Modern.az

İran İran olsa...

İran İran olsa...

Ölkə

30 Noyabr 2011, 11:51

Mən İrana tez-tez gedib-gəlirəm. Bu da daha çox son bir ildə baş verib: 3-4 dəfə. Təbii ki, getməyimin səbəbi də müalicə olunmağımla əlaqədar olub. Hər səfərimdə də yol boyu rastlaşdığım insanlarla siyasətdən və İran-Azərbaycan münasibətlərindən danışmamağa çalışıram. Nə qədər zor da olsa özümü bir-təhər saxlayıram. Etiraf edim ki, ehtiyat edirəm. Amma ədalət naminə onu da etiraf edim ki, mənə indiyədək bu ölkədə “qaşın üstə gözün var” deyən olmayıb. Əslində mənim İrana münasibətim hər zaman fərqli olub. Həmişə arzu etmişəm ki, İran-Azərbaycan münasibətləri, Türkiyə-Azərbaycan, ən azı isə Pakistan, Səudiyyə Ərəbistanı ilə münasibətlərimiz kimi olsun. Amma nə yazıq ki, olmayıb. Ayətullaların, müctəhidlərin və nəhayət İran mətbuatının Azərbaycana qarşı yersiz ittihamları münasibətlərimizin inkişafına mənfi təsir göstərib.

Nə birliyimiz qalıb, nə də bərabərliyimiz...

Təxminən bir il bundan əvvəl “İslam həmrəyliyi - İmam Xomeyninin ictimai-siyasi düşüncələrində…” adlı məqalə yazmışdım. Məqalə bütövlükdə İslam birliyindən bəhs edirdi. Amma nə yazıq ki, o gündən bu günə heç nə dəyişməyib. Nə birliyimiz qalıb, nə də bərabərliyimiz.

Baba, adam deyərlər sənə nə mənim hicabımdan, məscidimdən, Cənnətimdən, Cəhənnəmimdən... Bəlkə Qiyamətdə mənə görə sən cavab verəcəksən? İslama görə insan əməldə ixtiyar sahibidir. İnsanın Allah qanununu qəbul etməyə və ya etməməyə hüququ var. Bu halda o, özü Allah qarşısında cavab verməli olacaq.

Din, məzhəb qardaşım sən məndən ötrü belə narahatsansa erməniyə qucaq açma, kafirə qaz vermə, işıq vermə, yol çəkmə, onu qucaqlayıb məni hövsələdən çıxartma. Qonşu ölkələr arasında Ermənistanla sıx əlaqə quran, istər ticarət, istərsə də başqa sahələrdə aşkarda və gizlində əməkdaşlıq edən İran deyilmi?  

Ayətulla Xamneyinin Dağlıq Qarabağla bağlı fətvası var. Həmin fətvada deyilir: “Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər. Qarabağı işğal etmiş separatçı rejimlə hər cür əlaqə qurmaq haramdır və qanunla qadağandır.” Bu, bir Ayətullah kimi onun fətvasıdır. Bu fətva şəriətin hökmüdür və bütün müsəlmanların mövqeyi belə olmalıdır. Bu həm də ölkə rəhbəri kimi onun siyasi mövqeyidir. İndi gəlin, baxaq, bu fətvanı verən şəxs özü, dövləti necə, dediyinə əməl edirmi?.. Əlbəttə yox, Niyə? Orası bəlli deyil.

Gah da Xəzər dənizinin adının dəyişdirilməsi tələbi ilə çıxış edirsiniz. Daha çox dənizin İranla bağlı olduğunu iddia edir,  "Mazandaran dənizi" adı verirsiniz. Məgər bilmirsiniz ki, Xəzərin istər şimalında, istərsə də cənubunda ta qədimdən müxtəlif türk xalqları yaşayıb və ilk tarixi mənbələrdə bir qayda olaraq bu hövzə Xəzər adlandırılıb. Bu dənizin adı qədim türk tayfalarının adı ilə bağlıdır.

Nəhayət bu yaxınlarda Təbrizdə “Əşrəful-Ənbiya” məscidində keçirilən mərasimdə çıxış edən Ayətullah Sədiqinin Azərbaycandakı mövcud dini durumla bağlı irəli sürdüyü iddiaları birmənalı olaraq bu dövlətin ölkəmizə qarşı münasibətinin göstəricisi kimi də xarakterizə etmək olar. Əslində o taydan ayətullanın mövqeyini İran dövlətinin mövqeyi olmadığını izah etməyə çalışsalar da bu tayda Azərbaycan ictimaiyyəti, xüsusən də dövlətini inandıra bilməzlər. Nədən ki, İranda din xadimləri dövlət rəsmilərindən daha çox hörmətə və nüfuza malikdir.

İranda məgər bilmirlər ki, Azərbaycanda dindar qadınların hicab taxmasına heç vaxt qadağa qoyulmayıb, bəzi ölkələrdən, xüsusən də İrandan fərqli olaraq Azərbaycanda hicabı məcburi şəkildə deyil, könüllülük əsasında geyinirlər. Bu da Azərbaycanın dünyəvi dövlət olmasından irəli gəlir. Ölkənin təhsil sistemi dindən ayrıdır, bütün dinlər qanun qarşısında bərabərdir və hamısına da eyni şərait yaradılıb.

Bildiyimiz kimi, İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmiş və müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil etmişdir: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizlə tanış olasınız (kimliyinizi biləsiniz) deyə, sizi (ayrı-ayrı) xalqlar və qəbilələr etdik. Allah yanında ən hörmətli olanınız, Allahdan ən çox qorxanınızdır. (Pis əməllərdən ən çox çəkinəninizdir) Həqiqətən Allah (hər şeyi) biləndir. (hər şeydən) xəbərdardır." (Əl-Hücurat, ayə 13).

Quranı-Kərimin kəlamları Allahın yolu ilə getməyimiz üçün məşəldir...

Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. Heydər Əliyev hər zaman dindarlarla keçirdiyi görüşlərində deyirdi: “Quranı-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir.” Heydər Əliyev dinin, xüsusən də İslamın inkişafına çalışan şəxsiyyət idi. Onun dini-mənəvi dəyərlərə qayğısı bu gün də – yəni onun yoxluğunda da hiss olunmaqdadır.

Prezident İlham Əliyev bütün sahələrdə xalqın ümummilli liderinin siyasətini davam etdirdiyi kimi, dinlə bağlı problemlərin də həllinə bilavasitə yardımçı olur. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqların, pirlərin, ziyarətgahların əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar prezidentin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür.

Digər tərəfdən İlham Əliyev prezident kimi həm İran, həm də Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində müqəddəs yerləri səmimi qəlbdən, daxili duyğuların əhatəsində ziyarət edən çox nadir dövlət başçılarındandır. 

Orucluq zamanı Bütün Qafqazın Şeyxinin iqamətgahında düzənlənən tədbirlərdə iştirakı, Qurban bayramında xalqı təbrik etməsi və s. müxtəlif vaxtlarda məscidlərə gəlməsi ölkə ictimaiyyəti tərəfindən dərin hörmət və ehtiramla qarşılanır. Əlbəttə, bu onun dövlət başçısı kimi yüksək əxlaqi tərbiyəyə malik olmasından xəbər verir. Təsadüfi deyil ki, Həzrət Peyğəmbərimiz (s) buyurmuşdur: “Mən peyğəmbərliyə məbus oldum ki, əxlaqı insanlar üçün tamamlayam”. O, həzrət digər bir hədisdə isə buyurur: “Sizin içərinizdə ən yaxşı mömin və kamil şəxs odur ki, gözəl əxlaqa malik olmaqla yanaşı, ailəsinə qarşı da çox mehriban və səmimi olsun”.

Prezident İlham Əliyevin hər dəfə Təzəpir məscidinə gəlişi möminlərin sevincinə səbəb olur. Dövlət başçısı məscidə gəlib onun ərazisində aparılan təmir-tikinti işləri ilə tanış olması, əlavə tövsiyələr verməsi ruhanilərlə yanaşı, bütün imanlı insanların sevincinə səbəb olur. 

İranda bəziləri dini amildən istifadə edirlər...

Başqa dinlərdən fərqli olaraq İslam elm və bilik mənbəyidir. İslamda elmə zidd olan və onunla uzlaşmayan bütün pisliklər zaman-zaman təmizlənmiş və günümüzədək gəlib çatmışdır. Təəssüf ki, bu gün İranda bəziləri bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə edirlər. İran ayətullalarına da bəllidir ki, Sovet rejiminin dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrilmişdi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni erməni təcavüzü yaradırdı. Onların bu işi minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb oldu.

Azərbaycanla İranı tarixi bir keçmiş bağlayır. Amma o keçmişdə idi... Bu gün İranın öz, Azərbaycanın da öz maraqları var. Necə ki, vaxtaşırı İranda səfərdə olan erməni prezidenti Sarkisyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə görə möhtərəm müsəlman prezident Əhmədinejata təşəkkür edir?! Deməli, müsəlman həmrəyliyi qırılmaz olsaydı İran dindaşlarının qanını içən erməniyə “ləbbeyk” deməzdi. 

Bir il bundan əvvəl İran prezidenti Mahmud Əhmədinejad Azərbaycanda səfərdə oldu (noyabr, 2010). Azərbaycana qarşı münasibətlərini ifadə edərkən bunları dedi:  “Aramızdakı münasibətlər qardaşlıq münasibətləridir. Öz evimizdə, qardaşlarımızın yanındayıq... Biz iki dost və iki qardaş ölkəyik.” Bu ifadələr qarşısında nə yazacağımı bilmirəm, daha doğrusu söz tapa bilmirəm.

Heç olmasa İmam Xomeyniyə hörmət edin. Nədən ki, Xomeyninin ali məqsədi bütün İslam ümmətinin azadlığı və istiqlalına tez bir zamanda nail olmaq idi. İmam çıxışlarında deyirdi: “Ey məzlum kütlələr, İslam ölkələri və dünya müsəlmanları, ayağa qalxın, öz haqqınızı geri alın! Hegemon qüvvələrin, onların sadiq nökərlərinin təbliğat hay-küylərindən qorxmayın… Hamınız İslam bayrağı altında birləşin, İslamın, dünya məzlumlarının düşmənlərinə qarşı mübarizəyə qalxın! Azad və müstəqil dövlətlər yaratmaqla vahid İslam birliyinə doğru irəliləyin!..”

İndi biz müstəqil dövlət qurmuşuq, niyə işimizə qarışırsınız? Niyə Xomeyninin İslam dövlətləri ilə bağlı dediyi birlik və bərabərlik ideyalarına xəyanət edirsiniz. Əlbəttə, Xomeyninin hələ sağlığında buyurduğu kimi, Şərq özünü itirib, Şərq özünü tapmalıdır. Təbii ki, İmam fikirlərində haqlı idi. Təəssüf ki, Şərq özünü hələ də tapmayıb. Xüsusən də İran... Amma itirdiyi günlər bəllidir. Bunun səbəbi Şərqi idarə edən liderlərin Qərbə yarınmaları, yarımçıq ideoloji, siyasi iradə nümayiş etdirmələridirsə, İranın səbəbi isə dost və qardaş ölkə olan Azərbaycana qara yaxmaq, onun əbədi və əzəli düşməni olan erməniyə nəfəs verməyindədir. Nədən ki, İranın Azərbaycana qarşı münasibətində İslam, din qardaşlığı, əqidə birliyi yalnız sözdədir, əməldə yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər