrail” kimi çətin seçimdən də qurtulardı. Ancaq İsrailin hazırki radikal hökumətinin Türkiyədən üzr istəyəcəyi az ehtimal olunur. Odur ki, hadisələrin Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi ssenarisi üzrə inkişafını ehtimal etmək məcburiyyətindəyik. Demək Bakı qarşısında qoyulan seçim aktuallığını hələ qoruyacaq. Əgər Bakı İsrail siyastinə göz gəzdirməsə, Ankara Ermənistan siyasətində artıq Azərbaycana boylanmadan hərəkət edəcək. Əlbəttə, bu o demək deyil ki, Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələbindən geri çəkiləcək. Əsla. Ancaq Ankara İrəvanla təmaslarında artıq Bakı ilə məsləhətləşmələrə ehtiyac duymayacaq. Təsadüfi deyil ki, İsveçrə protokolları yenidən Böyük Millət Məclisinə qaytarılıb. Bu texniki məsələ olsa da, Bakıya da bir işarədir”.
Modern.az