Modern.az

Anadolu və Cənubi Qafqaz: köçürülmə, terror və qırğınlardan işğala...

Anadolu və Cənubi Qafqaz: köçürülmə, terror və qırğınlardan işğala...

16 Fevral 2012, 15:21

Musa Qasımlı
Prof.Dr., millət vəkili

Bu gün bəzi Avropa ölkələrində və  ABŞ-da erməni saxtakarlıqları əsasında yaradılan uydurma iddialara inananlar vardır. Ancaq həqiqət nədən ibarətdir. Bu barədə tarixi mənbələr nə deyir?

ABŞ-ın İstanbuldakı ali komissarı  Mark Lambert  Bristol “ermən məsələsi” haqqında.

Tarixdən ibrət almaq zamanı gəlmədimi?

 Aldığı təlimata uyğun olaraq “erməni məsələsi”ni öyrənmək üçün ABŞ hərbi-dəniz donanmasının kontr-admiralı, ABŞ ali komissarı Mark Lambert Bristol 1921-ci ildə Misir, Fələstin, Suriya və Kilikiyaya səfərə çıxdı. Səfər 1 aydan çox davam etdi. O, səfər zamanı görkəmli misirli xadimlərlə, və yəhudilərin nümayəndələri ilə görüşdü. Səfərinin yekunları barədə 1921-ci il martın 28-də ABŞ senatının xarici missiyalar üçün  xüsusi səlahiyyətli şurasına, doktor Ceyms L. Bartona bir məktub göndərdi. O, Kilikiyadan ermənilərin Fransa tərəfindən çıxarılmasını  doğru hesab etmirdi. Yazırdı ki, ermənilərin ciddi səhvlərindən biri türklər hakimiyyətə gəldikdən sonra onların hay-küyə düşmələri və Kilikiyadan kütləvi şəkildə getmələridir. Onun fikrincə,  ermənilər üçün orada qalmaq yaxşı olardı və türklər onlara həqiqi haqlarını verməyə məcbur olardılar. Ermənilər qalsaydılar, türklərə təsir etmək də olardı və  ermənilər getməyə başladıqda, bu türkləri  təkcə qorxudan deyil, həmçinin ölkədən sürgün etmək istəyindən  onlara hücuma vadar edərdi, lakin əgər ermənilər Kilikiyada qalsaydılar, Avropa və Amerika türklərə ən kiçicik mənəvi təsir etsəydi, türklərə qarşı ötən ildə fəal çıxış etməyən ermənilər üçün yaxşı olardı.

Mark L.Bristol Qafqazda türklər tərəfindən minlərlə erməninin öldürülməsinə dair məlumatların ABŞ-da yayılmasına da münasibət bildirərək yazırdı ki, ermənilər qanın töküldüyünü deyirlər. Lakin Yaxın Şərqə Yardım təşkilatı və Amerikadakı şəxslər ermənilər haqqında məlumatların tamamilə yalan olduğunu deyirlər. Ali komissar  qeyd edirdi ki, bu qədər saxta məlumatların təkzib edilmədən ABŞ-da yayılması qanunun kobud şəkildə pozulmasıdır və ermənilərin özlərinə faydadan çox ziyan gətirir. Ali komissarın fikrincə, amerikalılar erməniləri bütün bunlardan əl çəkməyə sövq etməli idilər, yalnız ona görə yox ki, bunlar doğru deyildilər, həm də ona görə ki, bununla onlar özlərini yaralayırlar.

Ali komissar İstanbuldan ABŞ nümayəndəsi doktor Makkeynin Vaşinqtona göndərdiyi məlumatlardan heyrətləndiyini yazırdı. O, Makkeynin göndərdiyi məruzəyə diqqət edərkən onun ermənilər tərəfindən göndərilən məlumatlardan ibarət olduğunun şahidi olmuşdu. Lakin Makkeynin Vaşinqtona göndərdiyi teleqramda məruzənin ermənilərə məxsus olduğu qeyd edilməmiş, ermənilərə məxsus olan məlumatlar amerikan məlumatı kimi verilmişdi. Ali Komissar yazırdı ki, həm ermənilər, həm də biz şişirdilmiş məlumatlar verməklə ermənilər üçün ən pis iş görürük. O, sual edirdi: bütün münasibətlərdə ermənilər haqqında həqiqəti nəyə görə deməyək? Gəlin qalxaq və sadəcə deyək: ermənilər kimdir və nəyə görə onlara rəğbət bəsləyirik və nəyə görə onlar üçün bütün mümkün olanları edirik, bu, həmin insanların gələcəyinə  yaraşır.  Ali komissar yazırdı ki, mən inanıram, bizdə insanların çoxu inanır ki, ermənilər öz fəaliyyətlərində və düşüncələrində xristianlardır və özlərini idarə etməyə qadirdirlər. Lakin ali komissar “ədalətə cinayət yolu ilə nail olmağa inana bilmədiyini” yazırdı. Onun fikrincə, amerikalılar ermənilərin yaydıqları bu saxta məlumatları rədd etmədikcə və qalxıb erməni məsələsi haqqında həqiqətləri demədikcə, onlar da bu saxta məlumatların yayılmasının iştirakçısı olurlar.

Ali komissar yazırdı ki, mən tənqidçi olmaq istəmirəm. Biz də canlı adamlarıq. Ermənilərin əzablarından danışarkən  insani instinktlərimiz bizdə  amerikan ideyası olan “ədalətli oyun” ideyasını qaldırır və biz  erməni xalqının zəifliyini unuduruq, hətta onu gizlətməyə çalışırıq, təki onları türk zülmündən xilas edək. Ali komissar Ermənistana istiqrazlar ayrılmasının əleyhinə idi. O mövcud şəraitdə ermənilərə hər hansı bir kreditin ayrılmasını səhv hesab edir, ABŞ-ın müstəqil vahid kimi Ermənistanın yaradılması və onun xarici təcavüzdən qorunması üçün  dəstə və vəsait ayırmayınca, amerikan nəzarəti altında  Ermənistana hər hansı maddi yardıma inanmırdı. Yazırdı ki, biz artıq Ermənistan 50 milyondan yuxarı vəsait vermişik və bu pullar ortada yoxdur. Ona görə də  ali komissar mövcud şəraitdə yeni vəsaitin ayrılmasını əleyhinə çıxırdı. Yazırdı ki, daha bir ssuda küləyə atılmış vəsait olacaqdır.

Ali komissar  ermənilər içərisində güclü bolşevik meyllərinin olduğuna diqqəti cəlb edərək  vurğulayırdı ki, ordu zabitləri qəlbən bolşevikdir. O,  “mən yazmışdım ki, Ermənistan bolşevikləşdiriləcəkdir, bu yalnız zaman söhbətidir. Ermənistan bolşevik oldu, Rusiya təbliğatına baxmayaraq, onu heç kim buna məcbur etmirdi.  Ermənistan bolşevik liderləri bir partiyanın, daşnaklar digər, milli demokratlar isə tamam başqa bir partiyanın üzvləridir. Mənə qaldıqda bu müxtəlif partiyaların liderləri arasında heç bir ciddi fərq görmürəm. Daşnaklar hakimiyyətdə olarkən onlar kürdlərin, türklərin və azərbaycanlıların üzərinə hücum etmək üçün dünyada nə varsa onu etdilər; müsəlmanlar üzərində zorakılıq etdilər; Qafqaz  Ermənistanı əhalisinin xeyli hissəsini təşkil edən molokanların üçün nümayəndəliyə heç bir şərait yaratmadılar; müsəlmanları öldürdülər və onların evlərini dağıtdılar; nəhayət, türklərin üzərinə hücuma keçdilər. Bu da sonuncular tərəfindən cavab hərəkətlərinə gətirdi. Və o zaman ermənilər hər şeyi atdılar və qaçdılar, hətta öz arvadlarını və uşaqlarını qorumaq üçün dayanmadılar” – yazırdı.. 

Ali komissar ermənilərin Karsda törətdikləri hərəkətlərə də diqqəti cəlb edirdi. Yazırdı ki, onların Karsdakı hərəkətləri amerikalılarda tamamilə nifrət yaratdı. Son iki əl ərzində Qafqazda ermənilər özlərini idarə edə bilmədiklərini, xüsusən hakimiyyətləri altında olan milli azlıqları idarə etmək və onlarla keçinmədiklərini  qəti şəkildə göstərdilər. Ali komissar yazırdı ki, İstanbulda olduğum iki il müddətində Qafqazda olmuş çoxlu amerikalı ilə görüşdüm, onların arasında ermənilərin özlərini idarə etməyə qadir olduqlarını təsdiq edən bir nəfər tapmadım. Ermənilərlə işləyən amerikalıların çoxu onlara nifrət edərək, iyrənərək oradan gəlmişlər. Ali komissar yazırdı ki, mən ermənilərə nifrət etmirəm, lakin əhalisinin 25%-dən azının ermənilər olduğu Ermənistanda müstəqil dövlət yaradılması ideyasına inanmıram. Əlavə edirdi ki, ermənilər özlərini idarə edə bilmirlər və onların heç bir zaman digər xalqları da idarə etməsinə yol vermək olmaz, və şübhəsiz, hər hansı bir xalq əgər ermənilərin  hakimiyyəti altında olacaqsa, onlar erməni zülmünə və zorakılığına məruz qalacaqlar.

 Ali komissar  o vaxtadək ABŞ-ın bu məsələyə münasibətdə yürütdüyü siyasəti doğru hesab etmir, Ermənistan üzərində Amerika mandatı qurulmayınca maddi yardımın ayrılmasını pulların itirilməsi sayaraq misal gətirirdi: iki il ərzində biz işsiz ermənilər üçün ictimai işlərə pul ayırdıq və un almaq üçün 50 milyon dollar verdik. Bu nəhəng vəsaitdən nə çıxdı? Nankorluqdan başqa heç nə. Mürəkkəb vəziyyət yaranan kimi, Ermənistanda olan ən böyük dostlardan biri, hansı ki, ona ən fəal yardım edilmişdi, şəxsi mühafizəsi üçün Türkiyəyə müraciət etməyə məcbur oldu. Belə bir fakt yaxşı məlumdur ki,  ermənilərə yardım haqqında proqramın lap başlanğıcından erməni hökumətinə aclıq çəkənlərə yardım üçün verdiyimiz un və ərzaq yüksən rəsmi adamlar tərəfindən mənimsənildi və şəxsi rifahları üçün satıldı. Ermənistan bolşeviklər tərəfinə keçdikdə isə  borclarını ödəməkdən imtina etdi. Bu borclardan birini, unun dəyərində biz onlara söz verdikləri üçün  verdik, lakin onlarda heç bir öhdəlik yoxdur. Bizim hissələrimiz və xalqa inam əsasında verdiyimiz istiqraz sonda bizim özümüzə qarşı yönəldi.

Ali komissar  qeyd edirdi ki, siz məndən çox Avropa dövlətlərinə inanırsınız. İndiyədək Avropa ölkələri dünyanın bu hissəsində heç bir milləti qorumayıblar. Onlar öz maraqlarını güdüblər. Əgər ABŞ Ermənistanın sərhədlərini qorumaq üçün təminata girsə, onda bu, ABŞ-ın Avropanın qalmaqallı  işlərinə qarışması üçün ən yaxşı üsul olar. M.Bristol bildirirdi ki, Sevr müqaviləsi heç kim tərəfindən təsdiq edilmədiyi üçün müstəqil siyasi vahid kimi Ermənistan da mövcud olmamışdır. Ermənistanın sərhədləri bu müqavilənin təsdiqindən asılı idi. Bu müqavilə isə həyata keçmədi. Həmin sərhədlərin müəyyənləşdirilməsi türk millətçilərinin Ermənistan üzərinə hücumuna gətirdi. Ermənistan yenə də ən xoş xəyallardan əziyyət çəkdi. Ali komissar yazırdı: “Siz görəcəksiniz, sonda Avropa dövlətləri ermənilər üçün heç bir şey etməyəcəklər”. Onun fikrincə, ABŞ  Avropa dövlətləri ilə sövdələşməyə deyil, Yaxın Şərqin bütün xalqlarının xeyrinə olan siyasi xətt ilə çıxış etməli idi. Daha sonra qeyd edirdi ki, əgər biz bu siyasəti iki əvvəl qəbul edib həyata keçirsəydik, onda çox şeyə nail olardıq. Ali komissar bunun hələ gec olmadığına inanırdı.

ABŞ ali komissarının fikrincə, Yaxın Şərq çirkab quyusu idi. Bu quyu azad edilməli və təmizlənməli idi. Bu ərazinin müəyyən bir hissəsində  Ermənistanın yaradılması və yunanların məskunlaşdırılması ideyası Yeni Türkiyənin yaradılması ilə bir çirkab quyusunun əvəzində üç yeni çirkab quyusunun yaradılması demək olardı. Ali komissar Yaxın Şərqə dair baş xətti qəbul edib ona uyğun hərəkət etməyi tövsiyə edirdi. Onun fikrincə, əgər ABŞ Osmanlı imperiyasının hər hansı bir hissəsində Ermənistanın müstəqilliyi üçün məsuliyyət götürərdisə, onda amerikalılar öz hərəkətlərinə heç bir zaman bəraət qazandıra bilməzdilər. Ali komissar qeyd edirdi: “Çünki belə prosedura qanuna və ədalətə əsaslanmır”.

Ali komissar İngiltərənin baş naziri Lloyd Corcun “Mustafa Kamal qiyam qaldırıb və qiyamçıdır” fikirləri ilə razılaşmayaraq göstərirdi ki, ola bilsin, o, ciddi və məhdud mənada qiyamçıdır, lakin məhz müttəfiqlərin fəaliyyəti türkləri qiyama qaldırdı. O yazırdı ki, mən türklərin hərəkətlərinə bəraət qazandırmıram, lakin əgər siz türkləri öyrənərək onları öz nəzarətinizdə saxlamaq istəyirsinizsə, onda onları hiddətləndirməyin, qəzəbləndirməyin,  səhnədəki vəhşi  buğa kimi qızdırmayın.

Nəzərdən qaçırmayaq ki, bu fikirlər yazılarkən  Türkiyə ərazilərinin bir hissəsi və İstanbul işğal altında idi, türk xalqı Antanta ölkələrinə qarşı Mustafa Kamal paşanın rəhbərliyi altında istiqlal müharibəsini aparırdı. Mark Lambert Bristol isə müttəfiqlərin  İstanbulda oturan ali komissarı idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər