Modern.az

Müsəlmanların gücsüzlüyünün səbəbləri – IV YAZI

Müsəlmanların gücsüzlüyünün səbəbləri – IV YAZI

27 Fevral 2012, 13:58

Səxavət Əlisoy

ABŞ-ın keçmiş prezidenti Bill Klintononun belə bir ifadəsi var: “Bizim yaxşı universitetlərimiz var, ona görə yox ki, biz yaxşı yaşayırıq. Biz yaxşı yaşayırıq, ona görə ki, bizim yaxşı universitetlərimiz var”.

Eks-prezident Bill Klinton 100 faiz haqlıdır. Məhz yüksək səviyyəli təhsilə malik ölkələrdə insanlar İNSAN kimi yaşayırlar. Təbii ki, neftlə zəngin ərəb ölkələrində insanların problemsiz yaşadığını düşünənlər olacaq. Fəqət dərinə gedəndə savadsız insanın insan kimi yaşamağının mümkün olmadığı qənaətinə gəlirsən. Nədən ki, TANRININ YARATDIĞI CANLILAR İÇƏRİSİNDƏ YALNIZ İNSAN düşünmək qabiliyyətinə malikdir və məhz bu xüsusiyyətinə görə o cəmiyyətdə baş verən hadisələrə adekvat reaksiya vermək qabiliyyətindədir. Savadsızlığın hökm sürdüyü ölkələrdə isə insanlar quldan əsla fərqlənmir, nədən ki, onu ən çox ilgiləndirən mədəsi olur.

VARLI QULLAR ölkəsində elmin inkişafı barədə düşünmək isə sadəcə, sadəlövlükdür. Dünyanın bir neçə müsəlman ölkəsində gördüklərim onu yazmağa əsas verir ki, yaşam tərzimizi dəyişə bilməsək, yəni, qul yox, insan olduğumuzu və elə bu səbəbdən də Allahın verdiyi hüquqlardan tam yararlanmaq haqqımızın olduğunu dərk edə bilməsək, lap belə min il ötsə də əldən verdiyimiz elmi liderliyi geri qaytara bilməyəcəyik.

Tarix sübut edir ki, elm avtoritar cəmiyyətlərdə inkişaf etmək iqtidarında deyil. Çünki elmin inkişafı üçün ilk növbədə insanın azadlığı bərqərar  olunmalı, yalnız İNSAN dövlətin ən dəyərli sərvəti hesab olunmalıdır. Və ən başlıcası dövləti idarə edənlər oturduğu taxt-tacıın əbədi olmadığını dərk etməli, başqa sözlə hakimiyyətlər saray çevrilişləri, qiyam, üsyan, vətəndaş müharibələri yolu ilə yox, ancaq və ancaq DEMOKRATİK SEÇKİ yolu ilə əvəzlənməlidir. Ona görə ki, cəmiyyətdə demokratik mühit bərqərar olduğu zaman insan amilinə xüsusi önəm verilir. Və ən əsası dövlət vətəndaşın rifahını artırmaq üçün yollar arayır. Rifahın yaxşılaşdırılması üçün ən məqbul yol isə elmin inkişafıdır.

Hər kəsə bəllidir ki, müasir texnologiyaların müəllifləri olan Qərbin sivil dövlətləri elmin inkişafı üçün biri-biri ilə rəqabət aparır. İngilis, alman, fransız, yapon alimlərinin elm sahəsində əldə etdikləri uğurlar Böyük Britaniyanın, ABŞ-ın, Fransanın, Almaniyanın, Yaponiyanın daha da qüdrətlənməsinə xidmət edir. Odur ki, onlar elmə vəsait ayırarkən, xəsislik etmir. Bilirlər ki, elmə qoyulan sərmayə dövlət üçün qat-qat artıq gəlir gətirir.

Aparıcı Qərb dövlətlərinin və ABŞ-ın yox, çoxlarının o qədər də önəm vermədiyi Koreyada elmə olan münasibətə nəzər yetirək. Koreya elmi-tədqiqat xərclərinin ümumi həcminə görə dünyada öncül yerlərdən birini tutur. Son 10 il ərzində Koreyanın müvafiq xərcləri orta hesabla 11,8 faiz artıb. Ümumi Daxili Məhsulda Koreyanın elmi-tədqiqat xərcləri 3,37 faiz təşkil edir ki, bu da Avropa İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün müəyyən olunmuş göstəricidən (2,29 faiz) yüksəkdir. Tədqiqat və elmin inkişafına ayrılan vəsaitin adambaşına düşən həcminə görə isə Koreya yalnız ABŞ, Yaponiya və Almaniyadan geridə qalır.

Elmi tədqiqatlara bu qədər vəsait ayıran Koreya adını SAMSUNG, HYUNDAİ, DAEWOO, İNTER-M və sair dünya markalarına yazdırmağa nail olub. Məhz elmə düzgün münasibətin sayəsində koreyalı mühəndislər dünyanın qüdrətli dövlətləri ilə rəqabət aparmaq iqtidarındadır. Odur ki, dünyanın 150 ölkəsində, o cümlədən Azərbaycanda Koreya kompaniyalarının fəaliyyət göstərməsi heç də təsadüfi sayılmamalıdır. Elmə, insan intellektinə sərmayə qoymaqla dünya neft və qaz bazarına məhsul çıxara bilməyən Koreya dövləti vətəndaşlarının xoşbəxt, firavan yaşamını təmin edə bilib. Və koreyalılar haqlı olaraq elmi nailiyyətlərindən bəşəriyyətin yararlanmasına görə qürur duyurlar.

Təkcə Koreya deyil, elmi-tədqiqat işlərinə düşünülmüş şəkildə sərmayə ayıran dövlətlərin hamısı dünya bazarlarını “işğal edib”. Bu bazarda boş piştaxtaya sahib olmaq üçün ciddi elmi ixtiralara müəlliflik etmək lazımdır. Təəssüf ki, müsəlman dünyası indi belə elmi kəşflər ortaya çıxarmaq iqtidarında deyil.

Diqqət edin, xristian dünyası - ABŞ, İsrail, Yaponiya, İsveçrə, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya elmin inkişafı üçün Ümumi Daxili Məhsulun (ÜDM) 3-5 faizini ayırır. Bir müsəlman dövləti yoxdur ki, elmin tərəqqisi naminə bu qədər vəsait ayırsın. Kritik həddin 2 faiz hesab olunduğu halda müsəlman ölkələri (Malyaziya istisna olunmaqla) ÜDM-in yalnız 0,3-0,5 faizini elmi-tədqiqatlar üçün ayırmağı rəva bilirlər. İndi özün fikirləş, dəyərli oxucu, rəva bilinmiş cüzi vəsaitlə hansı elmi tərəqqiyə nail olmaq mümkündür?

Sadəcə, quru rəqəmlərdən ibarət olan faktlar müsəlman dövlətlərində elmə münasibətin anormallığını təsdiqləyir.

Malayziyada yerləşən Beynəlxalq İslam Universitetinin məlumatına görə İslam Konfransı Təşkilatına (İTK) daxil olan ölkələrdə əhalinin hər min nəfərinə 8,5 alim, mühəndis və texnik düşür ki, bu da orta səviyyəli dünya göstəricidən 5 dəfə azdır. ABŞ-ın Milli Elm Fondu 2003-cü ildə dünya elminə ən az bəhrə verən 28 ölkənin adını açıqladı. Bu ölkələrin yarıdan çoxu müsəlman ölkələri idi. Bu fondun 2006-cı ildəki hesabatında dünyanın ən yaxşı 200 universiteti sırasında müsəlman ölkələrinin yalnız iki universitetinin adı var. Hesabatda daha ciddi düşünməyə vadar edən bir fakt da yer alıb. Bütün müsəlman ölkələrində il ərzində tərcümə olunmuş ədəbiyyatın miqdarı yalnız Yunanıstanda tərcümə olunmuş ədəbiyyatın beşdə biri qədərdir.

Azərbaycandan da bir nümunə gətirək. 2012-ci il büdcəsi müzakirə olunarkən, məlum oldu ki, dövlət elmi-tədqiqatlar üçün büdcədən 0,3 faiz vəsait ayırıb. Sual edirəm, bu qədər vəsaitlə Azərbaycan Milli Elmlər Akademiyası elmin hansı sahəsində tərəqqiyə nail ola bilər? Alimlərə dövlətin rəva bildiyi maaş alimin başını elmi araşdırma aparmaq üçün oyaq saxlamaq iqtidarında deyilsə, onda elmi ixtira gözləmək gülünc deyilmi?

Bütün bunlar kiminsə təxəyyül məhsulu deyil, reallıqdır. Hər kəs razılaşar ki, müsəlman dövlət başçılarının əksəriyyəti elmin tərəqqisi üçün yox, şəxsi büdcəsinin artırılması üçün əlindən gələni edir. Dünya bilir ki, avtoritar müsəlman ölkələrində vətəndaşların yox, dövləti idarə edən bir dəstənin rifahı var. Qərb ekspertləri iddia edir ki, bu gün İslam Konfransı Təşkilatına daxil olan dövlətlərə rəhbərlik edənlərin özlərinin, ailə üzvlərinin və yaxın ətraflarının vəsaiti 1 TRİLYON ABŞ dollarından artıqdır. Bu astronomik rəqəmin nə demək olduğunun fərqindəsinizmi?

Kasıbçılığın, dilənçiliyin, savadsızlığın tüğyan etdiyi ölkələrdə dövlət başçılarının milyardlara sahib olmasının adı nədir? Bütün bunlar barəsində ciddi düşünəndə müsəlmanların gücsüzlüyünün səbəbləri bəlli olacaq.

Bu gün yalnız elm sayəsində qüdrətli dövlətə çevrilmək mümkündür. Yalnız elmin vasitəsi ilə mülki və hərbi sənayeni inkişaf etdiriməklə dövlətin və vətəndaşların təhlükəsizliyini təmin etmək mümkündür.  Neftdən, qazdan gələn pulla qüdrətli olmaq mümkün olsaydı, 20 ərəb dövləti bir İsrailin qarşısında duruş gətirə bilərdi. 20 ərəb dövlətinin torpaqları işğal olunmuş Fələstinə yiyə dura bilməməsinin də arxasında elm dayanır.

“Bizim universitetlər DİPLOM, Qərb universitetləri SAVAD verir”. Bu aforizmə kiminsə şübhə edəcəyinə inanmıram və bu deyimin nə qədər yerində olduğunu övladlarını öz universitetlərində yox, Qərb universitetlərində oxudan, özlərini öz klinikalarında deyil, Qərb klinikalarında müalicə etdirən, xristian alimlərinin icad etdikləri kompüterdən, mobil telefondan, internetdən, təyyarədən, helikopterdən, avtomobildən, silah-sursatdan, viaqradan və sairdən yararlanan PADŞAHLAR, NEFTXUDALAR, ŞEYXLƏR,  KRALLAR lap yaxşı bilir.

Onlar elmin inkişafında maraqlı deyil. Maraqlı olsalar, padşahlıqla vidalaşmalıdırlar. Min təəssüf ki, içimizdə olan TAMAH, HƏRİSLİK, DÜNYAGİRLİK elmin inkişafına imkan vermir. Və nə qədər ki, müsəlman dünyası ŞAHSEVƏN olaraq qalacaq, elm yerində sayacaq, bir addım da irəli gedə bilməyəcək.

Elmin inkişafı üçün münbit şəraiti yalnız və yalnız DEMOKRATİYA yarada bilər. Vəssalam.                                     

P.S. Yazıya münasibət bildirən, rəy yazan, E-mail ünvanıma irad və təkliflərini yollayan hər kəsə təşəkkürümü bildirirəm.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər