2007-2011-ci illər ərzində gömrük orqanları tərəfindən kitablar, xalçalar, tüfənglər, xəncərlər, qılınclar, çoxsaylı fiqurlar, musiqi aləti, qamçılar, samovarlar, pul sikkələri və digər əşyalardan ibarət 490 ədəd mədəni sərvətin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı bildirib.
“İndiyədək gömrük orqanları tərəfindən müsadirə edilən yüzlərlə qədim əlyazma kitablar, ikonalar və digər mədəni sərvətlər aidiyyəti üzrə Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Məhəmməd Füzuli adına Əlyazmalar institutlarına, İncəsənət Muzeyinə, Naxçıvan Dövlət Xalçaçılıq Muzeyinə, Qafqaz Müsəlmanları İdarəsinə, Təzə Pir məscidinə, Bakıdakı Rus Pravoslav Kilsəsinə, Müqəddəs Jen-Mironosets kilsəsinə, Roma Katolik kilsəsinin Azərbaycandakı nümayəndəliyinə və digər təşkilatlara əvəzsiz olaraq verilib”.
G.Muradlı bildirib ki, Rusiya prezidenti Dmitri Medvedevin ötən il respublikamıza səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ona təqdim olunan 5 qədim ikona da Azərbaycan gömrükçüləri tərəfindən qaçaqmalçılardan götürülüb.
Bu incəsənət əşyalarının bir qismi 2006-cı ildə yaradılmış Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyi və onun bölməsində qiymətli eksponat kimi qorunur.
Modern.az