“Azərbaycanda ötən il 17 zəlzələ baş verib, 2012-ci ildə güclü zəlzələ ehtimalı yoxdur”
2011-ci ildə Azərbaycan ərazisində 17 zəif hiss olunan yeraltı təkanlar qeydə alınıb. Bu barədə Modern.az saytına Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib.
Onun sözlərinə görə, ötən il ən təsirli yeraltlı təkan Qəbələ rayonundan 30 kilometr aralıda 4 bal gücundə olub: “İkinci zəlzələ isə İran İslam Respublikası ilə Lənkəran sərhədində (4 bal gücündə) qeydə alınıb. Qalan yeraltı təkanlar isə 3-3,5 bal gücündə olub”.
Qurban Yetirmişli bu il üçün seysmik durumun hələ ki normal olduğunu bildirir: “Xırda hiss olunmayan təkanlar qeydə alınır. Amma ciddi narahatlığa əsas yoxdur”
Mərkəz rəhbərinin sözlərinə görə, ölkə ərazisində ən çox zəlzələlər Şamaxı-İsmayıllı seysmoloji zonasında qeydə alınır: “Söhbət zəif yeraltı təkanlardan gedir. Hiss olunan, nisbətən güclü olan yeraltı təkanlar baş verəndə biz onu mətbuat vasitəsi ilə hamıya yayırıq”.
Baş direktor Abşeron yarımadasında, ümumiyyətlə, zəlzələ proqnozlaşdırılmadığını bildirib: “Çünki bu ərazilərdə zəlzələ ocağı yoxdur. Xəzər dənizinin Azərbaycan hissəsində baş verən tək-tük yeraltı təkanlar isə heç vaxt Bakıda hiss olunmayıb və indi də belədir”.
Q.Yetirmişli deyib ki, yerin daxilində həmişə dinamik proseslər getsə də, bunun qorxulu fəsadları gözlənilmir.
Mail Ağaxanov