Bu ifadəni işlətmək nə qədər yerinə düşür…?
Öz milli adət-ənənələri, mədəniyyəti, tarixi ilə seçilən Azərbaycan xalqı dilində işlətdiyi müəyyən ifadələrlə də dünya xalqlarından fərqlənir. Dünyanın hansısa ölkəsində kişi və ya qadın öz həyat yoldaşı, uşaqları, ailəsi haqqında danışarkən, onların adlarını çəkərkən, təqdim edərkən heç bir utancaqlıq hissi keçirmir.
Bizdə isə əksinədir. Azərbaycanlılar hər hansı məclisdə və ya özündən böyüklərin yanında ailə-uşağından danışarkən, onların adını hallandırarkən öncə “üzr istəyirəm” deyib, sonra sözünü davam etdirir: “üzr istəyirəm, yoldaşım…”…
Hər kəs ailə qurur və bu periodu yaşayır, burada doğurdan da utanılası bir şey var, yoxsa bizim dilimizdə artıq formalaşmış bu ifadə düzgün deyil?
Milli Məclisin Mədəniyyət komitəsinin üzvi, millət vəkili Jalə Əliyevanın sözlərinə görə, bu cür danışıq və ya təqdimat Azərbaycan xalqının hər zaman böyüyə hörmətindən irəli gələn məsələdir. Müsahibimiz deyir ki, azərbaycanlılar bu cür təqdimatla ailənin məhrəm olduğunu, çox geniş kütləyə açıq olmadığını ifadə edir: “Əgər ailəni ətraf təsirlərdən qorumaq, müqəddəs bilmək baxımından bu məsələyə yanaşsaq, burada elə də qeyri-adi bir şey yoxdur. Kimsənin öz ailəsi və yoldaşının adını çəkərkən üzr istəməsi daha çox məclislərdə, yaşlıların olduğu yerlərdə baş verir. Bu da sırf ənənəvi milli xüsusiyyətdir, qeyri-normal bir şey görmürəm”.
Azərbaycan xalqının hər zaman öz ailəsinə xüsusi yanaşdığını deyən Jalə Əliyeva qeyd edib ki, bu ifadə populyar olsa da, cəmiyyətin heç də bütün təbəqələrində işlədilmir: ““Üzr istəyirəm, yoldaşım, ailəm, uşağım…” ifadəsi daha çox rayon, kənd yerlərində işlədilir. Şəhərləşmiş ailələrdə bu ifadə o qədər də işlənilmir. Utanılmadan böyüklərin yanında ailə, həyat yoldaşı, ailənin adları çəkilir. Bu da şəxsi düşüncədən irəli gələn məsələdir. Ancaq birmənalı olaraq bütün Azərbaycan öz ailəsi haqqında danışarkən “üzr istəyirəm, yoldaşım” istifadəsi işlətmir.
Ümumiyyətlə, bu o qədər də üzərində dayanılası məsələ deyil. Bizi daha çox başqa şeylər, məsələn, sözümüzün əvvəli və axırında rus kəlmələri, xarici terminlər işlətməmiz, dilimizi bərbad günə qoymağımız narahat etməlidir”.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru İlham Tahirov bildirib ki, bu, daha çox milli mentalitetdən irəli gələn məsələdir: “Burada üzr istəmək başqa yerlərdə ailənin və uşağın adının daha yumşaq formada istifadə edilməsidir. Xalqımıza xas olan bu ifadə öz kökünü buradan götürüb”.
Dilçilik İnstitunun direktor müavini, filologiya elmləri doktoru Məsud Mahmudov hesab edir ki, Azərbaycanın insanı bununla özündən böyüyün, özündən yaşlı olanların yanında etika qaydalarını qoruyur, pərdə saxlayır: “Məsələn, atasının, anasının yanında yoldaşının adını çəkmir, çağırmır, uşaqlarını təqdim edərkən “üzr istəyirəm, qızımdır və ya oğlumdur” ifadəsini işlədir. Bu, xalqın istifadə etdiyi və formalaşdırdığı, mentalitetdən irəli gələn ifadədir, biz buna qadağa qoya bilmərik. Şəhərlərdən fərqli olaraq bu daha çox rayonlarda işlədilir. Elə Bakıda da bəzən istifadə olunur, səbəbi də burada da rayonlardan işləmək üçün gələnlərin olmasıdır. Hazırda dilimizdə var və yəqinki bundan sonra da olacaq”.
Aytən ƏLİYEVA