Modern.az

Səhiyyə Nazirliyi Rafiq Tağının ölümünə aydınlıq gətirdi

Səhiyyə Nazirliyi Rafiq Tağının ölümünə aydınlıq gətirdi

25 Noyabr 2011, 10:59

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidməti yazıçı-jurnalist Rafiq Tağının ölümü ilə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, 19.11.2011-ci il tarixdə saat 23.10-da təcili tibbi yardım xidməti  tərəfindən 1950-ci il təvəllüdlü Tağıyev Rafiq Nəzir oğlu döş qəfəsinin və qarnın çoxsaylı deşilmiş-kəsilmiş yaraları və kəskin qanaxma ilə ağır vəziyyətdə  Kliniki Tibbi Mərkəzə gətirilib.  

“Xəstə dərhal əməliyyata götürülmüş, zədələnmiş dalaq xaric edilmiş, diafraqma və digər yaralar cərrahi işlənərək tikilmişdir. Cərrahi əməliyyatdan sonra reanimasiya şöbəsində aparılan intensiv kompleks müalicə nəticəsində xəstənin vəziyyəti  stabilləşərək o, palataya keçirilmişdir.

 Lakin 23.11.2011-ci il tarixdə saat 14.50-də xəstənin vəziyyəti qəflətən pisləşmiş, kəskin tənəffüs çatışmazlığı və davamlı qusma baş vermişdir.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmamışdır.  

 R.Tağıyevin meyiti 23.11.2011-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair İstintaq İdarəsinin qərarına əsasən Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyində yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə  komisyon qaydada ekspertiza müayinəsindən keçirilmişdir.

 Meyitinin ekspertizasının ilkin nəticəsinə görə, mərhumun ölümünə səbəb ona yetirilmiş çoxsaylı deşilmiş-kəsilmiş yaralanmalar   nəticəsində   daxili   üzvlərin   (dalaq,    mədəaltı   vəz, diafraqma) zədələnməsindən inkişaf etmiş süst gedişli peritonit, nazik bağırsağın atoniyası və intoksikasiya, eləcə də  əvvəllər keçirdiyi  ikitərəfli plevrit xəstəliyinin qalıq əlamətləri  fonunda ağciyərlərin kəskin ödemi olmuşdur.  

 R.Tağıyevin ilkin müəyyən edilmiş məhkəmə-tibbi diaqnozunun dəqiqləşdirilməsi və elmi əsaslandırılması üçün, meyitdən götürülmüş biomaterialların “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyində tədqiqatları davam etdirilir”.    

 Modern.az 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər