Yaxud, sabiq diplomatın bilməsi lazım olan bəzi məqamlar
Atalarımız düz deyib, "qulaq gündə bir söz eşitməsə kar olar". Bu dəfə isə sözü Yeni Azərbaycan Partiyasının fəallarından olan Xeyrəddin Qocadan eşitdik. Özü də elə bir söz eşitdik ki, bu, birbaşa düşmən dəyimanına su tökməkdir.
Belə ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ölkəmizin İstanbuldakı keçmiş konsulu Xeyrəddin Qoca ANS ÇM radiosunun canlı efirində şok açıqlama ilə çıxış etdi, Türkiyədə baş verən son terror aktları barədə danışaraq, baş verənlərdən məyusluğunu ifadə etməklə yanaşı, kürdlərin dövlət qurmalı olduğunu da dedi.
Bildirdi ki, kürdlər də bir xalqdır və onların gec-tez dövləti olacaq. Yazar fikirlərini əminliklə davam etdirərək bildirdi: "Dövlət qurulmalıdır və qurulacaq. Amma nə zaman - bilmirəm. Bəlkə də bu proses 100 il çəkəcək".
Görəsən, nə zamandan Xeyrəddin Qoca kürd xalqının müdafiəçisi rolunda çıxış edir? Özü də əminliklə bildirir ki, Türkiyədə kürd dövləti qurulacaq. Üstəlik, zaman da təyin etməyə və hətta, özünü münnəccim kimi göstərməyə çalışır. Maraqlıdır, yazarı belə əminliklə danışdıran nədir?
Onu da əlavə edim ki, bir zamanlar Azərbaycanı Türkiyədə təmsil edən bir diplomatın dilindən belə açıqlamaları eşitmək, Azərbaycanın Türkiyə ilə bağlı qardaşlıq siyasətini arxadan vurmaq deməkdir. Bunun ikinci adı ola bilməz.
Nəzərə almaq lazımdır ki, Türkiyənin parçalanması və bir necə əyalət dövlətinə çevrilməsi Ermənistan başda olmaqla iri güclərin maraq dairəsində olan iyrənc siyasətin tərkib hissəsidir. Onlar bundan məharətlə istifadə edib, sadə kürd xalqını öz oyunlarına alət edirlər.
Yazardan belə açıqlamalar eşitmək bizi şübhələnməyə vadar edir. Artıq məndə belə bir qənaət yaranıb ki, yazarın bu açıqlaması təsadüfi ola bilməz. Hansısa dairələrdən gələn sifarişi yerinə yetirir. Halbuki Prezident İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Türkiyədə idi və iki qardaş ölkə arasında əlaqələrin inkişafına dair bir sıra önəmli sazişlər imzalanıb. Belə önəmli gündə yazarın bu fikirləri üzvü olduğu Yeni Azərbaycan Partiyasına və onun rəhbərliyinə qarşı çıxmaqdan başqa bir şey ola bilməz. Hətta bu, "bir millət, iki dövlət" tandeminə xəyanətdir.
Yazarın diqqətinə onu da çatdırmalıyıq ki, 4 yaşında körpəni öldürməklə dövlət qurmaq olmaz! Hətta bu gün PKK nə qədər azğınlaşıb ki, onların siyasətlərini dəstəkləməyən öz insanlarını belə düşmən adı altında öldürürlər və bununla öz millətinin gözünü qorxudurlar ki, onların siyasətini dəstəkləməyənlərin sonu belə qurtaracaq.
Ola bilər ki, bəzi insanlar məni ayrı-seçkilik salmaqda ittiham edəcəklər. Mən hər bir xalqa hörmətlə yanaşıram. Tarixə qısa ekskursiya etsək, görəcəyik ki, tarixən bu xalqın heç bir dövləti olmayıb. İndiki Diyarbəkir Azərbaycan dövləti olan Ağqoyunluların tərkibində olan ərazi olub. Hətta bir müddət Ağqoyunlu bəylərbəyinin siyasi mərkəzi olub. Səlcuqların, Osmanlı imperiyalarının zamanında türklər və kürdlər bir çatı altında yaşayıblar. Osmanlı dövləti onların sərbəst yaşamalarına şərait yaradıb. Qərb tarixçiləri yazırlar ki, XIX əsrin sonlarında ermənilər kürdlərə qarşı terror aktı həyata keçirəndə onları Osmanlı dövləti müdafiə etdi. Məqsəd isə Osmanlı dövlətində qarışıqlıq yaradıb, imperiyanı çökdürmək idi. Halbuki XX əsrində əvvələrində hər iki xalq Türkiyənin azadlığı uğrunda düşmənə qarşı birgə döyüşüblər. İndi nələr baş verdi ki, iki xalq bir-birinə düşmən oldu?
Hər zaman belədir, hansısa qüvvələr Türkiyədən nəyisə qopara bilməyəndə, milli-etnik siyasəti işə düşür. 1925-ci ildə ingilislərin təhriki ilə Diyarbəkirdə baş qaldıran üsyanı buna misal göstərə bilərik.
Sadəcə olaraq, yuxarıda qeyd etdiyimiz kürd xalqından istifadə edib Türkiyəni zəiflətmək və öz istəklərini almaq istəyirlər. Türkiyənin hansı dövlətlə münasibəti pisləşən kimi həmin dövlətın başı PKK-nın papağının altından çıxır.
PKK-nın məqsədi Kürdüstan dövləti qurmaq yox, bu xain dövlətlərin siyasətini realizə etməkdir. Elə olmasaydı, Türkiyə dövlətinin kürdlərin kompakt yaşadıqları bölgələrdə sosial-iqtisadi infrastrukrunun inkişafı ilə bağlı yatırım siyasətinin həyata keçməməsi üçün təxribatlar törətməzdilər. Halbuki bunların bütün acı nəticəsini sadə xalq çəkir.
Sadaladığımız faktları keçmiş diplomatın bilməsi lazım idi. Görünür, ya diplomat bunları bilmir, ya da hansısa qüvvələrin xoşuna gəlmək üçün belə açıqlamalar verir.