Hər fəslin gözəlliyi ilə yanaşı yaratdığı problemlər də olur. Bu mənda qış daha çox problemlər üzə çıxarır. Düzdür, noyabrın 15-dən ölkədə qış rejimi tətbiq olunur. Ancaq havaların indidən soyuması qışın lap qapının ağzında olduğunu göstərir. Bu qış Azərbaycanda, xüsusilə də Bakıda mavi yanacağın necə veriləcəyi, fasilələrin olub-olmayacağı yəqin ki, hər birimizi qayğılandırır.
Modern.az məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mövqeyini öyrənib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamandar Eyvazlı saytımıza bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də qışa tamamilə hazırdırlar: “Yay aylarından başlayaraq bütün xidmət sahələrində olduğu kimi, bizdə də qışa hazırlıq tədbirləri görülür. 2011-ci ilin aprel ayında “Azəriqaz” İB-nin baş direktoru Əkbər Haciyevin 135 saylı əmri ilə əlaqadar 608 bənddən ibarət tədbirlər planı hazırlanıb və bu gün həmin bəndlər üzrə bütün tapşırıqlar yerinə yetirilib.
Bu tapşırıqda nəzərdə tutulan bəndlər aşağıdakılardı:
qaz tənzimləyici ikafların, siyirmələrin quraşdırılması, yaxud saz hala gətirilməsi, qaz xətlərinin texniki baxışdan keçirilmsi və saz vəziyyətə gətirilməsi.
Bu il ərzində 125-ə yaxın qaz tənzimləyici şkaf, 170-ə yaxın isə siyirmə quraşdırılıb. “Azəriqaz”ın balansında olan xətlərə texinki baxış keçirilib, bütün avadanlıqlar sazlanaraq qış mövsümünə qədər tam istismara hazır vəziyyətə gətirilib”.
Qışa hazırlıqda qazlaşmanın əsas yer tutduğunu deyən K.Eyvazlı “Azəriqaz” İB-də əvvəlki illərlə müqayisədə bu il qaz xətlərinin çəkilişinin geniş miqyas aldığını qeyd edib:
“Bilirsiniz ki, ölkə başçısı cənab prezident İlham Əliyevin tapşırığına əsasən “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına görə “Azəriqaz” ölkə ərazisini 95 faiz qazlaşdırmağı öhdəsinə götürüb. Tapşırıq 2013- cü ilin sonuna qədərdir.
Buna görə də Bakıda, o cümlədən regionlarda geniş miqyaslı işlər həyata keçirilir. Təkcə sentyabr ayında Bakının Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində 71-72 kilometr yeni qaz xətti çəkilib. Bütün abunəçilər isə “Smartkart” tipli və digər sayğaclarla “Azəriqaz”ın hesabına təmin olunur”.
Kamandar Eyvazlı qaz xətlərinin çəkilməsinin regionlarda da geniş vüsət aldığını vurğulayıb. O bildirib ki, uzun illər mavi yanacaq olmayan kənd və qəsəbələr bu il ərzində mütləq qazla təmin olunacaq. Cəbhə bölgələrindəki kənd və qəsəbələrə isə çox böyük diqqət yetirilir:
“Bu gün məsuliyyətlə deyə bilərəm ki, cəbhəboyu rayonlarında çox az sayda yaşayış massivi ola bilər ki, qazla bağlı müvəqqəti problemləri olsun. Ağdam, Fizulu, Goranboy, Tərtər, Qazax, Tovuz, Ağstafa kimi rayonlarda kəndlərin əksəriyyəti bu gün demək olar ki, mavi yanacaqla təmin olunur. Sentyabrın axırı, oktyabrın əvvəllərinə qədər təkcə 16 kənddə 6820 nəfər yeni abunəçi təbii qazla təmin edilib. Bu günlərdə Xaçmaz rayonun da daha iki kəndinə təbii qaz verilib. Hazırda bu işlər davam edir. Ölkəmizin bütün bölgələrində o cümlədən Cəlilabad, Ağsu, Goranboy, Gəncə, Neftçala da və digər rayonlarımızda uzun müddət qaz olmayan kəndlərin qazlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilir”.
Bu gün əsasən hansı rayonlarda sakinlərin istehlak etdiyi mavi yanacağa görə borc yığılıb?
“Azəriqaz” rəsmisi onlarda bu statistikanın aparılmadığını bildirib. Onun sözlərinə görə, qazlaşdırma ilə əlaqdar sayğacların da quraşdırılması onlar tərəfindən həyata keçirildiyindən burada borcdan söhbət gedə bilməz.
“Bildiyiniz kimi abunəçilərin köhnə borcları da cənab Prezidentimizin sərəncamı ilə ləğv olunub. Qalan borclar da gündəlik və ya aylıq borclar olur ki, bu da mütəmadi olaraq ödənilir. Məhz yeni sayğacların quraşdırılması abunıçilərlə istehsalçı arasında heç bir problem yaşanmaması üçündür. Bu həm də qaz itkisi və ya oğurlanmasının qarşısını alacaq”.
K.Eyvazlı məişət tipli sayğacların “Azəriqaz” tərəfindən quraşdırıldığını da söyləyib. Məişətdə G-4 tipli sayğaclardan istifadə olunur: “Bunlar sırf “Azəriqaz”ın, yəni dövlətin vəsaiti hesabınadır. Amma göstərici 4-dən yuxarı olanda artıq kommersiya xarakteri daşıyır və bunu obyekt sahibi özü ödyərir. Və ya hər hansı vətəndaş özünə 2, 3 və ya 4 mərtəbəli villa tikdirib və burada qaz sərfiyyatı çoxdursa, 4-lük sayğac getmirsə, o zaman 6-lıq sayğacı yenə həmin vətəndaşın özü almalıdır”.
Müsahibimiz eyni zamanda dövlət orqanlarında işlədilən mavi yanacağın ödəmələrində də problemlərin olmadığını deyib. O, bu məsələlərin öz həllini tapdığını vurğulayıb.
Kamandar Eyvazlı qışda qazın təzyiqinin artıb-artmayacağı məsələsinə münasibət açıqlayıb:
““Azəriqaz”da artıq qış və yay rejimləri aradan qalxmaq üzərədir. Əvvəllər qış və yay mövsümü var idi, indi bu rejimlər artıq aradan qalxmaq üzrədir. Abunəçilərin sayğaclaşdırlmasını təxminən 99.7 faiz yerinə yetirmişik. Yaxın günlərdə bütün istehlakçılarımız sayğacla təmin olunacaqlar. Bundan sonra ehtiyac yoxdur ki, qış və yay rejiminə düşək. Heç bir yerdə qazla təminatda problem yoxdur. Sadəcə olaraq hər kəsin yaşadığı ərazinin, küçənin və ya şəxsi vətəndaşın problemi ola bilər. Vətəndaş da borcludur ki, həmin vaxtda 185 və ya 104 telefonlara müraciət etsin” .
Mail AĞAXANOV