Azərbaycan siyasətində, ictimai-siyasi həyatında özünəməxsus yeri və rolu, öz siyasi üslubu və dəst-xətti olan, Azərbaycan siyasi həyatına istefa mədəniyyəti gətirən Milli Birlik Hərəkatının lideri, eks dövlət katibi, professor Lalə xanım Şövkətin cəmi üç gün sonra-noyabrın 7-də növbəti ad günü, yubiley doğum tarixidir.
Ümumiyyətlə, hər bir insanın həyatında doğum günü ən əlamətdar günlərdəndir və onu keçirmək, qeyd etmək,ətrafındakı insanlardan təbriklər almaq, xoş sözlər eşitmək hamının haqqıdır. Amma həyatda elə insanlar var ki - bunlara bəzən haqlı olaraq seçilmiş insanlar da deyirlər - onlar nəinki yubileyləri, hətta, sıradan ad günləri belə daha təmtəraqlı - yeyib-içmək anlamında deyil - daha yüksək səviyyədə qeyd edilməyi, həmin günü nəinki ətraflarındakı ən yaxın insanlardan, o cümlədən , daha geniş cevrəni əhatə edən insanlardan xoş sözlər, səmimi təbriklər eşitməyi, qəbul etməyi haqq edirlər. Belə insanlardan və siyasi xadimlərdən biri də məhz Lalə xanım Şövkətdir. Çünki bu siyasətçi-xanım özü-öz əməlləri, addımları, siyasi davranışları, Azərbaycan siyasətinə, siyasi camiəsinə gətirdiyi istefa mədəniyyəti ilə bunu haqq edib və edir...
Lalə xanımın adına səhv etmirəmsə, 1990-ci ilin payız günlərində - həmin vaxt Azərbaycan SSR Ali Sovetinə növbəti seçkilər keçirilirdi - “Azadlıq” qəzetinə verdiyi müsahibə zamanı rast gəlmişəm və deyim ki, onun necə yüksək səviyyəli, intellektual bir düşüncə sahibi olduğunu da elə ilk olaraq oradan bilmişəm. Həmin vaxtlar yenə də yaddaşım məni aldatmırsa, Lalə xanım elmi fəaliyyəti ilə əlaqədar olaraq Moskvada yaşayır və həmçinin, orada yaradıcısı olduğu “Azərbaycanda Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda” Beynəlxalq İctimai-Siyasi Hərəkata rəhbərlik edirdi. Eyni zamanda, elə ilk dəfə o vaxtlar bimişəm və bildim ki, mərhum dövlət başçısı Heydər Əliyevin qanlı 20 yanvar qırgınının səhərisi günü Moskvada yerləşən Azərbaycanın o zamankı Daimi Nümayəndəliyindəki etiraz xarakterli mətbuat konfransının təşəbbüsçşülərindən , təşkilatçşılarından biri və birincisi də məhz Lalə xanım olub...
Qeyd edim ki, Lalə xanımın geniş ictimai - siyasi fəaliyyəti 1992-93-cü illərdən başlayır desəm, səhv etmiş olmaram. 1992-ci ilin noyabr ayında Naxçıvanda təsis olunan indiki hakim partiyanın - Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini kimi Lalə xanım çox qısa bir müddətdən - 1993-cü ilin məlum iyun hadisələrindən, yəni, mərhum Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından az sonra 7 iyul tarixində boyük dövləti rəhbər vəzifəyə - dövlət katibi vəzifəsinə irəli çəkilir və qısa zaman kəsiyində Azərbaycanda ən çox tanınan, bir çox yüksək titullu vəzifə sahiblərinə müyəssər olmayan xalq, vətəndaş sevgisi qazanır. Lalə xanım öz intellektual səviyyəsi, hay-küyçülükdən uzaq olması, barışdırıcı mövqedə dayanması və iti zəkası ilə - hətta, ilk dövrlərdə Azərbaycan türkcəsində danışmağa bir qədər çətinlik çəksə də - iqtidarlı-müxalifətli-bitərəfli cəmiyyətin böyük əksəriyyətinin rəğbətini əldə edir. Ancaq məlum səbələrə görə - bu haqda çox yazıldığı, deyildiyi üçün indi onun üzərində geniş dayanmaq istəmirəm - Lalə xanımın yüksək dövlət vəzifəsində işləmə müddəti çox az çəkir, cəmi 6-7 aydan sonra Azərbaycan tarixində ilk dəfə olaraq könüllü şəkildə tutduğu yüksək postdan istefa verir. Hətta, o zaman dövlət başçısı tərəfindən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin edilsə də, Lalə xanım öz qərarlığıından dönmür, nə az-nə çox, düz 8 ay bu vəzifənin icrası mümkün olmur. Bir müddət taym-aut götürən Lalə xanım Azərbaycan üçün çox həssas günlərdə-1994-cü ilin yaz günlərində Bişkek protokolu imzalanan ərəfədə yenidən siyasi meydana dönür və bu protokolu çox sərt dildə eləşdirən bəyanatla çıxış edir. Və onun bu mövqeyi cəmiyyətdə böyük rezonans doğurur, Lalə xanımın şəxsiyyətinə olan ehtiramı artırır. Bundan sonra bir müddət də siyasi fasilə götürən Lalə xanım 1995-ci ilin iyununda bu dəfə siyasi arenaya ayrıca müstəqil bir partiyanın, Qarabağın dilbər guşəsi Bərdədə təsis olunmuş - bunun da rəmzi mənası oxucuların əksəriyyəti üçün bəllidir - Azərbaycan Liberal Partiyasının (ALP) lideri kimi qayıdır və uzun müddət, 2003-cü ilin iyununa qədər - növbəti prezident seçkiləri ərəfəsində - bu partiyaya rəhbərlik edir.
Növbəti siyasi ilkinə imza atan Lalə xanım Azərbaycan tarixində partiya sədrliyindən - çoxsaylı tərəfdarlarının etirazlarına baxmayaraq - könüllü şəkildə gedən ilk siyasi xadim olur və bununla Azərbaycan siyasi tarixində növbəti dəfə istefa mədəniyyəti nümayiş etditir. Həmçinin məqamı düşmüşkən, qeyd edim ki, Lalə xanım 2003-cü ilin prezident seçkilərinə Milli Birlik Hərəkatının lideri kimi qatılır... Amma bu da Lalə xanımın siyasi fəaliyyətində sonuncu istefa nümunəsi, istefa mədəniyyəti olmur. 2005-ci ilin parlament seçkilərində Bakının Yasamal rayonundakı dairələrdən birində eks-prezident Ayaz Mütəllibovla gərgin seçki mübarizəsində qalib gələrək millət vəkili seçilən Lalə xanım seçkilərin nəticələrinə etiraz əlaməti olaraq, halal haqqı olan deputat mandatından imtina edir. (Bu yerdə onu da qeyd edim ki, Azərbaycan tarixində hələlik iki siyasi xadim- Mirmahmud Mirəlioğlu və Lalə Şövkət deputat mandatından könüllü imtina edib).
Lalə xanım əksər siyasətçilərdən, siyasət adamlarından fərqləndirən məqamlardan biri də onun siyasətə ziyalılıq, intellektuallıq, elmilik gətirməsidir. O müasir Azərbaycan siyasətinin “ağyaxalıqlı”larından biri və birincilərindəndir. Onun ictimai-siyasi fəaliyyətini uzun illərdən bəri yaxından izləyən, müşahidə edən, onu özümə olduqca doğma insan sayan bir şəxs kimi deyə bilərəm ki, -əksər siyasilərdən fərqli olaraq - hansı mövqedə durmasından asılı olmayaraq, Lalə xanım heç zaman heç kəsə qarşı idman termini ilə desəm, qurşaqdan aşağı zərbə vurmayıb, əksinə, fürsət düşəndə onu haqsız, əsassız ittiham və ona xəyanət edən adamlara qarşı olduqca tolerant münasibət sərgiləyib. Bir çoxları kimi bunu əldə bayraq edib aləmə car çəkməyib və ya bundan siyasi divident əldə etməyə cəhd göstərməyib. Sadəcə, buna ehtiyac duymayb. Özünə arxayın olan bir siyasətçi, siyasi xadim kimi daim öz yolu ilə addımlayıb və bu gün də Lalə xanım məhz siyasətdə öz yolu, öz cığırı ilə addımlayan nadir siyasətçilərdəndir...
Lalə xanım haqda çox yazmaq , çox söz demək olar, ancaq hesab edirəm ki, elə bunlar da kifayət edər. Lalə xanım əlahiddə tərifə və müdafiə olunmağa ehtiyacı olmayan insanlardan, siyasət adamlarındandır. Ona görə son olaraq Lalə xanımı bu əlamətdar doğum günü, yubileyi münasibəti ilə təbrik edir, ona şəxsi-elmi-siyasi həyatında, fəaliyyətində uğurlar, nailiyyətlər arzulayıram. Novbəti doğum gününüz, yubileyiniz mübarək olsun,əziz və istəkli Lalə xanım!