İyirimi ildən artıqdır ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu müddət ərzində Azərbaycan vətəndaşları olan və işğal ərazisində yaşayan ermənilər xaricə gedərkən qondarma “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşı pasportundan istifadə edə bilmirlər. Çünki Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti separatçı rejimi tanımayıb. Belədə Dağlıq Qarabağ erməniləri dünyanın ayrı-ayrı yerlərinə Ermənistanın onlara verdiyi sənədlə gedirlər.
Bu isə Beynəlxalq hüquq normalarına ziddir. Azərbaycan bununla bağlı beynəlxalq hüquq müstəvisində hansı addımları ata bilər?
Məsələylə bağlı hüquqşünas, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü Fazil Mustafa bildirib ki, bununla əlaqədar Azərbaycan tərəfi ciddi şəkildə müxtəlif ölkələrin gömrük, viza xidmətləri və Xarici İşlər nazirliklərinə müraciət edə bilər.
“Bununla Dağlıq Qarabağda yaşayan və xaricə çıxan vətəndaşların kimliyini öyrənmək olar. O zaman iddia oluna bilər ki, Azərbaycan vətəndaşı olduğu halda bunlar qanunsuz olaraq Ermənistan pasportu ilə hərəkət edirlər”.
F.Mustafa deyir ki, bu məsələni birinci Azərbaycanın Xarici İşlər Nazirliyi digər ölkələrin Xarici İşlər nazirlikləri səviyyəsində qaldıra bilər ki, Dağlıq qarabağ erməniləri etibarsız sənədlərlə hərəkət edirlər.
“Hər halda bu yolla aparılan təbliğat və maneəçilik nöqteyi-nəzərindən müəyyən nəticə əldə etmək mümkündür”.
Modern.az