Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycan 183 ölkə arasında 143-cü sıradadır. Modern.az xəbər verir ki, bununla bağlı “Azadlıq” radiosu Beynəlxalq Şəffaflıq Təşkilatı – Transparency İnternational-a istinadən məlumat yayıb. Dünyada korrupsiya ilə mübarizə sahəsəsində ixtisaslaşan ən nüfuzlu təşkilat olan Transparency İnternational dekabrın 1-də bu sahədə vəziyyətə dair illik hesabatını yayıb.
Yeni Zelandiya ən az korrupsiyalaşmış ölkə olub
183 ölkəni əhatə edən hesabatda korrupsiya sahəsində ən ən yaxşı vəziyyətdə olan dövlət kimi Yeni Zelandiya göstərilir. Ondan sonra siyahının yuxarısında ilk 10 yerdə Danimarka, Finlandiya, İsveç, Sinqapur, Norveç kimi ölkələr tutur.
Ən sonda isə Somali qərarlaşır. Siyahının axırında Türkmənistan, özbəkistan, Əfqanıstan, Şimali Koreya kimi ölkələr gəlir.
Azərbaycan Qafqazda liderliyini əldən vermir...
Qafqazda ən az korrupsiyalaşmış ölkə Gürcüstan göstərilir. Hesabatda onun yeri 64-cüdür. Ermənistan isə 129-cu sırada qərarlaşır.
Yəni, artıq bir neçə ildir ki, Transparency İnternationalın hesabatında Qafqazın ən korrupsiyalaşmış ölkəsi kimi Azərbaycan göstərilir. Azərbaycan özünün sərhəd qonşuları arasında korrupsiyanın səviyyəsinə görə yalnız Türkmənistanı qabaqlayır, Rusiya ilə eyni səviyyədədir. Amma Rusiya keçənilki 154-cü yerini 10 pillə yaxşılaşdıraraq 143-cü olub.
Keçən il 134-cü yerdə olan Azərbaycanda isə bu il 143-cü olub.
Azərbaycanın sərhəd qonşularında korrupsiya səviyyəsi Transparency İnternational-a görə son bir neçə ildə aşağıdakı kimi olub:
Ölkələr | 2011 | 2010 | 2009 | 2008 |
Türkiyə | 61 | 56 | 61 | 58 |
Gürcüstan | 64 | 68 | 66 | 67 |
Ermənistan | 129 | 123 | 120 | 109 |
Azərbaycan | 143 | 134 | 143 | 158 |
Rusiya | 143 | 154 | 146 | 147 |
Qazaxıstan | 120 | 105 | 120 | 145 |
İran | 120 | 146 | 168 | 141 |
Türkmənistan | 177 | 172 | 168 | 166 |