Ötən gün Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı icmasının idarə heyətinin üzvi, Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli televiziyalarda verilişlərin 90 faizindən çoxunun şoular, musiqili proqramlar təşkil etdiyini, xalqın çalıb-oxumağa həddindən artıq meyillənməsinin yaxşı hal olmadığını və nəticə etibrilə insanlarda ciddiliyin yox olduğunu bildirmişdi.
Milli Məclisin Sosial-siyasət komitəsinin sədr müavini Musa Quliyev də bəstəkarın telekanallarda daha çox yüngül və qazanc gətirən şou proqramlara üstünlük verilməsi fikri ilə razıdır.
Deputat Modern.az saytına açıqlamasında bunun iki səbəbi olduğunu bildirib. Onun fikrincə, birinci növbədə bu, televiziyaların çoxunun kommersiya maraqlarının yüksək olması ilə bağlıdır.
“Eyni zamanda reklam bazarının zəif olması ilə əlaqədar onlar həm auditoriyanı maraqlandıran, həm də özlərinin maraqları təmin olunacaq başqa ciddi verlişlər qoya bilmirlər. Digər tərəfdən, bizim televiziya məkanının dar çərçivəliliyi, jurnalist potensialının zəif, peşəkarların, istedadlıların da az olması burada öz təsirini göstərir. Amma mən çox arzu edərdim ki, bizim hörmətli bəstərkarımızın dediyi kimi, televiziya məkanında maarifləndirici proqramlar, vətənpərvərlik verlişləri çox olsun. Bu verilişlər musiqi, kino, ayrıca müxtəlif əsərlərdən parçalar, teatr yaxud elə maarifləndirici söhbətlər və s. də ola bilər”.
Musa Quliyev Azərbaycan xalqının ciddi hisslərini itirmədiyini hesab edir: “Amma görünür televiziyaların kommersiya maraqları var və onlar da təxminən bilirlər ki, hansı verlişlərdən daha çox qazanc götürə bilərlər. Son illər “Mədəniyyət” kanalının açılması boşluğu müəyyən qədər doldurub. “Mədəniyyət” kanalı getdikcə öz auditoriyasını da genişləndirir, həm də proqram zənginliklərini artırır. Bu mənada bu boşluq tezliklə aradan qalxacaq. Amma bir reallıq da odur ki, hər bir proqramın öz auditoriyası var”.
Millət vəkili Azərbaycan tamaşaçılarının intellektual tələbatı yüksək olan böyük bir hissəsinin Azərbaycan telekanallarını izləyə bilməməsindən narahat olduğunu vurğulayıb: “Onların tələbatını ödəyəcək verilişlərin telekanallarımızda az olmasını təəssüfedici hal hesab edirəm. Amma bu dövrdən asılıdır. İndi biz müharibə təbliğatı aparmırıq. Biz sülh danışıqlarına üstünlük veririk və sülh danışıqlarına uyğun efir siyasəti aparılır. Müharibə ehtiyacı yaranarsa, bunlar hamısı, həm proqramlar, həm insanların maraqları dəyişəcək. 1989-1992-ci illərdə gün, ay ərzində insanların əhval-ruhiyyəsi, onların müharibə, sülhlə bağlı münasibətləri dəyişirdi. Bunlar qısa müddət ərzində formalaşan situasiyadır. Amma ən əsası odur ki, hər bir Azərbaycan vətəndaşının qəlbində, yaddaşında bu olmalıdır ki, biz mütləq torpaqlarımızı azad etməliyik, ərazi bütövlüyünü təmin etməliyik. Gündəlik həyatımızda hər gün hərbi marşlar vermək və ya müharibəyə çağırış səsləndirmək sadəcə olaraq bizim planımızda, məqsədimizdə olmadığına görə bunun da bir əhəmiyyəti yoxdur”.
Musa Quliyev rektorun qeyd etdiyi kimi Azərbaycan xaqlqının çalıb-oxumağa meyilli olmadığını da düşünmür. Amma o da hesab edir ki, son vaxtlar telekanallarımızda yüngül, bayağı verilişlər geniş yer alıb:
“Musiqiyə marağın artması istedadlı xalq olmağımızı göstərir. Mədəniyyətin iki qanadı var- intellektual və mənəviyyat qanadı. Bizim xalqımız kifayət qədər həm mənəviyyatı, həm də intellekti yüksək olan bir xalqdır. Sadəcə son vaxtlarda bizdə daha çox yüngül, bayağı proqramlar geniş yer alıb. Bu bir az narahatedicidir ki, insanların zövqü korlanır. Bu günlər operaya getmək, klassik musiqi dinləmək çox az hallarda müşahidə olunur. Hətta son illərdə Heydər Əliyev Fondunun gördüyü işlərin fonunda belə, gənclərimizin muğama, caz musiqisinə marağının azalması, bunlar hamısı narahatedici faktorlardır. Düşünürəm ki, bununla bağlı həm daimi təbliğat aparmalıyıq, həm də əyani nümunlələrimizi ortaya qoymalıyıq.
Məsələn, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, digər klassik bəstəkarlarımızın, o cümlədən Müslüm Maqomayev, Rəşid Behbudov kimi korifeylərimizin musiqiləri daim gündəmdə olmalıdır. Milli dəyərlərə söykənən böyük sənət əsərlərimiz var. Bunlar daim gündəmdə olmalıdır. Yoxsa “səhər saat 7-də, qırmızı 07-də” bu tip şeylərlərlə gənclərimizin başını qatmaq, zövünü korlamaq yaxşı hal deyil”.
Aytən ƏLİYEVA