Azərbaycan Milli Ordusunun daha əsgəri bədbəxt hadisə nəticəsində ölüb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Taleh Teymur oğlu Hüseynbalazadə elektrik cərəyanı vurması nəticəsində ölüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.
Qeyd edək ki, T. Hüseynbalazadə 2010-cu ildə Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Qeyd edək ki, dünən də Müdafiə Nazirliyinin Sumqayıtda yerləşən “N” hərbi hissəsində bədbəxt hadisə qeydə alınıb. 19 yaşlı əsgər Cavid Elşən oğlu Əliyev yük maşınının təkərinə hava dolduran zaman təkər partlayıb. Təkərin çarxının bir hissəsi əsgərin başına dəyib və o, aldığı xəsarətdən dünyasını dəyişib.
Cavid Əliyev 2010-cu ildə Ağdaş Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdı.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ekspertlərinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən 2011-ci ildə ölkənin təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayında kəskin artım hiss olunur. Mətbuatda əksini tapan məlumatlara istinad edərək adlı siyahı üzrə 2011-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 85 nəfər təşkil edib. Ötən müddətdə 90 nəfər yaralanıb (və ya xəsarət alıb).
Modern.az