Modern.az

Bir millət - bir bayraq...

Bir millət - bir bayraq...

9 Noyabr 2011, 00:53

Noyabrın 9-u Azərbaycan dövlət bayrağının yaranmasının ildönümü günüdür. Azərbaycanın dövlətin müstəqilliyinin rəmzlərindən biri - üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 9-da qəbul edilib. O zaman Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir:
“Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.
Bu bayraq 1920-ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olub.

Tariximizin sovet dövründə üçrəngli bayrağımızı Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı əvəz edib. 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə salona gətirilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq, üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxarıb.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycanda 9 noyabr Dövlət Bayrağı günü qeyri-iş günüdür.  

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfiqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayraq bir millətin şərəfi, namusu, varlığının, bir millət kimi mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir.

Bizi endirdilər göylərdən yerə
Döndür tariximin qızıl çağını.
İlahi, hökmünlə qaldır göylərə
İslam bayrağını, Türk bayrağını!

Adəm Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər