Modern.az

Bakı Tikiş Evinin direktoru deputatların ittihamlarına cavab verdi: "Onlar öz maraqlarını güdürlər"

Bakı Tikiş Evinin direktoru deputatların ittihamlarına cavab verdi: "Onlar öz maraqlarını güdürlər"

30 Sentyabr 2011, 20:19

Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında bəzi YAP-çı deputatlar məktəbli formasının bahalığından, keyfiyyətsizliyindən, bu paltarların istehsalının monopoliyaya alınmasından danışaraq Bakı Tikiş Evinin ünvanına müxtəlif ittihamlar səsləndiriblər. İttihamların əsas müəllifləri isə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı və digərləri olub.
Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov Modern.az saytına açıqlamasında deputatlara cavab verərək onların iradlarını rədd edib. O, deyib ki, belə ittihamların müəllifləri Bakı Tikiş Evinin işinə kölgə salmaq istəyirlər və özlərinin maraqlarından çıxış edirlər.

“Biz bisnesmen yox, keyfiyyətli istehsalla məşğul oluruq. Bu malın istehsalında bizim cəmi 5 fazi gəlirimiz olur. Heç bir bahalıqdan söhbət gedə bilməz. Biz xammalı Çindən deyil, Türkiyədən alıb gətiririk. Əgər bizim geyimlər keyfiyyətsizdirsə, onda niyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mallarımıza sertifikat verirdi? Bu sertifikatı bizim mallara elə-belə verməyiblər, dəfələrlə yoxlamalardan keriblər. Hesab edirəm ki, Bakı Tikiş Evinin məhsullarının keyfiyyətsizliyi barədə deyilənlər boş-boş sözlərdir”.

F.Rəhimovun sözlərinə görə, Prezident də dəfələrlə vurğulayıb ki, hansısa malı xaricdən gətirməkdənsə, yerli istehsala güc vermək lazımdır.
“Amma yerli istehsal barədə qeyri-obyektiv danışanlar hansısa maraqlarını təmin etməyə çalışırlar. Çinlə əlaqələri olan bəzi “işbazlar” Urumçu şəhərindəki sexlərə Bakı Tikiş Evinin geyim modellərinin oxşarını sifariş verərək onların kütləvi istehsalına nail olublar. Və həmin saxta məktəbli geyimləri kütləvi şəkildə Çindən Azərbaycana gətirilib. Bax həmin keyfiyyətsiz və ucuz mallar insan sağlamlığı üçün təhlükəlidir. Onları himayə edənlər görəndəki məhsulları satılmır, onda bizim emblemimizin də oxşarını çıxararaq öz mallarının üstünə vurmağa başladılar, insanları çaşdırmaq istəyirlər”.

F.Rəhimov deyib ki, o, bu məsələ ilə əlaqədar dəfələrlə Daxili İşlər, Milli Təhlükəsizlik, İqtisadi İnkişaf nazirliklərinə, Dövlət Gömrük Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib ki, Bakı Tikiş Evinin məktəbli geyimlərinə oxşar saxta malların Çindən gətirlməsinin qarşısı alınsın, belə məhsullar daxili bazardan yığışdırlsın. Amma bu müraciətlər cavabsız qalıb.

Bakı Tikiş Evinin direktoru parlamentdə onların ünvanlarına ittiham səsləndirən deputatları Çinlə əlaqəsi olan “işbazlar”la mübarizəyə səsləyib. Onun fikrincə ittiham müəlliflərinin Çinlə əlaqəsi olan “işbazlar”la işbirliyi olması da mümkündür: “Bəlkə onlar Bakı Tikiş Evinin bağlanmasında maraqlıdırlar? Bizim müəssisədə 700 nəfər işçi çalışır. Yoxsa bu qədər adamın işsiz qalmasını istəyirlər..? İstisna deyil ki, onların hansısa maraqları var...
Müəssisəmiz hər kəsin üzünə açıqdır, şübhələri varsa, buyurub gəlsinlər, bizim malları istər ölkə daxilində, istərsə də xaricdə yoxlamadan keçirsinlər. Təkrar edirəm ki, biz öz mallarımızın keyfiyyətinə başımızla cavabdehik və aidiyyatı qurumlar da bunu yaxşı bilirlər”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər