Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti, deputat Rövnəq Abdullayev növbəti dəfə sənədsiz evlərin sakinlərinə xəbərdarlıq ünvanlayıb. Jurnalistlərə açıqlamasında o, bildirib ki, ARDNŞ-ə məxsus torpaqlarda tikilən evlər çox ciddi problemdir və onların sökülməsinə çalışacaqlar.
Bakıda çoxlu icazəsiz tikililər var ki, onların əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Bu evlərin bir hissəsi ARDNŞ-yə məxsus olan torpaqlarda inşa olunub.
“Biz də yeni tikililərin qarşısını alırıq, insanların yaşadığı köhnə evləri sökmürük. Yəni biz ev yıxmırıq, sənədi olanların evinə dəymirik. Məhkəmə qərarı olmadan heç bir evi sökmürük, qanun çərçivəsində hərəkət edirik”-deyən R.Abdullayevin sözlərinə görə, elə zəbt olunmuş ərazilər var ki, onun altında milyonlarla ton həcmində neft var.
“Belə şey olarmı? Həm də bu ərazilərdə yaşamaq əhalinin öz genofonduna ziyandır”
ARDNŞ prezidenti bir daha bəyan edib ki, şirkətə məxsus torpaqlarda tikilən istənilən sənədsiz tikili bundan sonra da söküləcək.
Maraqlıdır ki, R.Abdullayevin qanunsuz adlandırdığı həmin evlərin sakinlərindən hər ay bütün kommunal xidmət haqları yığılır. Hələ 2008-ci ilin sonlarında heç bir sənədi olmayan belə evlərin siyahılaşdırılmasına başlanılmışdı. Amma yarımçıq qaldı. Nəhayət bu ilin əvvəlində Prezident İlham Əliyevin keçirdiyi iclasda məsələ yenidən gündəmə gətirilidi.
Ölkə başçısının Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq müvafiq tədbirlərə yenidən start verildi. Amma bu iş də yarımçıq saxlanıldı.
İndi Bakıda mövcud olan sənədsiz tikililər problemi ictimaiyyətdə müzakirə olunan ən aktual mövzulardan birinə çevrilib.
ARDNŞ-ə məxsus olan ərazilərdəki evlərin sakinləri deyirlər ki, həmin tikililərin inşası elə ARDNŞ işçilərinin gözü qarşısında baş verib, yəni rəsmi icazə alınmasa da, qeyri-rəsmi ödənişlər müqabilində onların ev tikmələrinə göz yumulub.
Modern.az