2011-ci il başa çatmaq üzrədir. Modern.az saytının araşdırmasına görə, geridə buraxdığımız bu il ərzində Azərbaycanda ictimai-siyasi xadimlər, sənət adamları müxtəlif orden və medallarla təltif olunublar. Siyahıya baxanda, təltif olunanlara əsasən ““Heydər Əliyev”, Şərəf”, “Şöhrət”, “Dostluq” ordenləri, “Tərəqqi” medalının verildiyini görmək olar.
Müstəqil Azərbaycanın orden və medalların təsis olunması haqqında 370 saylı qanunu 1992-ci ilin 10 noyabr tarixində imzalanıb. Ölkə qanunvericiliyinə görə, Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi "Heydər Əliyev" ordenidir. Əgər "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına və əcnəbilərə verilə bilərsə, ondan sonra ikinci yüksək təltif olan "İstiqlal" ordeni yalnız Azərbaycan vətəndaşlarına verilir.
“İstiqlal” milli-azadlıq hərəkatında müstəsna xidmətlərinə, dövlət və xalq qarşısında xüsusilə görkəmli xidmətlərinə, milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşlarına verilir.
Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Silahlı Qüvvələrimizin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər."Şah İsmayıl" ordeni Silahlı Qüvvələrin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə, görkəmli sərkərdəlik fəaliyyətinə. respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə verilir.
Ümumiyyətlə,Azərbaycan Respublikasının ordenləri statusuna görə aşağıdaki kimi sıralanır:
Heydər Əliyev ordeni;
İstiqlal ordeni;
Ali hərbi orden - Şah İsmayıl orden;
Azərbaycan Bayrağı ordeni;
Şərəf ordeni;
Dostluq ordeni;
Şöhrət ordeni;
Vətənə xidmətə görə ordeni.
Azərbaycan Respublikasının medalları isə statusuna görə aşağıdakı kimi sıralanır:
«Vətən uğrunda» medalı;
«İgidliyə görə» medalı;
«Tərəqqi» medalı;
«Hərbi xidmətlərə görə» medalı;
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı;
«Sərhəddə fərqlənməyə görə» medalı;
«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı;
«Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı;
«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)» yubiley medalı;
«Qüsursuz xidmətə görə» medalı;
«Dövlət qulluğunda fərqlənməyə görə» medalı;
«Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı;
«Polis veteranı» medalı;
«Azərbaycan Polisinin 90 illiyi» yubiley medalı.
Beləliklə,
Yanvar 2011
Prezident 2011-ci ilin yanvarında Yevlax rayonunun ictimai-siyasi həyatında xidmətləri olan bir şəxsi, mətbuatın inkişaflndakı xidmətlərinə görə, “Səs” qəzetinin bir qrup əməkdaşını “Tərəqqi” medalı ilə təltif edib.
Həmin ayda milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə, “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərov 3-cü dərəcəli “Vətənə xidmətə görə”,
milli mədəniyyətin inkişafındakı xidmətlərinə görə isə Eldar Quliyev “Şərəf” ordeni ilə təltif edilib.
Ağdaş rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Tərəqqi” medalı verilib.
Gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə görə Dövlət Gömrük Komitəsinin bir qurp əməkdaşına 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.
Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Gənclər və İdman Nazirliyinin bir qrup əməkdaşına da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.
Azərbaycanda mədəniyyət, turizm sahələrində xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin xeyli əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Tərəqqi” medalı verilib.
Elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) “Dostluq” ordeni ilə təltif edilib.
Fevral 2011-ci il
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə “Tərəqqi” medalı verib.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə xalq rəssamı Oqtay Sadıqzadə isə “Şərəf” ordeni ilə təltif edilib.
Dövlət başçısı Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin işçilərini “Şöhrət” ordeni və “Tərəqqi” medalı ilə təltif edib.
Mart 2011-ci il
Azərbaycanda elm, təhsil və səhiyyənin inkişafındakı xidmətlərinə görə xeyli adama “Tərəqqi” medalı verilib.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Çapay Sultanov “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycanda ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərdiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusuna
“Hərbi xidmətlərə görə” medalı verilib.
Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə general-leytenant Bəylər Eyyubov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlmiş əməliyyat tədbirlərinin həyata keçirilməsində, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Milli Təhlükəsizlik Nazirliyinin abir qrup əməkdaşına 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı, “Hərbi xidmətlərə görə” medalı verilib.
Xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə Dövlət Miqrasiya Xidmətinin xeyli əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Şöhrət” ordeni ilə təltif edilib.
Aprel 2011-ci il
Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rumıniya Prezidenti Trayan Besesku “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə yazıçı Nəriman Həsənzadə “Şərəf” ordeni ilə təltif edilib.
Azərbaycanla Rusiya arasında informasiya sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Vitali Nikitiç İqnatenko “Dostluq” ordeni ilə təltif edilib.
Azərbaycanda ictimai-siyasi həyatında fəal iştirakına görə deputat Arif Rəhimzadəyə “Şöhrət” ordeni verilib.
May 2011-ci il
Azərbaycanın iqtisadi inkişafındakı xidmətlərinə görə Məmməd Əhməd oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib
Səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə Hafiz Mir Cəlal oğlu Paşayevə isə “Şöhrət” ordeni verilib.
President həmin ayda Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə qazax yazıçısı Oljas Süleymenovu “Dostluq” ordeni ilə təltif edib.
Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə bir qrup şəxs “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları uilə təltif edilib.
İyun 2011-ci il
İyunda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə bir qrup şəxsə “Tərəqqi” medalı verilib.
Milli mədəniyyətin inkişafındakı xidmətlərinə görə opera müğənnisi Xuraman Qasımova “Şərəf” ordeni ilə təltif edilib.
Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə “Tərəqqi” medalı,
Uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərən xeyli adama isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.
Öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu da iyun ayında təltif edilib. Onlardan üç nəfərə -generallar Rövşən Əkbərov, Kərəm Mustafayev və Nizami Osmanova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni verilib.
18 hərbi qulluqçuya “Vətən uğrunda” medalı, 12 hərbu qulluqçuya “İgidliyə görə” medalı, 26 hərbi qulluqçuya isə “Hərbi xidmətlərə görə” medalı verilib.
Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxsə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.
İyul 2011
Cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunmasında xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan polisi günü münasibətilə Daxili İşlər Nazirliyinin 1 zabitinə (polis polkovniki, BŞBPİ-nin rəis müavini Səhlab Bağırov) “Azərbaycan bayrağı” ordeni, 2 zabitinə (polis general-mayoru Ərziman Əliyev və polis polkovniki Abdul Zərgərli) “Vətən uğrunda” medalı, 17 zabitinə isə “İgidliyə görə” medalı verilib.
Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü ilə əlaqədar, dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə xeyli şəxs “Tərəqqi” medalı ilə təltif edilib.
İyulda Prezident Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə xeyli adama “Dostluq” ordeni və “Tərəqqi” medalı verilib. “Tərəqqi” alanlar arasında ölkə başçısının qızı Leyla Əliyeva və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov da olub.
İctimai-siyasi həyatda fəal iştirakına görə deputat Rəbiyyət Aslanova “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycanda tibb sahəsində xidmətlərinə görə Rüfət Yaqubov “Tərəqqi” medalı ilə təltif edilib.
Milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə “iki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İyulda Prezident dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Kəmaləddin Heydərovu da “Şöhrət” ordeni ilə təltif edib.
Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Rəşid Cavanşirə “Şöhrət” ordeni verilib.
İctimai-siyasi həyatında fəal iştirakına görə deputat Eldar Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası ilə Rumıniya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Nikolae Ureke “Dostluq” ordeni ilə təltif edilib.
Avqust 2011-ci il
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Aslan Aslanov “Şöhrət” ordeni ilə təltif edilib.
Sentyabr 2011-ci il
Azərbaycanda su təsərrüfatının inkişafındakı xidmətlərinə görə xeyli adama “Tərəqqi” medalı verilib.
Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə görə Ədilə Namazova “Şərəf” ordeni ilə təltif edilib.
Teatr sənətinin inkişafındakı xidmətlərinə görə məşhur aktyor Yaşar Nuriyev “Şöhrət” ordeni ilə təltif edilib.
Prezident ictimai-siyasi həyatında fəal iştirakına görə deputat Elxan Süleymanovu da “Şöhrət” ordeni ilə təltif edibn.
Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə Mark Föyad Maykl Con Qudvey, Donaldson Roy Uilyam Vikers “Dostluq” ordeni ilə təltif edilib.
Azərbaycanda auditor xidmətinin inkişafındakı xidmətlərinə görə xeyli adama "Tərəqqi" medalı verilib.
İctimai-siyasi həyatında fəal iştirakına görə Yaşar Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin xeyli əməkdaşına “Şöhrət” ordeni və “Tərəqqi” medalı verilib.
Oktyabr 2011-ci il
Sabirabad rayonunun ictimai-siyasi həyatında xidmətləri olan bir qrup şəxsə “Tərəqqi” medalı verilib.
Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 56 təhsil işçinə “Tərəqqi” medalı, Təhsil Nazirliyinin şöbə müdirləri Aydın Əhmədov və Fərzəli Qədirova isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.
Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları” QSC-nin xeyli əməkdaşına “Şöhrət” ordeni və “Tərəqqi” medalı verilib.
Azərbaycanda energetikanın inkişafında xidmətlərinə eyni zamanda kənd təsərrüfatının inkişafında xidmətlərinə görə bir qrup şəxsə “Tərəqqi” medalı verilib.
Azərbaycanda ictimai-siyasi həyatında fəal iştirakına görə Mustafa Nəsirov “Şöhrət” ordeni ilə təltif edilib.
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Oqtay Şahbazov “Şöhrət” ordeni ilə təltif edilib.
Noyabr 2011-ci il
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə deputat Şəmsəddin Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.
Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Azərbaycan televiziyasının və radiosunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə “Tərəqqi” medalı, AzTV-nin rəhbəri Arif Alışanova və İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni verilib.
Azərbaycan Texniki Universitetinin əməkdaşlarına “Şöhrət” ordeni (rektor Havar Məmmədov) və “Tərəqqi” medalı verilib.
Hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində, cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə bir qrup məhkəmə işçisinə “Tərəqqi” medalı, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.
“Olimpiya dünyası” qəzetinin iki əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Məmmədbağır Əliyev “Dostluq” ordeni ilə təltif edilib.
Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə birr up şəxsə “Şöhrət” ordeni və “Tərəqqi” medalı verilib.
Dekabr 2011-ci il
Azərbaycanda müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxs “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Fövqəladə hallar zamanı əhalinin xilasetmə əməliyyatlarında xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin xeyli əməkdaşına 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.
Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında səmərəli fəaliyyətinə görə Kamil Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Adəm Qorxmaz