Noyabrın 19-da naməlum şəxsin bıçaqladığı yazıçı Rafiq Tağı bu gün dünyasıını dəyişib. Modern.az bildirir ki, bu barədə yazıçının yaxınları məlumat veriblər.
Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən yazıçı Rafiq Tağıya naməlum şəxs 6 bıçaq zərbəsi vurmuşdu və o, Klinik Tibb Mərkəzində müalicə olunurdu.
Yazıçı günorta təqribən 15.15 radələrində vəfat edib. Özünü pis hiss edən yazıçı reanimasiyaya aparılıb. Qardaşının "Azadlıq" radiosuna dediyinə görə, reanimasiya şöbəsinə çatanda Rafiq Tağı vəfat edib.
Hazırda meyit müayinə olunur.
Rafiq Tağı hadisədən sonra cərrahiyyə əməliyyatı keçirmiş və palataya köçürülmüşdü. Yazıçı özünə gələndən sonra bildirmişdi ki, ona qarşı baş vermiş hücumun yazıları ilə bağlı olduğunu güman edir.
Faktla əlaqədar Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.
İxtisasca həkim olan Rafiq Tağı Azərbaycanda tanınmış yazıçılardandadır. Onun publisistik yazıları dəfələrlə cəmiyətdə ciddi polemikalara səbəb olub.
2007-ci ildə isə işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər.
Yazıya görə İranda ayətullah Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.
Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il müddətinə azadlıqdan məhrum edildmişdi. Amma o 8 aydan sonra Prezidentin əfv fərmanı ilə azadlığa çıxdmışdı.
Üç övlad atası idi...
Allah rəhmət eləsin!
Modern.az