Modern.az

Avropa Birliyinin “Axilles dabanı”, yaxud “qoca qitə”nin institusional böhranı

Avropa Birliyinin “Axilles dabanı”, yaxud “qoca qitə”nin institusional böhranı

27 Dekabr 2011, 18:31

Avropa Birliyi (AB) vahid geostrateji məkanda kollektiv inkişafın formulu və ya modeli kimi çıxış edə bilməyəcək. Çünki qurum çərçivəsində siyasi və iqtisadi mexanizmlərin bir-birini istisna etməsi və çatışmazlığı sabit inkişafın qarşısını alan faktor qismində çıxış edir.

Artıq bir müddətdir ki, yerli və xarici mətbuatda dərin borc böhranının fonunda Avropa ölkələrini cənginə alan maliyyə kataklizmləri ciddi müzakirə və mübahisə predmeti kimi çıxış etməkdədir.
Dərin maliyyə böhranının “domino effekti” ilə “qoca qitə”nin aparıcı ölkələrinə sıçraması öz növbəsində ondan xəbər verdi ki, iqtisadi problem kimi təzahür edən kataklizmlər, əslində, Avropa Birliyinin (AB) institusional krizisi kimi səciyyələndirilməlidir.

AB-ni cənginə alan maliyyə kataklizmlərinin və institusional böhranın fonunda təzahür olunan olayların mahiyyətini aşkar etmək üçün bir-birilə sistematik surətdə bağlanan bir neçə məsələyə toxunmaq məqsədəmüvafiqdir.

“Domino effekti” sindromu...

Qeyd etdiyimiz kimi, Avropanı əhatə edən alan maliyyə kataklizmləri özü ilə birlikdə bir sıra problemlərə yol açmaqdadır. Bundan öncə Avropada Yunanistanla başlayan iqtisadi problemlərin “domino effekti” ilə yayılaraq “qoca qitə”nin nəhəng aktorlarını da əhatə etməsi avrozaonanı olduqca mürəkkəb problemlərlə üzləşdirib. Belə ki, İtaliya və İspaniyanın da maliyyə kataklizmləri ilə qarşı-qarşıya qalması və daha mürəkkəb problemlərlə üzləşməsi avrozonada iqtisadi və siyasi təhlükəsizlik sisteminin əsaslarını müəyyən qədər sarsıdıb. Dünyanın nüfuzlu analitik mərkəzlərinin, demək olar ki, hamısı bu qənaətdədirlər ki, mövcud situasiyanın fonunda Yunanistan, İrlandiya və Portuqaliya iqtisadiyyatlarını mürəkkəb durumdan  xilas etmək mümkün olsa da, bunu mütləq mənada İtaliya və İspaniyaya aid etmək çox çətindir. Doğrudur, bəhs olunan ölkələrdə hökumət tərəfindən ciddi institusional tədbirlər görülür, amma hələlik bu islahatlar öz effektini mütləq mənada verməyib. Və ən əsası, maliyyə kataklizmlərinə yol açan problemlərin kökü hələ də qalmaqdadır. Odur ki, ekspertlərin qənaətincə, Avropanı maliyyə kataklizmləri və iqtisadi problemlərin növbəti dalğası cənginə ala bilər.

Eyni zamanda, ABŞ iqtisadiyyatında da struktur problemlərinin baş verməsi qlobal miqyasda müəyyən bədbin proqnozların səsləndirilməsini şərtləndirib. Məlum olduğu kimi, 2008-ci ildə dünyanı bürüyən qlobal maliyyə problemi ABŞ iqtisadiyyatından qaynaqlanmışdı. Odur ki, hazırki mərhələdə ABŞ iqtisadiyyatında müşahidə edilən struktur problemləri bu ölkə çərçivəsindən çıxaraq daha geniş əraziləri əhatə edə bilər.

Bundan öncə avrozonanın bütövlüyünü qoruyub saxlamaq məqsədilə müəyyən maliyyə ayırmaları və kredit borclarının verilməsi variantlarına istinad edilmişdi. Amma Yunanistan təcrübəsi bunu göstərdi ki, istinad edilən variant nəinki uğurlu deyil, hətta sonradan əlavə problemlərə yol açmaq potensialındadır. Bundan başqa, dövlət xərclərinin azaldılması variantı da Avropa nümunəsində öz aktuallığını qoruyub saxlamaqdadır. Amma ekspertlər bildirirlər ki, bütün bu tədbirlər yetərli deyil. Odur ki, xilasetmə mexanizmləri təkmilləşdirilməli və təcili surətdə təxirəsalınmaz tədbirlərlə istinad edilməlidir. Əks təqdirdə, Avropa yeni “domino effekti” sindromu ilə üz-üzə qala bilər.

Avrozonada institusional kataklizmlər...

Əslində, bu gün Avropada cərəyan edən destruktiv olayların kökü, səbəbləri və əsasları daha dərinlərə gedib, çıxır. Bunlar bəhs edilən geostrateji məkanda təzahür edən institusional kataklizmlərin aşkar təcəssümüdür. Belə ki, Avropa Birliyi özünün iqtisadi və siyasi mexanizmləri ilə bütöv bir geostrateji vahid kimi səciyyələndirilsə də, birlik çərçivəsində institusional və struktur səviyyədə ciddi mexanizm defisiti (çatışmazlığı) müşahidə olunmaqdadır.

Son olaraq Yunanıstanda baş verən və “domino effekti” ilə digər bölgə ölkələrinə də yayılan borc böhranının fonunda ortaya çıxan durum bir daha bunu aşkar etdi ki, AB-nin iqtisadi əsasları möhkəm deyil və mövcud siyasi mexanizm defisitləri iqtisadi əsasların möhkəmlənməsinin qarşısını alır. Bundan əvvəl də bildirmişdik ki, AB vahid geostrateji məkanda kollektiv inkişafın formulu və ya modeli kimi çıxış edə bilməyəcək, çünki Birlik çərçivəsində siyasi və iqtisadi mexanizmlərin bir-birini istisna etməsi və çatışmazlığı sabit inkişafın qarşısını alan faktor qismindədir.

Sadalananların fonunda qeyd edə bilərik ki, milli dövlətlərin müstəqil inkişafını təmin edən vahid inkişaf strategiyasının reallaşdırılmaması AB çərçivəsində ciddi institusional kataklizmləri şərtləndirən amil kimi çıxış edir. Çünki təcrübi gerçəkliklərlə təsbit edilmiş qanunauyğunluqdur ki, hər bir milli dövlətin inkişafını təmin edəcək fundamental mexanizm müstəqil surətdə həyata keçirilən iqtisadi siyasətdir. Aİ çərçivəsində isə milli dövlətlərin vahid mexanizm əsasında təkbaşına müstəqil iqtisadi siyasət yeridə və siyasi mexanizmlərlə buna dəstək verə bilməmələri bəhs edilən böhran meyillərinin əsasında dayanır.

Bütün bunların nəticəsidir ki, Avropa bu gün iqisadi və siyasi problemlərlə təzahür olunan institusional böhran yaşayır. Sadalananları nəzərə alaraq belə bir proqnoz verə bilərik ki, Avropa məhz bu cür siyasi və iqtisadi mexanizmlərin fonunda belə böhranları davamlı surətdə yaşayacaqdır.

Avrosentrist - anqlo-sakson mübarizəsi yeni keyfiyyətdə, ənənəvi formada...

Avrozonada baş verən maliyyə kataklizmlərinin fonunda dövlətlərin istinad etdiyi tədbirlər və atdığı addımlara nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, bu gün də dünya siyasətinə ciddi surətdə təsir edən Avrosentrist - anqlo-sakson qarşıdurması yeni keyfiyyətdə, ənənəvi formada davam edir...

Məlum olduğu kimi, anqlo-sakson ittifaqı (buraya ABŞ və Böyük Britaniya daxildir-N.Q.) ilə Avrosentristər (Fransa, Almaniya və İtaliya) arasında beynəlxalq münasibətlər tarixinin bir çox mərhələlərində ciddi strateji rəqabət meyilləri mövcud olub. Hər iki qütb arasında daim geostrateji resurslara sahib olmaq və geosiyasi dividedlər əldə etmək uğrunda ciddi mübarizə gedib. Birinci dünya müharibəsinə qədərki dövrdə pik nöqtəyə qalxan bu mübarizə birinci və ikinci dünya müharibəsinin arasındakı tarixdə öz formasını müəyyən qədər dəyişib. II Dünya müharibəsindən sonra isə anqlo-saksonlar geostrateji mənada ciddi üstünlüklər əldə ediblər və hegemon birliyə çevriliblər. Ancaq SSRİ-nin fiaskoya uğraması ilə formalaşan yeni dünya düzəninin fonunda Avrosentristlər də müəyyən dividendlər əldə edərək əhəmiyyətli geostrateji resurslara sahib olublar. Amma bununla yanaşı, hələ də anqlo-sakson hegemoniyası öz mövcudluğunu qoruyub saxlamaqdadır. Eyni zamanda, mövcud mübarizə meyilləri müxtəlif forma və səviyyələrdə özünü göstərməkdədir.

Son olaraq avrozonada baş verən maliyyə katakizmlərinin fonunda Avrosentrist - anqlo-sakson qarşıdurması və rəqabəti aşkar formada təzahür olunub. Belə ki, Avrosnetristlərin siyasi və iqtisadi lokomotivi olan Fransa və Almaniya müxtəlif tədbirlər paketi irəli sürməklə həm avrozonanı böhrandan xilas etmək, həm də təmsil etdikləri qütbün mühüm geostrateji dividendlər əldə etməsinə nail olmağa çalışıblar. Buna qarşı olaraq anqlo-sakson cəbhəsinin də müəyyən addımlar atacağını gözləmək olar. Hər halda, perspektivdə bunun şahidi olacağıq...

Nəticə, yaxud son söz əvəzi...

Beləliklə sadalananların fonunda belə bir nəticəyə gəlmək olur: Avropa ölkələrini cənginə alan dərin borc böhranı və maliyyə kataklizmlərinin fonunda baş verənlər avrozona ilə bağlı olan bəzi məqam və gerçəklikləri real surətdə bir daha aşkarladı. Başqa sözlə, Yunanistanın timsalında start alan böhranın “domino effekti” ilə “qoca qitə”nin aparıcı ölkələrinə də yayılması öz növbəsində bütöv bir geosiyasi vahidin-Avropanın iqtisadi və siyasi təhlükəsizlik strukturunun mahiyyətini və durumunu növbəti dəfə aşkar etdi.

II Dünya müharibəsindən sonra bütöv bir geosiyasi məkanda təhlükəsizlik, bütövlük və inkişafın təmin olunması naminə yaradılan AB-yə hələ o zaman mövcud dünya dünya düzəninin və perspektivin ən effektiv institusional aktoru kimi yanaşılırdı. Ümid edilirdi ki, modern idarəetmə sisteminə və əhəmiyyətli potensiala malik olan milli dövlətləri özündə birləşdirən Birlik dünya siyasətinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək.  Həmçinin iddia edilirdi ki, AB-nin formalaşdırılması ilə Avropa ənənəvi hegemoniya mərkəzinə çevriləcək və növbəti dünya düzəni avrosentrist (avropamərkəzli) olacaq. Hətta bu istiqamətdə müəyyən nəzəriyyələr və konsepsiyalar da meydana gətirildi. Avropa Birləşmiş Ştatları ideyasının fonunda “mərkəzyönümlü”, “inteqrativ” nəzəriyyələr yaradıldı ki, bütün bunlar da Avropanın geosiyasi hegemoniyasının ideoloji əsaslarının formalaşdırılmasına xidmət edirdi... Amma hesablar reallığa çevrilmədi, ən azından, uyğun gəlmədi...

O zamandan bu günə qədərki ərəfədə dünya siyasətində və bəhs edilən geosiyasi məkanda baş verənlər göstərdi ki, AB nəinki dünya siyasətində hegemon güc mərkəzinə çevrilə bilmədi, hətta öz daxilində mürəkkəb ziddiyyətlər mənbəyi oldu. Doğrudur, AB-yə üzv dövlətlər arasında praqmatik iqtisadi münasibətlər sistemi formalaşdırıldı, amma siyasi mexanizm defisiti (çatışmazlığı) Avropa ölkələrinin Birlik halında inkişafına mane oldu.

Bu gün bəhs edilən geosiyasi məkanda baş verənlər isə AB-nin siyasi və iqtisadi bütövlüyü məsələsini, region dövlətlərinin vahid strukturda inkişafını inkar etmiş oldu. Təbiri caizsə, məqsəd və vəzifələrə müvafiq real icra mexanizmləri formalaşdırıla bilmədi və AB millətüstü funksional aktor statusunu daşıya bilmədi. Son olaraq  sözügedən geosiyasi məkanda baş verən maliyyə kataklizmləri hər nə qədər sırf iqtisadi problem kimi səciyyələndirilsə də, məhz bir o qədər siyasi baxımdan AB-nin institusional böhranı kimi dəyərləndirilməlidir.

Qeyd etdiyim kimi, böhranın fonunda  ortaya çıxanlar aşkar etdi ki, Avropa Birliyi özünün iqtisadi strukturu və mexanizmləri ilə bütöv bir geostrateji vahid kimi səciyyələndirilsə də, Birlik çərçivəsində institusional və struktur səviyyədə ciddi siyasi mexanizm defisiti mövcuddur. Bunu göstərən sadə nümunə isə böhranın ortaya çıxması ərəfəsində və ona qarşı mübarizə çərçivəsində Birliyin aparıcı ölkələrinin fərqli və korporativ mövqe sərgiləməsidir. Böhrana qarşı ümumi olaraq müxtəlif xarakterli tədbirlər görülsə də (maliyyə ayırmalarının həyata keçirilməsi, xərclərin azaldılması və s.), siyasi vahidliyin və həmrəylinin təmin olunmaması avrozonanı ənənəvi surətdə mürəkkəb durumla qarşı-qarşıya qoydu. Bu, Avropa ölkələrinin Birlik çərçivəsində siyasi təhlükəsizlik sisteminin “kağız üzərində” olmasına dəlalət etdi...

Nəticə etibarilə, bütöv bir iqtisadi vahid kimi səciyyələndirilən AB gözlənilərin əksinə olaraq siyasi birlik simvoluna çevrilə bilmədi. Sözügedən geosiyasi məkanda praqmatik iqtisadi münasibətlər sistemi formalaşdırılsa da, siyasi vahidlik və bütövlüyə nail olunmadı. Beləliklə, siyasi uzlaşma, həmrəylik və bütövlüyün təmin oluna bilməməsinin fonunda ortaya çıxan institusional böhran Avropanın “Axilles dabanı”nı təşkil edir.

Nurlan Qələndərli

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər