Modern.az

Xocalının öc alanı...

Xocalının öc alanı...

25 Fevral 2012, 09:18

Sultan Laçın

Ərdoğan doğum  gününü  ermənilərdən azad edilmiş Xocalıda keçirməyi arzu edirmi?

Böyük müsəlman ümməti, xüsusən də türklər çox namümkünü mümkün edib...

20 ildən çoxdur ki, doğum günümü qeyd etmirəm... Həmin gün kimsə  təbrik üçün zəng edəndə qeyri-iradi əsəbiləşirəm... Birinci səbəb, ümumiyyətlə, Qara Yanvardan üzü bəri Azərbaycanın başına gələn faciələr idisə, əsas səbəb 1992-ci ildən əlavə olundu... Doğum günüm 26 fevraldadır  - kafirlərin qədim türk-müsəlman yurdu Xocalıda minlərlə məsum çocuğu, qadını, gənci, qocanı, olmazın vəhşiliklərlə qətlə yetirdiyi, əsir götürdüyü,  müsəlman- tük qadınının namusunun,  müsəlman-türk kişisinin şərəfinin alçaldıldığı bir gündə... Hər il həmin gün bir müsəlman, bir türk oğlu kimi daha çox utanc hissi keçirir, bədbin, pessimist duyğulardan yaxamı güclə qurtarıram...

Ancaq son illər biləndə ki, İslam və Türk dünyasının böyük oğlu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da 26 fevralda dünyaya gəlib, içimdəki bədbinliyə ağır bir zərbə dəydi,  qəlbimdə ümid şölələri parladı...

Cahandakı hər şeyə  bacardığım yöndə açıq, ayıq nəzərlərlə baxmağa çalışıram. Bilirəm ki, müsəlman əbası geyib masonluğa, sionizmə xidmət edən din xadimləri, pafosla türkçülükdən, Azərbaycançılıqdan, müstəqillikdən, demokratiyadan danışıb xalqın gözünə kül üfürən siyasətçilərimiz və s. var. Hər şeyin doğrusunu Allah bilir. Və Onun idarə etdiyi zaman çox sirləri açacaq... Tanıyanlar bilir ki, gülləni başıma dirəsələr də, ürəyim istəmədiyi adam haqqında saxta tərif yazmaram... Türkiyənin indiki baş naziri və onun siyasəti haqqında da cürbəcür fikirlər və fərziyyələr dolaşır.  

Qardaş ölkədə də,  bizdə də bəziləri Ərdoğan başda olmaqla AKP iqtidarının masonların, sionistlərin, ABŞ və İsrailin gizli dünya düzəni planlarına uyğun siyasət yürütdüyünü və Ərdoğanın ABŞ və İsrailə qarşı pafoslu çıxışlarının məhz bunu ört-basdır etməyə hesablandığını söyləyirlər. Bilmirəm, bəlkə Türkiyədə yaşayaraq siyasi  proses və hadisələri  dəqiq izləyənlər daha dürüst nəticəyə gələ bilərlər... Amma kim nə düşünür -düşünsün,  sayın Ərdoğana böyük rəğbətim  və inamım var. Astroloqların dediyinə görə, eyni bürcdən olan insanların adətən  bir-birinə qarşılıqlı rəğbəti olur. Maraqlıdır ki, yaxın ünsiyyətdə olduğum insanların çoxu Balıq bürcündəndir...

Düşünürəm ki, görəsən, sayın Ərdoğanın heç ağlından keçirmi ki,

Osmanlının 1918-ci ildə bir qardaş kimi Azərbaycana etdiyi birbaşa yardımı təkrarlamağa qadir ola və doğum gününü  Azərbaycan əsgəri, torpaqlarına qayıtmış didərginlərlə birgə, ölkəmizin  başçısı ilə bərabər düşməndən azad edilmiş Xocalıda kutlaya... Bununla  da haqqındakı şübhələrə son qoya və ona inananların inamını tam doğrulda...

Tarixən  müsəlmanlar, türklər bir-birinə çox yardımlarda bulunub, qardaş əli uzadıblar. 1915-ci ilin dünyanı heyran qoyan məşhur Çanaqqala savaşında minlərlə Azərbaycan türkü şəhid olub. 1918-ci ildə Azərbaycanın erməni-daşnak-bolşevik birləşmələrindən azad edilməsində də  1000-dən  çox Osmanlı  əsgəri canını fəda edib...

Yəni Ərdoğanın Xocalının azad edilməsində, qisasının alınmasında Azərbaycana yardım etməsi və özünün də bu zəfərdə iştirakı mümkün ola biləcək bir hadisədir. Bu, çoxlarına xəyal kimi görünə bilər. Məgər hər bir böyük qələbə beyinlərdəki xəyalların əməllərlə, davamlı savaş və mübarizələrlə gerçəkləşdirilməsi deyilmi?.. Böyük müsəlman ümməti, xüsusən də türklər  tarixdə çox namümkünü mümkün edib...   

Soykökü Güney Azərbaycandan olan, bu gün də adı gələndə türk-müsəlman düşmənlərinin dizləri qatlanan,  dünyanın nəhəng  fatehi SƏLAHƏDDİN ƏYYUBİNİ yada salaq.   

Çocuq ikən xəyal etdi ki,  o zaman səlibçi xaçpərəstlərin əlində olan  Qüdsdə ən uca bir minarə ucaltsın... Və 50 yaşında ikən xəyalını gerçəkləşdirdi... 
Avropanın xaçlı Səlib yürüşçüləri Qüdsdə Xocalıdan da dəhşətli qətliamlar törətmişdilər. Aralarında yəhudilərin də olduğu 40 minə yaxın insan  min bir işgəncələrlə qətlə yetirilmişdi.  Sultan Səlahəddin bütün müsəlman əmirliklərini birləşdirərək 1187-ci ildə Qüdsü fəth etdi və səlibçilərdən qisas aldı. Ancaq müsəlman lideri bütün xristian əhalini ucdantutma qılıncdan keçirmədi, onların müsəlmanlara qarşı soyqırım təşkil etmiş və bilavasitə qətliamlarda iştirak etmiş sərkərdə və hərbçilərini edam etdirdi.

Müsəlman, türk bax, belə qisas alır. Xocalının da qisasını belə almaq lazımdır. Balayan, Köçəryan, Sərkisyan, Ohanyan və s. kimi ideoloq və təçkilatçıları edam kürsüsündə görmək yetərlidir. Bir də təbii ki, döyüş zamanı müqavimət göstərənlər ya öldürüləcək, ya da əsir götürüləcək... Qanunlara tabe olanlar Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Necə ki, sultan Səlahəddin Qüdsdə xristianlara da, yəhudilərə də normal yaşamaq  üçün şərait yaratmışdı. Sonralar isə “Osmanlı millətçiliyi” deyilən bir sistem nəinki Qüdsdə, türklərin nəzarət etdiyi bütün nəhəng ərazidə dinindən, irqindən, millətindən asılı olmayaraq hər bir kəsin hüquqlarını qoruyurdu. 
Yaxın Şərqdə, xüsusən Fələstində tarixin heç bir dönəmində Osmanlı dövrü qədər dinclik olmayıb. Əsrlərdir ki, nə yəhudilər, nə də ingilislər öz saxta ideologiyalarını, “demokratiyanı”  keçmiş Osmanlı ərazilərindəki əhaliyə həzm elətdirib sabitlik yarada bilmirlər...

Tarix bir daha sübut edir ki, nəinki Yaxın Şərqin, bütün bəşəriyyətin xilası bünövrəsi Peyğəmbərimizin (s.ə.s.) dövründən qoyulmuş İslam, Osmanlı idarəçilik sistemindədir. İslamın haqq uğrunda mübarizəsi ayrı-ayrı dinlərə, millətlərə, dövlətlərə qarşı yox, ümumiyyətlə, Şərə qarşıdır. Düzdür, ayrı-ayrı din və ya millət mənsublarının daxilində haqq sevgisinin aşağı-yuxarı olması onların etnopsixoloji xarakterini də fərqləndirir. Məsələn, bu, faktdır ki, yəhudi və ermənilərdə Şər xisləti daha çoxdur, ingilislər, ruslar, fransızlar işğalçılığa, zəifləri əzməyə daha çox meyllidir. Ancaq hər kəsin nəfsi var və İblis Allaha verdiyi vədə uyğun olaraq müsəlmanın da, xaçpərəstin də qəlbinə girməyə çalışır. Bu baxımdan Şər həm yabançı millətlərdən, həm də müsəlmanın, türkün öz içindən törəyə bilər. Məsələn, Azərbaycanın və ya Türkiyənin hər hansı bir korrupsioner nazirinin, rüşvətxor məmurunun, satqın hərbçisinin terrorçu, təcavüzkar erməni ilə, yaxud “PKK”-çı ilə fərqi varmı? Hər ikisi Allahın, xalqın, dövlətin düşmənidir...  

Eləcə də  Qarabağ, Xocalı məsələsində... Bu işğalı, qətliamı ermənilər yalnızmı  təşkil edib? Xeyr... Əlbəttə, erməni xisləti aparıcı rol oynayıb. Ancaq burada  müxtəlif beynəlxalq qurum, dövlət və terrorçu təşkilatlarda fəaliyyət göstərən  ingilis, rus, yəhudi, fransız, yunan, italyan, kürd, ərəb və s. millət nümayəndələri ilə bərabər Azərbaycanda yaşayan türkün, kürdün, ləzginin, talışın və s. hakimiyyətdə qalmaq  və ya hakimiyyətə  gəlmək istəyən bəzi xəyanətkar nümayəndələrinin də əli var. Biz bu millətlərin, dövlətlərin hamısından və həm də özümüzdən qisas almalıyıq?.. Bu mümkün olan iş deyil.   

Bu mənada “türkün türkdən başqa dostu yoxdur” prinsipi özünü doğrultmur. Və əksinə, türk dünyasının iç və dış problemlərinin artmasına gətirib çıxarır. Ümumiyyətlə, araşdırmalar göstərir ki, ifrat və islamsız millətçilik dolayısıyla  digər millətləri “əridib” “Vahid Dünya Dövləti” qurmaq istəyən masonlara, sionistlərə xidmət edir. Bununla onlar millətlərarası münaqişələri qızışdırmaqla “xaosdan qayda-qanuna” prinsipinə uyğun olaraq öz niyyətlərini asanlıqla həyata keçirirlər...

Fikir verirsinizmi, son illər hətta qohum millətlər arasında da münasibətlər kəskinləşir: Rusiya-Ukrayna buna əyani misaldır. Rəhmətlik Bəxtiyar Vahabzadənin “bir millət-iki dövlət” adlandırdığı   Türkiyə ilə Azərbaycanın arasına erməni və kürd məsələsi vasitəsilə düşmənçilik toxumu səpmək istəyənlər də həmin qüvvələrdir.Yadınızdadırmı, 2010-cu ilin son aylarında ölkədə necə bir canfəşanlıqla Türkiyə əleyhinə kampaniya başladılmışdı. Bircə o qalmışdı ki, Anadolu qardaşlarımızı Azərbaycandan qovub çıxaraq. Məntiqlə düşünənlər anlayırdı ki,  Türkiyə hökuməti masonçuluq, sionizm qərargahı olan ABŞ-ın təzyiqi altında siyasi manevr etməyə, ermənilərə qarşı addım atmağa məcburdur. Ancaq həm Azərbaycanda, həm Türkiyədə istər iqtidar, istərsə də müxalifət daxilindəki sionizmə, Rusiyaya və onların erməni və “PKK” kimi əlaltılarına xidmət edən qüvvələr kütlənin ehtiraslarını qızışdıraraq iki qardaşı düşmənə çevirməyə cəhd etdilər.
Sonu nə oldu? Baş nazir Ərdoğan həm ABŞ-dakı, həm Rusiyadakı, həm Avropadakı qətiyyətli çıxışlarında sübut etdi  və bu gün də sübut etməkdədir ki,  Qarabağ ermənilərdən  azad edilməmiş Türkiyə hökuməti “Ermənistan”la sərhədləri açan deyil...

Ərdöğan hökumətinin bütün qonşuları ilə “sıfır problem” prinsipi ilə sülh münasibətləri qurmağa çalışmasında nə qəbahət var?...  Məgər Atatürk “yurdda sülh-cahanda sülh” söyləmirdi?.. Məgər o, Türkiyəni xilas etmək naminə xarici siyasətdə güzəştlərə getmədi?.. Leninlə müqavilə bağlayıb Azərbaycanın sovetləşməsinə göz yummadı? Bəli, Atatürk nəhəng şəxsiyyət idi və onun siyasəti o dövrdə Türkiyə dövlətini möhkəmləndirmək üçün gərəkli idi... Ancaq masonların təzyiqləri altında İslamı hədsiz sıxışdıraraq dünyəviliyə qurban vermək səhv idi... Və o səhvin nəticələrini Türkiyə “Qladio”-nun, “ASALA”-nın, “PKK”-nın, yunanların əməllərində gördü və hələ də görməkdədir... Heç kəsi, o cümlədən Atatürkü də bütləşdirmək, onun sözlərini, prinsiplərini bütün dövrlər üçün doqma kimi, dəyişməz qanun kimi qəbul etmək yanlışdır...

Bütün dövrlər üçün dəyişməz qanun və prinsiplər yalnız Allahın sonuncu Kitabı Quranda təsbit olunub... Bunu üç qitənin ərazisində 500 il hökm sürmüş ulu Osmanlı dövləti sübut etdi. Təəssüf ki, bu nəhəng dövlət sonda yəhudi masonların, İngiltərənin, Rusiya və Fransanın davamlı təzyiqləri  və ayrı-ayrı liderlərin öz nəfsinə uyması nəticəsində  Allah qanunlarından yayınması ucbatından iflasa uğrayıb parçalandı...

Doğrudur,  Ərdoğan iqtidarının daxili və xarici siyasətdə səhvləri də yox deyil... İqtisadiyyatda xeyli tərəqqi olsa da, problemlər də çoxdur. Orduda yüksək rütbəli zabitlərin kütləvi həbs və məhkəmələri şübhəli və təhlükəlidir... “PKK” terroru öz işini görməkdə davam edir: dinc insanlar, hərbçilər, polislər, məmurlar qətlə yetirilir,  girov götürülür...

Bütün hallarda son illər AKP-nin və Ərdoğan hökumətinin  xarici siyasəti məhz “Osmanlı millətçiliyini” xatırladır...

Rəhmətlik Alparslan Türkeşə də, onun bu günkü davamçıları olan sayın Dövlət Baxçalının rəhbərlik etdiyi millətçi bozqurdçulara  da rəğbətim var. Ancaq  bir daha söyləyirəm: Allahsız, İslamsız millətçilik  Türkiyəni də, onunla bərabər bütün müsəlman- türk dünyasını yolundan sapdırıb asanlıqla Şərə təslim edə bilər... Eyni zamanda siyasi manevrlər üçün İslamdan  sui-istifadə etmək  də Allah və xalq qarşısında böyük günahdır...  

Hər şey ifrata varanda gözdən düşür. İslam hər şeydə miyanəçiliyi, orta həddi gözləyir. Eləcə də müharibədə, savaşda, düşməndən qisas almaqda da... “Ey möminlər! Sizə qarşı vuruşanlara qarşı siz də Allah yolunda vuruşun! Lakin həddən kənara çıxmayın...”(Qurani-Kərim, Əl-Bəqərə,190)

Biz Azərbaycan olaraq ötən 20 ildə Xocalının qisası üçün quru bəyanatlardan, mitinq və yığıncaqlardan, məqalə və kitab yazmaqdan başqa demək olar ki, heç nə etməmimişik... Düzdü,  Allah şəhidlərə rəhmət eləsin,  qazilərə cansağlığı versin, 1992-1994-cü illərdə döyüşən oğul-qızlarımız  neçə-neçə erməni quldurunu məhv edərək fərdi qaydada  qisaslarını alıblar. Son illər də Mübariz İbrahimov kimi igidlərimiz olub. Allah qapısını açsın,  erməni dığasını baltalayan Ramil Səfərov da öz işini görüb... Amma bütövlükdə bir xalq, dövlət kimi qisasımızı almamışıq...

Kürd xalqını əlində alət etmək istəyən mason-sionistlər “PKK” terrorunun başına qoyduqları peşkanın ləqəbini “Öcalan” qoyublar (”Oc” qisas, intiqam deməkdir)...Yəni qisas alan... Kimdən? Türklərdən haqsız yerə “qisas” alan... 30 mindən çox dinc insanı qətlinə bais olan... Bəs bizim haqlı qisasımızı, haqlı öcümüzü, ən azı bir faciəmizin – Xocalının öcünü kim alacaq? Hazırkı ölkə başçısı, müdafiə naziri, daxili işlər naziri və s.  buna qadirdirmi? Bəlkə müsəlman, türk dünyasının hansısa öğlu buna qadirdir? Bu qisası, bu öcü alan – Xocalının öc alanı necə olmalıdır, nə etməlidir ki, bu müqəddəs vəzifəni həyata keçirsin? Biz bir müsəlman, bir vətəndaş, bütövlükdə xalq olaraq nə etməliyik?...

Əgər hər bir addımımızda, hər bir əməlimizdə Allahı, Quranımızı, Peyğəmbərimizi rəhbər tutsaq, bütün müqəddəs xəyallarımızı həm bu, həm ötəki dünyada gerçəkləşdirər və Şərə qalib gələrik...  Dünən sultan Səlahəddinlər bunun mümkünlüyünü isbatlayıblar...  Bu gün də Ərdoğanlar  isbatlaya bilərlər...

...Yəqin ki,  ötən əsrin 50-ci illərinin sonu- 60-cıı illərinin əvvəlində yoxsul bir ailənin çoçuğu olan, təhsil ala-ala işləyib çörək parası qazanan  balaca Tayyibi tanıyanların heç xəyalına da gəlməzdi ki,

gün gələcək bu  müsəlman, türk oğlu böyük Türkiyə dövlətinin başında duracaq və dünyaya meydan oxuyan İsrailin cavabını verəcək, ABŞ-ın, Fransanın antimüsəlman, antitürk siyasətinə sərt təpgi göstərəcək,  Fələstindəki, Qarabağdakı müsəlmanların haqlarının müdafiəsinə qalxacaq.  Ərdoğan çox xəyalları gerçəkləşdirə bilər. İnşallah,  o gün də gəlsin ki, sayın başbakanın doğum gününü azad Qarabağda – Xocalıda kutlayaq... Və orada ürəklə onu da, digər doğum günü olanları da təbrik edək. Uğurlar bizlərə, sayın Ərdoğan!..

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər