Modern.az

Sulutəpədə Neft Şirkətinin əməkdaşları ilə sakinlər arasında qanlı toqquşma - VİDEO

Sulutəpədə Neft Şirkətinin əməkdaşları ilə sakinlər arasında qanlı toqquşma - VİDEO

14 Dekabr 2011, 22:14

Dekabrın 14-də Binəqədi rayonu Sulutəpə yaşayış massivində sakinlərin evlərini sökməyə gələn Dövlət Neft Şirkətinin (ARDNŞ) hərbi geyimli təhlükəsizlik əməkdaşları ilə əhali arasında qarşıdurma baş verib. Hadisə zamanı orada olan jurnalist, “Ayna”-“Zerkalo” qəzetinin əməkdaşı  İdrak Abbasov Modern.az-a bildirib ki, ARDNŞ-nin xüsusi təyinatlı qüvvələri ağır texnika vasitəsilə bəzi fərdi yaşayış evlərini söküblər. Söküntü əsasən Sulutəpədə yerləşən 313 saylı orta məktəbin yaxınlığında həyata keçirilib.

Yerli əhalinin sözlərinə görə, onlara evlərinin söküləcəyi barədə hər hansı xəbərdarlıq edilməyib. Sadəcə hərbi geyimli, rezin dəyənəkli xüsusi təyinatlılar evlərin ya pəncərə, ya da qapılarını qıraraq içəri daxil olub. Sakinləri döyərək evdən çıxardıqdan sonra evləri əşyalarının üstünə uçurublar. ARDNŞ əməkdaşları xeyli yeni tikilən ev də söküblər.
Ərazidə söküntü işlərini aparan ARDNŞ nümayəndələri, “dövlət tədbirini həyata keçiririk” deməklə kifayətləniblər.
Eyni zamanda ərazidə çoxsaylı polis əməkdaşları da olub. Praktik olaraq polis əməkdaşları hadisələri kənardan müşahidə edib və ya ARDNŞ əməkdaşları ilə əhali arasında münaqişələrin qarşısını almağa cəhd ediblər.
Belə ki, evlərin sökülməsinə etiraz edən əhali ilə ARDNŞ xüsusi təyinatlıları arasında ayrı-ayrı məhəllələrdə toqquşmalar baş verib. Çoxsaylı yerli sakin ağır travma alıb, ARDNŞ əməkdaşları hadisə yerindən reportaj hazırlayan “Ayna”-“Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasova da fiziki təzyiq göstəriblər, onu ölümlə hədələyiblər və ağır ifadələrlə təhqir ediblər. ARDNŞ əməkdaşları jurnalistə məxsus avtomobili də əziblər.

“Azadlıq” radiosunun məlumatına görə, ARDNŞ Sulutəpədə söküntü işləri aparılması üçün yaşayış massivinə az qala əməlli-başlı ordu yeridibmiş Küçələr Neft Şirkətininin təhlükəsizlik xidmətinin əli dəyənəkli, hərbi geyimli əməkdaşları, həmçinin dəbilqəli, əli dəyənəkli-qalxanlı polislərlə doldurulub. Sakinlərsə evlərinin sökülməsinin qarşısını almaq üçün onlara daş atıb ərazidən uzaqlaşdırmağa çalışıblar.

Qeyd edək ki, bu ilin  əvvəlində Prezident İlham Əliyev keçirdiyi müşavirədə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı göstəriş verib.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər