Modern.az

Diaspor təşkilatlarımızın, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən razısınızmı..?

Diaspor təşkilatlarımızın, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən razısınızmı..?

10 Yanvar 2012, 11:10

Bir millət, bir dövlət haqqında dünya çapında rəy formalaşdırmaqda o millətin ayrı-ayrı ölkələrdəki diaspor təşkilatların üzərinə böyük vəzifə düşür. Bu mənada Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini məqbul hesab etmək olarmı? Diasporla İş üzrə Dövlət Komitəsi bu yöndə hansı işlər görür?
Bu barədə Modern.az saytına millət vəkilləri Fazil Mustafa və Zahid Oruc danışıb. 

Fazil Mustafa Azərbaycanın ayrı-ayrı ölkələrdə diaspor fəaliyyətinin normal səviyyədə olduğunu və hazırkı şərtlərlə dövlət xətti ilə müəyyən proseslərin tənzimlənməsinin bir o qədər də asan məsələ olmadığını bildirib. Ancaq bununla belə o qeyd edir ki,  xaricdəki cəmiyyətlərimizin böyük əksəriyyəti aktiv fəaliyyətə meylli deyil. Belə bir vəziyyətdə dövlətin də birbaşa görünən tərəf olaraq bu proseslərdə aktiv rol alması çətin prosesdir. “Bəzən qınayırlar ki, niyə Diasporla İş üzrə Dövlət Komitəsi və başqa qurumlar bu işdə daha ciddi çalışmırlar. Amma əslində xeyli işlər görüldüyü göz qabağındadır. Bu, xaricdəki cəmiyyətlərin fəallığından da asılı olduğuna görə dövlətin rolunu qabarıq göstərmək məqsədəuyğun deyil”.

F.Mustafa düşünür ki, bu baxımdan cəmiyyətlərin daha böyük səfərbər olma imkanları var, ancaq bunu etmirlər. Deputat qeyd edib ki, digər tərəfdən dövlətin diaspor fəaliyyətinə yanaşma tərzinin dəyişməsinə ehtiyac var: “Bu ondan ibarətdir ki, hansısa diaspor təşkilatının xaricdə saxlanmasından daha çox konkret şəxslərin həmin ölkələrdə müxtəlif qurumlarda - bələdiyələrdə, qanunverici orqanlarda təmsil olunmasına dəstək verilməsi üçün addımlar atılması vacibdir. Bunlar olmadıqda 100 nəfər çıxıb mitinq etsə və ya 200 nəfər etiraz bəyanatı göndərsə də, məsələ yekunlaşmır. Bunun böyük təsir gücünə malik olmadığı düşüncəsindəyəm. Elektron informasiya vasitləri ilə, həmin dövlətlərin ərazisində olan yerli və dövlət qurumlarında iştirak vasitəsilə daha böyük işlər görmək mümkündür”.

Diasporla İş üzrə Dövlət Komitəsinin ayrı-ayrı ölkələrdə diaspor fəaliyyətinin genişlənməsində üzərinə düşən işi yerinə yetirib-yetirməməsinə gəlincə, F.Mustafa qeyd edib ki, bu uzun müddətli fəaliyyət olduğundan hər şeyin dərhal üzə çıxması çətin məsələdir: “Ona görə də burada hesablama aparmaq çətindir. Diasporla İş üzrə Dövlət Komitəsinin işinin çətinliklərindən biri dövlətin görünən tərəf kimi ortaya çıxmasına rəvac verməməkdir. Passiv cəmiyyətlərimiz varsa, siyasətə qarışmaq istəməyən, ictimi fəallıq göstərməyən vətəndaşlarımız çoxdusa, bunun bir komitə vasitəsilə hərəkətə gətirilməsi olduqca çətindir. Bu baxımdan kifayət qədər işlər görüldüyünü etiraf etmək lazımdır”.

F.Mustafanın sözlərinə görə, Azərbaycan diasporunun fəaliyyətini cətinləşdirən əsas element bu diasporun təbitəcə erməni diasporundan fərqlənməsidir: “Belə ki, erməni diasporu daha çox tələfat, Azərbaycan diasporu isə əmək diasporudur. Bu baxımdan bu iki diasporun problemləri və proseslərə yanaşma tərzləri də fərqlidir. Türk diasporlarının da vəziyyəti bizimlə oxşardır. Müəyyən sosial problemlərə görə ölkəni tərk edən insanları hansısa bir ideya ətrafında toplamaq çətin olur. Amma erməniləri yalandan tələfata məruz qalmış toplum adı altında bir araya gətirmək daha asan olur”.

F.Mustafa qeyd edib ki, buna görə də Azərbaycan diasporu təbiətinə görə çalışmalıdır və xarici ölkələrdə olan diasporların fəliyyətini situmullaşdırmağın daha fərqli yolları tapılmalıdır: “Hər halda mən diasporumuzun güclü olmadığı qənaətindəyəm. Amma heç zəif olduğu düşüncəsində də deyiləm. Son 10 ildə diasporumuzda bir dircəliş müşahidə olunur”.

Millət vəkili Zahid Oruc bildirib ki, diaspor fəaliyyəti xüsusi olaraq XXI əsrin fenomeni kimi Azərbaycanın həyatına daxil olub:
“Çünki bundan əvvəlki dövrlərdə müstəqilliyin başqa hədəfləri və qayğıları mövcud idi. Ölkədə daxili həyatın quruculuğu əsas prioritet təşkil etdiyindən Azərbaycanın xarici aləmə çıxışı və bu sırada hər bir soydaşımızın gücündən faydalanmaq məsələsi arzu olunan olsa da,  bunun təşkili böyük məsrəf, plan tələb etdiyinə görə bu, baş tutmurdu. Düşünürəm ki, bununla bağlı müvafiq dövlət qurumunun yaradılması Azərbaycana imkan verdi ki, beynəlxalq miqyasda Azərbacanın maraqlarının reallaşdırılması istiqamətində addımlar atılsdın”.

Z.Oruc deyib ki, Azərbaycan diasporunun fəaliyəti bəzi parametrlər üzrə geri olduğu nəzərə çarpa bilər: “Məsələn, dünyada mövcud olan iri lobbi və diaspor mərkəzləri kimi azərbaycanılılar yaşadıqları ölkələrin ictimasi-siyasi həyatlarında nə qədər aktivdirlər, necə nəfəri parlament üzvi seçilib, nə qədər nümayəndə həmin dövlətləin idarəciliyində rol alıb, bu cəhətdən ola bilsin ki, hansısa parametrlər üzrə geri olduğumuz görünə bilər. Amma bir daha xüsusi vurğulayaq ki, həmin ölkələrin və xalqların diaspor fəlaiyyətinin 100 illərlə yaşı var”.

"Bundan daha realist təhlillər apararaq nikbin bir əhval-ruhiyyədə çox mühüm istiqamətlər seçmişik. Bu da ondan ibarətdir ki, birinci növbədə Azərbaycanın vahid bir vətən kimi götürərək, onun içərisində fərqli əqidələri, siyasi dünya görüşlərini bir kənara buraxaraq, Azərbaycanın dövləti məqsədlərində eyni addımlar atmaq, harada yaşamasından asılı olmayaraq bu əqidəyə xidmət etmək getdikcə hər bir azərbaycanlının həyat mənasına, egidasına çevrilir. Bu, çox mühum bir məsələdir, dilini unutmamaq, mədəniyyətinin daşıyıcısı olmaq, Azərbaycanı təqdim etmək, fərdi vətəndaş halında və ya Azərbaycan adına mənsubluğu ilə ən müxtəlif sahələrdə Azərbaycan adına faydalar gətirmək. Mənə elə gəlir ki, hazırkı dönəmdə diaspora fəliyyətimizin əsas kursunu bu leytmotiv təşkil edir”-deyə Z.Oruc bildirib.

Z.Oruc düşünür ki, bəzən birləşmək hansısa məsələlərə zərbə vura bilər: “Fərqli yaradıcı keyfiyyətli, intelektual imkanları olan insanları bəzən vahid təşkilat adında da eyni bir masaya gətirmək mümkün olmur. Bu halda isə hər kəs bir diaspordur. Mənim aləmimdə bizim lobbi fəaliyyətimizin əsas devizlərindən biri də “hər bir azərbaycanlı bir mərkəzdir, lobbiidir” fikridir.

Avropa ölkələrinin çoxunda, o cümlədən keçmiş MDB məkanında azərbaycanlılar çox aktiv bir fəaliyyət aparmaqdadırlar. İllərlə çəkilmiş əziyyət öz bəhrəsini verib. Düşünürəm ki, istər Heydər Əliyev, istərsə də cənab Prezident diasporların gücündən geniş şəkildə faydalanmaq yönündə addımlar atıblar. Bu, keçirilən qurultaylar, dövlətin bilavasitə verdiyi dəstək, səfirliklərlə diasporların harmonik işləməsi, paralel şəkildə ayrı-ayrı sferalarda proqram, siyasi hədəfləri göstərməklə  nümayiş olunur. Bu sırada Türkiyə və Azərbaycan diasporlarının Bakıda qurultaylarının keçirilməsi və eyni zamanda türk adına bağlı beynəlxalq aləmdə mövcud olan dərnəklərin, mərkəzlərin bir araya gəlməsi sübut edir ki, xeyli işlər görülüb”.

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir