“Ayaz Mütəllibov indiyə qədər xocalılardan üzr istəməyib. Bu böyük qəbahətdir. Mən milli barışığın və humanizmin əleyhinə deyiləm. Amma heç kimin üstündən bu günah elə-belə götürülməməlidir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, 1992-ci ildə Xocalı rayonu İcra Hakimiyyətinin başıcı olmuş deputat Elman Məmmədov eks-prezidentlərlə bağlı qanunun keçmiş prezident Ayaz Mütəllibova şamil edilməsinin əleyhinə çıxmasına aydınlıq gətirərəkən bildirib.
Millət vəkilinin sözlərinə görə, parlamentdə müzakirələr zamanı qanun layihəsinə bununla bağlı maddə əlavə edilməsini təklif edib.
“Mən təklif etmişəm ki, qanuna maddə əlavə edilməldir. Prezident vəzifədə olduğu müddətdə cinayətə yol veribsə, xalqın ağır günündə vəzifə səlahiyətindən imtina edib qaçıbsa, öz maraqlarını xalqın maraqlarından üstün tutubsa, bu qanun ona şamil oluna bilməz. Bu fikrin üzərndə qalıram”-deyə E.Məmmədov vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, xalq tərəfindən seçilən prezident vəzifəsinin icrasına başlamamışdan qabaq andiçmə prosesi keçirilir.
“O xalqın təhlükəsizliyinin təminatçısı olmağına and içir. Əgər prezident icra müddətində vəzifələrini Konstitusiya ilə və qanunun tələb etdiyi qaydada icra etmirsə, demək o vədinə xilaf çıxır, məsuliyyətsizlik, qətiyyətsizlik edir, dövlətin ağır günündə xalqı qoyub qaçırsa, belə hallara yol vermiş prezident ya istefa verir ya da ona impiçment tətbiq edilir. Fikrimcə, belə prezidentlərə həmin statuslar verilməməlidir. Mən konkret ad nəzərdə tutmuram, prezident səlahiyyəti barədə danışıram”-deyə E.Məmmədov bildirib.
E. Məmmədov vurğulayıb ki, Xocalı soyqırımının ermənilər tərəfindən törədilməsi şübhəsizdir. Ancaq deputatın fikrincə, faciəyə gətirmiş digər səbəblərdən biri də həmin zaman ölkəyə rəhbərlik etmiş vəzifəli şəxslərin hərəkət və ya hərəkətsiziliyi olub.
“Təbii, Xocalı soyqırımını törədən ermənilərdir. Ancaq bunun törədilməsinə ölkədəki vəzifəli şəxslərin fəaliyyəti və ya fəaliyyətsizliyi üzündən şərait yaradılıb. O siyahının başında Ayaz Mütəllibovun adı gedir. Ondan başqa Mütəllibova qarşı 1992-ci il mayın 14-15-də hakimiyyəti zəbt etmə ilə bağlı cinayət işi qaldırılıb. 1992-93-94-cü illərdə ona qarşı müxtəlif cinayətlər üzrə iş qaldırlıb. Bunların hamısı araşdırılmalıdır. İzah olunmalıdır ki, bəli, bu adam bu cinayətləri törədib və bu məsuliyyəti daşıyır. Amma filan-filan səbəblərə görə Milli Məclis humanizmi daha üstün tutaraq qərarı qəbul edib. Həmin adam da lazım olanda xalqın qarşısına çıxmalıdır. Bütün səhvlərini və cinayətlərini etiraf edib xalqdan üzr istəməlidir. Xalqdan bağışlanılmasını xahiş etməlidir. Bundan sonra Milli Məclis qərara gəlməlidir ki, bəli bu şəxs etiraf elədi və üzr istədi. Ona yaşının bu vaxtənda humanistlik göstərilir”.
Elman Məmmədovun sözlərinə görə, eks-prezidentlər haqqında qanunda dəyişiklilər olacaq.
Xatırladaq ki, Milli Məclis ötən həftə “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunu” layihəsini müzakirəyə çıxarıb. Qızğın müzakirələrə rəvac verən layihə artıq birinci oxunuşdan keçib.
Xaqani Səfəroğlu