Deyəsən, türklərin, xüsusilə, biz Azərbaycan türklərinin daşı çox ağırdır. Hər halda buna, istəməsəm də belə, dəfələrlə məcbur olub apardığım müşahidələrdə şahid olmuşam və məhz həmin müşahidələrimin, əyani şəkildə gördüklərimin nəticəsində belə bir qənaətə gəlmişəm. Əgər belə olmasaydı, bu torpağın əzəli və əbədi sahibi olan Azərbaycan türklərindən kimsə və ya kimlərsə milli mövzularda - özü də heç kimi haqqını tapdalamadan və aşağılamadan - danışan, dikussaiya açan və təklif irəli sürən kimi, başqa zamanlar ağzına su alıb susan korafəhmlər, türlü-türlü “ekspertlər”, “ştatnı” və “neştatnı” “şərhçilər”, “analitiklər” ordusu bir anda dirijor çubuğu ilə səfərbər olub, boy sırası ilə növbəyə düzülərək bir ağızdan həmin şəxsin-şəxslərin üzərinə yumşaq şəkildə desək, hücuma keçməzdilər.
Onlara-Azərbaycan türklərinə, Türkiyəmizə, bütövlükdə Türk dünyamıza içlərində illərlə yığıb saxladıqları - səbəbi də bəlli olmadan – kini, küdurəti, nifrini qusmaz, ağla gələn və gəlməyən çamuru atmazdılar. Sanki elə bil bunların bütün problemləri, Allahdan gələn dərd-bəlaları da Azərbaycan türkləri, Azərbaycanımız, canımız Türkiyəmiz, Türk dünyamız, onların varlığıdır. Əllərində əlacları olsa, hətta, uf demədən belə , hamımızı – türkləri, türk zehniyyətliləri bir qaşıq qanın içində boğarlar. Maləsəf ki, həmin- marıqda yatanların bir çoxu əslində nəyə xidmət etdiklərinin , hansı projelərin vintcikləri olduqlarının fərqində belə deyillər...
Bir müddət öncə mətbuta geniş açıqlamasında indi deputat olmasa belə, hələ də millətin əsl vəkili olan, türkçülüyünə, milliyyətçiliyinə, intellektinə heç kimin şübhəsi olmayan Gültəkin xanım Hacıbəyli Azərbaycanımızın problemlərindən çıxış yollarından biri kimi - öz şəxsi qənaətinə görə - Azərbaycan-Türkiyə və ya Türkiyə-Azərbaycan-Gürcüstan konfederasiyası ideyasını yenidən gündəmə daşıdı. (Qeyd edim ki, bu məsələ həmin ərəfədə sabiq baş nazir Pənah Hüseyn, o cümlədən, Gürcüstan rəsmiləri tərəfindən də dilə gətirildi).
Müəllifliyi hələ ötən əsrin əvvəllərindəki müqəddəslərimizə, böyük öndərlərimizə gedib çıxan, onlara məxsus olan məlum ideyanın bu dəfə bir qədər də fərqli təqdimatda gündəmə gətirilməsi ilə bu xanım-siyasətçi, eləcə də bu təklifin tərəfdarları həmin “şərhçilər”, “ekspertlər”, “analitiklər” ordusunun təhdidləri, təhqirləri ilə üzləşdilər. Allah-allah, nələr demədilər, nələr danışmadılar, nələr yazmadılar, nələr icad etmədilər, az qala, qalxıb Amerikanı yenidən kəşf edəcəkdilər. Gah bu ideyanın ABŞ başda olmaqla, Qərb dairələrinin, hərbi-siyasi supergüclərin, güc mərkəzlərinin sifarişi və bunu dilə gətirənlərin həmin dairələrin muzdlu icraçıları olduğunu, onların Azərbaycanın marqlarını satdığını, guya həllini tapmaqda olan 23 illik Qarabağ münaqişəsinin çözümünə əngəl törətdiyini iddia etdilər. Axı, bu binəvalar bilmirlərmi ki, elə Qarabağ münaqişəsinin guya həllinə çalışan dairələr-dövlətlər elə onların ittiham hədəfi olanlardır- ABŞ başda olmaqla, Qərb dövlətləri, Avropa təsisatları və dünya “şər imperiyasının” başında dayanan Rusiyadır?
Gah dedilər ki, bu ideya Türkiyəmizin özünə problem ola - məkrli dairələrin əlində salfetka kaığzına dönən PKK-nın işinə yaraya bilər. Yəni, onlar bu ideyadan ruhlanaraq, Türkiyədən torpaq qoparmaq, ayrıca dövlət qurmaq iddiasında daha təkidli və qətiyyətli ola bilərlər. Sanki Türkiyəmizə canları yanırmış kimi, bu ideyanın anti-Türkiyə dairələrinin bir saylı planı olduğunu söylədilər. Məntiqə bax-Azərbaycanla Türkiyə bərabərhüquqlu əsaslarla bir araya gələrsə, bu, onların hər ikisinin açıq və gizli düşmənlərinin maraqlarına cavab verər... Vallah, bu məntiq sahiblərinə bilmirsən nə deyəsən... Bircə o qaldı desinlər ki, tarixdə heç zaman izi-tozu belə olmayan və inşaallah, bundan sonra da olmayacaq Kürdüstan dövlətinin, daha doğrusu, onu yaratmaq ideyasının başında Öcalan-Qarayılan-Gültəkin Hacıbəyli üçbucağı dayanır... Nə var-nə var, bu ideyanı-konfederasiya təklifini Gültəkin Hacıbəyli dilə gətirir, daha döğrusu, məlum ideyanı yenidən gündəmə daşıyır, çoxlarının uzun illərdən bəri qaysaq bağlamış milli-türkçülük ruhu oyadır, tərpədir...
Gülməli məqamlardan biri də konfederasiyanın federasiya ilə qarışıq salınmasıdır. Ancaq az-çox tarixdən və hüquqdan anlayışı olanlar bunların tamam fərqli dövlət quruluşları olduğunu yaxşı bilrlər və ya bilməmiş olmazlar...
Yaxud, bundan bir az sonra həmin şəxs növbəti dəfə müsahibə verərək Azərbaycanımızı və Türkiyəmizi maraqlandıran bır sıra məsələlərlə bağlı öz şəxsi fikirlərini bildirir. Yenə də tanış “simalar”, tanış “dəst-xətt”. Bu adam deyir ki, dünyanın ən qəddar və qanlı terror təşkilatlarından olan PKK-nın son günlərdəki növbəti terraktları, türk-kürd demədən qanlı qətliamları, 24 şəhidimiz hamımızı göz yaşları içində boğdu, qəlbimizi dağladı. “Şərhçilər” isə aldıqları əmrlərə əsasən bir ağızdan yazdılar ki, Türkiyə sevgisi Gültəkin xanımı gicəlləndirib, ona görə belə danışır, gedib Türkiyədə millət vəkilliyinə iddia etsin... Bu xanım-siyasətçi görəsən, axı nə deməliydi, deməliydi ki, bundan sevinirik və ya bunun bizə aidiyyatı yoxdur? İnsan nə qədər düşüncəsiz olar ki, qanlı terroru lənətləyəni tənqid, təhqir etsin? Bu adam deyir ki, PKK-nı yaradan və onu bəsləyən rejimlər çökür və ya gec-tez çökməyə məhkumdurlar. Nə deməlidir, deməlidir ki, nəinki, PKK-ya qucaq açan reyimlər-əsəd rejimi, kommunist-imperiya təfəkküründən hələ də uzaqlaşmayan Rusiya rejimi , o cümlədən , 2 əsrə yaxın bir dövr ərzində 35 milyondan artıq Güneyli soydaşlarımıza heç bir haqq-hüquq tanımayan fars-molla rejimi və digər anti-xalq rejimləri qalamalı, öz xalqlarına, öz isanlarına izzəti-nəfsləri naminə qan uddurmaqda davam etməlidirlər? Bu qədər dayazlıq, dərrakəsizlikmi olar? Bu adam deyir ki,Azərbaycan PKK-ya, ümumiyyətlə, terrorizmə qarşı mübarizədə Türkiyəmizə əməli addımlarını, yardımlarını daha da artırmalıdır. Qanlı erməni terrorizmindən (bura ruslardan və bəzi digər kökənlilərdən gələn dəstəkləri də əlavə etsək) əziyyət çəkən bir xalqın və dövlətin təmsilçisi olan bir şəxs görəsən nə deməlidir, deməlidir ki, bu məsələ bizlik deyil,terrordan-filandan əziyyət çəkmirik, kefimiz nağara çalır, Türkiyəmizin terrorizmə qarşı mübarizəsi onların öz daxili məsələsidir,bizim daha vacib işlərimiz var? Gərək nə qədər insafsız-vicdansız olasan ki... Bu adam deyir ki, digər ölkələrlə olduğu kimi, Türkiyəmizlə də vizasız gediş-gəliş təmin olunmalı, nəhayət, illərdən bəri uzanan bu məsələ öz həllini tapmalıdır. Nə deməlidir, deməlidir ki, aman-aman, bunu etməyək, PKK-çılar gəlib buraya da doluşar? Onsuz da onların tərəfdarları və qohum-əqrəbaları Azərbaycanda kefləri istədikləri kimi gəzib-dolaşır, onlara heç gözün üstündə qaşın var deyən də yoxdur. Əgər bunu-PKK faktorunu bəhanə ediriksə, çifayda, dəyirman öz işindədir , çax-çax onsuz da baş ağrıdır.
“Şərhlərində” ittihamlarının dozunu artıranlar daha da irəli gedərək, millət vəkili, hakim partiyanın tanınmış simalarından olan Siyavuş Novruzovun adından belə istifadə etməkdən, “şərh” yazmaqdan çəkinməmiş, hətta, onun adından öz “yazdıqlarına” inanırlarmış kimi, indi də həmin insanı başqa ad altında növbəti “şərhlərində” “prikola” tutaraq guya ki, iz azdırırlar. Ay-hay, belə yerdə deyirlər, utanmasan, oynamağa nə var ki? Siyavuş Novruzov axı nə günə qalıb ki, belə bir “şərh” cəhdində bulunsun? Sözü və etirazi olsa, yəqin ki, həmişəki kimi çıxar mətbuata və mərdi-mərdanə istədiyini deyər. Amma əmrlərində durduqları insanlar bunların gözlərini o qədər boyamış ki...
“Şərhçilər” ordusu “ittihamlarına” davam edərək eks- millət vəkilini parlamentdə olduğu dövrdə Çukurcada baş verən qanlı terror olaylarını pisləməməkdə, PKK-nın terrorçu təşkilat kimi tanınması məsələsini Milli Məclis kürsüsündən səsləndirməməkdə “atəşə” tuturlar. Nə qədər avam olasan ki, bunu iddia edəsən. Axı, eks millət vəkili bu günlərdə bas verən Çukurca faciəsini 10 il demirəm, elə ilyarım öncə necə lənətləyə bilərdi və ya belə bir faciənin baş verəcəyini deyəydi? O, məgər falçı, öncəgörən idi? Yaxud da, PKK ilə bağlı məsələ məgər 2000-2005-ci illərdə bu qədərmi gündəmimizi - söhbət parlamentdən gedir- məşğul edirdi? Bu məsələ daha çox son illər - xüsusilə də parlament kuluarlarında - müzakirə mövzusuna çevrilib və ölkəmizin birinci şəxsi hörmətli İlham Əliyev cənabları da PKK-nın Azərbaycan tərəfindən rəsmən terror təşkilatı kimi tanındığını , onun qanlı əməllərinin daim lənətləndiyini bildirib. Bir də axı, bəzi cəhdlər istisna olmaqla, haçan Milli Məclisdə bu məsələ gündəliyə salınıb müzakirə olunub, Gültəkin xanımsa öz mövqeyini ifadə etməyib? Bəlkə kiminsə bu müzakirələrdən xəbəri var, biz bilmirik? Bu xanım-siyasətçi digər Azərbaycan, türksevər insanlarımız, millət vəkillərimiz kimi dəfələrlə öz mətbu çıxışlarında PKK-nı terror təşkilatı kimi tanıdığını və onun insanlığa sığmayan hərəkətlərini lənətlədiyini bildirib. Bundan artıq nə ola bilər ki?
... Bu yazını yazmaya da bilərdim. Məqsədim Gültəkin xanımı da müdafiə etmək deyil. Çünki onun nə mənim, nə də kimsənin müdafiəsinə ehtiyacı var. O, özü- özünü müdafiə etməyə qabiliyyəti və intellekti çatan bir siyasətçidir. Bəri-başdan onu deyim ki, həmin “şərhçilər” ordusu yenə başqa adlar altında gizlənərək məni məhz eks millət vəkilini müdafiə etməkdə ittiham edəcək, məni də özləri kimi sanıb, zənn edib başqasının əmrlərini yerinə yetirməkdə qınayacaq, olmazın camurlar atacaqlar. Olsun, el qayadan nə aparar ki? Ancaq bu yazını yazmaqda əsl məqsədim hər fürsətdən istifadə edib Azərbaycanımızı, canımız Türkiyəmizi, cəmi türkləri aşağılamaq, onlara qarşı olmazın hədyanlar söyləyənlərin bir Azərbaycan türkü kimi cavablarını, paylarını bacardığım səviyyədə verməkdir. Çünki belələrinə cavab vermədikcə onlar bu milləti, bu dövləti, Azərbaycanımızı, Türkiyəmizi sahibsiz zənn edirlər. Elə bilirlər ki, istədikləri kimi at oynada bilərlər, heç kim də onlara dur deyə bilməz. Amma çox yanlış düşünür və yanılırlar... Özümdən sitat gətirməyi sevməsəm belə, bir yazımda dediyim kimi, bu millətin, bu dövlətin də sahiblərinin sahibi var- biri Göydəki o gözəgörünməz Kişi-Böyük Yaradanımız, biri də Yerdəki canımız-ana vətənəmiz Türkiyəmiz!
Bu gün müxtəlif elitalarda başqa rus-fars zehniyyətlilərimiz azlıq təşkil etməsələr də, əsl Azərbaycan, türk zehniyyətlilərimiz daha çoxdurlar və onların sırası günü-gündən genişlənməkdə, artmaqdadır. Azərbaycanımızın və gələcəyimizin təminatı da məhz onlardadır. Böyük Yaradanamız, Uca Rəbbimiz onlara-əsl Azərbaycan, türk zehniyyətlilərə, bir sözlə, Azərbaycanımıza, Türkiyəmizə hələ də bitməyən bu milli mücadilədə yar olsun. Amin!