Modern.az

Rəsul Quliyevin partiyası Müqavimət Hərəkatına qoşulma qərarı verdi (FOTOLAR)

Rəsul Quliyevin partiyası Müqavimət Hərəkatına qoşulma qərarı verdi (FOTOLAR)

18 Dekabr 2011, 20:39

Dekabrın 18-də eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) rayon təşkilatlarının sədrləri, partiya fəalları və gənclərin iştirakı ilə konfrans keçirib. Tədbirə ACP-nin 200-dən artıq üzvü qatılmaq istəsə də, KXCP-nin iclas zalı kiçik olduğundan onlarla adam çöldə qalıb.

Konfransın gündəliyinə 3 məsələ daxil edilib: ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi, Müqavimət Hərəkatının yaradılması və ACP-nin vəzifələri, cari məsələlər.

Birinci məsələ ilə bağlı partiyanın sədri Vaqif Mahmudov məruzə ilə çıxış edib, Azərbaycanda sosial-iqtisadi, siyasi vəziyyətin günü-gündən pisləşdiyini, bir qrup insanın sürətlə varlanması, xalqın sərvətləri hesabına böyük kapitallar toplaması fonunda milyonlarla azərbaycanlının ağır həyat keçirdiyini deyib. “İndiki ictimai-siyasi vəziyyət 5 il, 10 il əvvəlkindən fərqlənmir. Eləcə də 5 il, 10 il sonra da fərqlənməyəcək. Hazırkı iqtisadi sistem kapital toplanması uğrunda mübarizəyə girişə bənzəyir”.
İctimai vəziyyətdən danışarkən isə Vaqif Mahmudov bildirib ki, hazırda insanlar özlərini öz ölkələrindəki kimi hiss etmirlər: “Bu vəziyyəti dəyişmək lazımdır. Bunun yeganə yolu isə seçkilərdir. Azad və demokratik seçkilər yolu ilə bu dəyişikliyə nail olmaq olar”.

Ərəb ölkələrində baş verən inqilablara da toxunan partiya sədri qeyd edib ki, bu inqilablar özü ilə katakalizmlər də gətirə bilər: “İnqilabların nəticəsində hər şey gözlənildiyi kimi baş verməyə də bilər. Eyni zamanda bəzi fikirlər səslənir ki, bu inqilablar ərəb xalqlarının öz istəyi ilə deyil, Qərbin istəyi ilə baş verib. Düşünürəm ki, bu, ərəb xalqlarının öz istəyi ilə baş verib və Qərb, Avropa həmişə demokratik dəyişikliklərə dəstək verib”.

V.Mahmudov belə bir vəziyyətdə ACP-nin müşahidəçi mövqeyində qalmasının mümkünsüzlüyünü qeyd edib və partiya üzvlərini ruhdan düşməyərək aktiv siyasi mübarizəyə səsləyib. O, xatırladıb ki, ACP lideri Rəsul Quliyev avtoritar hakimiyyətə qarşı müqavimət hərəkatı ideyasını irəli sürüb və özünün qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini də elan edib. «Belə bir vəziyyətdə hər bir partiya üzvümüzün üzərinə böyük məsuliyyət düşür. Xalqın arasında aktiv iş aparmalıyıq».

Konfransda gözlənildiyi kimi, əsas müzakirə mövzusu Rəsul Quliyevin elan etdiyi Müqavimət Hərəkatı və ACP-nin bu hərəkatda yeri və rolu barəsində olub. Partiyanın Məclis sədri professor Dayandur Qəmbərli, sədr müavini Musa Qədimov, Göyçay təşkilatının sədri Maarif Sultanov, ağsaqqal üzvlərdən Aqtay Mirzəyev və başqaları bu mövzu ətrafında çıxışlar ediblər.   

Dayandur Qəmbərli çıxışında bildirib ki, Müqavimət Hərəkatı hər hansı zorakılığa çağırış deyil və hərəkat problemlərə qarşı yaradılıb: “Bu hərəkat zorakılıq, saxtakarlıq, rüşvət, korrupsiya və s. bu kimi çatışmazlıqlara qarşı müqavimət məqsədilə yaradılıb. Bu hərəkatda partiyalılıq yoxdur”.

Daha sonra partiya gənclərinin adından Gündüz Əhmədov çıxış edib və bildirib ki, hazırda kimin prezident olmasından daha çox demokratik mühitin yaranması önəmlidir: “Hazırda bizim üçün fərqi olmamalıdır ki, kim prezidentdir, önəmli olan demokratik mühitin formalaşmasıdır”.

Aqtay Mirzəyev isə Rəsul Quliyevi «Azərbaycan xalqının yeganə xilaskarı» adlandırıb və onun tərəfdarlarını aktiv mübarizəyə çağırıb.

Partiyanın sədr müavini Musa Qədimov çıxışında seçki prosesinə diqqəti çəkib və bildirib ki, ilbəil saxtakarlıq daha yeni forma alır: “Hər il seçkiləri saxtalaşdırmanın yeni üsullarını fikirləşirlər. Artıq insanların seçkiyə inamı azaldığından onlar seçkidə aktivlik göstərmir. Bu da seçkiləri saxtalaşdırmağı asanlaşdırır”.

Sonda partiyanın Müqavimət Hərəkatına qoşulması və onun təşkilində fəal iştirak etməsi haqqında yekdilliklə qərar qəbul olunub.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR