Modern.az

Qarabağ məsələsində dini faktor işə salınır

Qarabağ məsələsində dini faktor işə salınır

2 Noyabr 2011, 08:56

Həmsədrlərin bu niyyəti nədən irəli gəlir..?

Qarabağ məsələsinin həllində beynəlxalq müstəvidə vasitəçilik missiyasını üzərinə götürmüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu son iki ildə dini amili aktivləşdirmək istəyir. Həmsədrlərin Azərbaycan və Ermənistanın dini rəhbərləri ilə son görüşləri bunu bir daha təsdiqəyir.

Müşahidələr göstərir ki, problemin həllində belə bir vasitəyə əl atılıması heç də adi bir məsələ sayıla bilməz.

Ən azı bununla həmsədrlər regionda dini gücləri də tərəziyə qoymaq niyyətini güdə bilərlər. Amma məsələnin uzağa gedən telləri də olmamış deyil.

Məsələ ondadır ki, erməni kilsəsi tarixin yadda qalan anından bu yana ermənilərin ideoloju mərkəzi olub və bü gün də eyni missiyanı davam etdirir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan torpaqlarının işğal edilməsində erməni kilsəsi Köçəryandan, Sərkisyandan az rol oynamayıb.

Şübhəsiz ki, ideoloji mərkəzə çevrilən və faktiki olaraq erməniləri bəşəriyyətə qarşı yönəldən erməni kilsəsi həmsədrlərin hər hansı düşüncəsi, fikri ilə öz ambisiyasından geri çəkilməyəcək.

Erməni kilsəsindən fərqli olaraq Azərbaycanda Qarabağla bağlı dini amil lal görünür.

Bir az da konkretləşdirsək, şeyxülislamın son bir neçə ildə barmaqla sayıla biləcək bəyanatlarını nəzərə almasaq, işğal edilmiş torpaqlarımız məsələsi Azərbaycanda din müstəvisində görünmür.

Yeri gəlmişkən, bir müddət öncə Azərbaycan və Ermənistan dini rəhbərlərinin Bakıdakı görüşündə Şuşa məscidinin bərpa ediləcəyi barədə razılıq əldə edilmişdi.

Nəticə isə o oldu ki, həmin anlaşmadan sonra Şuşa məscidi daha bərbad vəziyyətə salındı. Demək ki, erməni kilsəsinə etibar etmək Sərkisyana inanmaq qədər sadəlövhlüküdür.

Bütün bunları ona görə qeyd edirik ki, həmsədrlərin dini amili önə çəkmələri, daha döğrusu danışıqlar prosesində bundan yeni bir elementi işə salmaq niyyətləri problemin həlli üçün bir millimetrlik perspektiv vəd etmir.

Ancaq həmsədrlərin bu addımına başqa yöndən də qiymət verənlər var. Əgər niyyət xalq diplomatiyasını fəallaşdırmaqdırsa, Azərbaycanı, onun cəmiyyətini az qala ailələrindən də yaxşı tanıyan həmsədrlər ölkəmizin ziyalı kəsimi, müxalifəti ilə də heç olmasa bir dəfə görüş keçirərdi. Demək ki, burada məqsəd xalq diplomatiyasını işə salmaq deyil.

Digər bir faktor İranla bağlı ola bilər ki, həmsədrlər bununla İranın mövqeyini zəiflətmək istəyində ola bilərlər. Ancaq məsələ ondadır ki, İran bütün sahələrdə Qərbə qarşıdır və Azərbaycanın üzləşdiyi problemlərə yönəlik mövqeyi ermənipərəst mövqelərdən heç də fərqləmir. Yəni farsın erməni sevgisi daha güclüdür.

Azərbaycanda İranmeyilli qüvvələr məsələsinə gəlincə, demək olar ki, bu qüvvələrin Qarabağla bağlı maraqları elə İranın maraqlarına bərabərdir. Ona görə də bu məqam da inandırıcı görünmür.

Bəzi müşahidəçilər iddia edirlər ki, burada şübhə doğuran məqam həmsədrlərin Ermənistanın işğalçılıq siyasətinə yeni don geyindirmək niyyəti güdmələridir.

Bu isə çox qorxulu məqamdır. Çünki məsələnin bu müstəviyə çıxarılması, Ermənistanın işğalçılıq siyasətinə dini zəmində baş verən münaqişə donu geyindirilməsi erməni tərəfinə sərf edir.

Milət vəkili Zahid Oruc hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki dövlətin dini rəhbərləri ilə görüşməsi bu prosesə təsir imkanları olan insanların da mövqeyini almaqdan ibarətdir:
“Məlumdur Ermənistan  cəmiyyətində 10 illər boyu din dövlət idarəçiliyinin nəinki elmenti olub, daha artıq dərəcədə onu yönləndirən əsas mərkəz olub.  Belə olan təqdirdə Azərbaycanda da paralel olaraq Qafqaz Müsəlmanları İdarəsi ilə görüşün keçirlməsi bir sıra məqamları özündə əks etdirir. Bir tərəfdən bu görüşü Ermənistanda keçirib, Azərbaycanda etməmək həmsədrlər üçün qüsur olardı. Digər tərəfdən də düşünülür ki, onlar da dini dairələrə, dini kəsimə, etiqad edən insanlara da hansısa bir formada təsir göstərsinlər. Eyni zamanda, ATƏT-in Minsk qrupunun irəliyə sürdüyü hər hansı model dini rəhbərliklərə də bir qədər bəlli olsun və ictimai etimad mühitinin formalaşmasında, o sənədlərin qəbul olunmasında dini liderlər də iştirak etsinlər”.

İctimai həyatın ən mühüm sahələrinə dinin təsir edə bildiyini deyən Z.Oruc hesab edir ki, belə görüşlər ziyanlı deyil: “Lakin məsələ bundadır ki, ATƏT-in Minsk qrupu belə addım atmaqdansa, ilk növbədə ədalətli sülh müqaviləsinin hazırlaması üçün iş görməlidir. Yalnız bu halda  dini dairələr, dini rəhbərlər, eyni zamanda bütöv cəmiyyət kəsimləri bunu qəbul edə bilər”.

Əks halda Azərbaycanın ziyanına və yaxud da beynəlxalq təhlükəsizlik, ərazi bütövlüyü prinsiplərini tanımayan istənilən modelin qəbul edilməsinin mümkünsüzlüyünü diqqətə çatdıran millət vəkili bildirib ki, hətta dini dairələrin rəhbərləri bu məsələdə liberal mövqe və yaxud da yumşaq davranışlar ortaya gətirsələr belə, cəmiyyət tərəfindən süngü ilə qarşılanar:

“Mənə elə gəlir ki, bu gün Azərbaycan gerçəkliyində Qarabağ məsələsi ilə bağlı ən sərt platformanı dövlət başcısı daşıyır, bu, millətimizdən gələn mövqedir. Bunu nə dini dairələrin təsiri ilə liberallaşdırmaq  mümkündür, nə də ATƏT-in Minsk qrupunun nümayəndələrinin hər hansı təzyiqi ilə”.

Politoloq Qabil Hüseynli də din xadimlərinin görüşünü müsbət hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, dini liderlərlə görüşlər həm xalq diplomatiyası, həm də xalqların biri-birlərinə yaxınlaşması üçün müəyən bir körpü rolunu oynaya bilər:

“Onu da deyim ki, şeyxülislamla erməni katalikosu arasında görüş birinci dəfə deyil ki... Onlar bundan əvvəl də bir neçə dəfə görüşüblər. İndi həmsədrlərin din xadimləri ilə görüşməsi onu göstərir ki, dini xadimlərdən də sülh prosesində xalqlararası etimadı dərinləşdirməkdə kömək niyyətindədirlər. Belə fikirlər səsləndirirlər ki, sülh prosesində müəyən irəliləyişlər yaranır. Bu irəliləyişlərin ana xəttini xalqların əldə ediləcək kompromisə inandırılması olacaq. Bu nöqteyi-nəzərdən mənim zənnimcə, həmsdrlərin dini liderlərlə görüşməsi indidən xalqları əldə edilə biləcək kompromisə hazırlamaqda dini liderlərin xidmətlərindən istifadə etmək mqsədi daşıyır”.

ATƏT-in Minsk qrupunun bu görüşlərinin İranının nümayiş etdirdiyi münasibətlə bağlı olmamasına gəlincə, Q.Hüseynli bildirib ki, o belə düşünmür:
“Yox, zənn etmirəm. İran onsuz da bu görüşlərdə nə qədər çaba göstərsə də, proseslərə yaxın buraxılmır. Amma dini xadimlərlə həmsədrlərin görüşü sırf xalqları sülhə hazırlamaq məqsədlərinə xidmət edir. Eyni zamanda, yəqin ki, sülh prosesinə onların da qatqıları ola bilər. Məsələn, Ermənistan danışıqlar prosesində çox sərt mövqe tutur, amma II Qaregindən xahiş edə bilərlər ki, Ermənistanı müəyyən kompromislərə meyilləndirsin. Azərbaycan tərəfinin əhalisi Azərbaycanın ərazi bütövlüyü məsələdində çox sərt mövqe tutur və Dağlıq Qarabağa mədəni muxtariyyətdən başqa, hər hansı muxtariyyət arzulamaq istəmir. Tutalım ki, Azərbaycan Prezidenti də yüksək müxtariyyət statusu ilə çıxış edir. Bu məsələlərdə din xadimləri əhalini hazırlamaq üçün öz nüfuzlarından istifadə edə bilərlər”. 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər