Azərbaycanda ailə həyatı quran müasir gənclər daha əcnəbilərlə nikaha soyuq yanaşmırlar. Bunu son illər qeydə alınan faktlar da sübut edir. Rəqəmlərə nəzər yetirdikdə, belə qənaətə gəlmək olur ki, gənclər beynəlmiləl ailə qurmaqdan 20-30 il öncəki kimi çəkinmirlər.
Modern.az saytının araşdırmasına görə, əcnəbi və vətəndaşlığı olmayanlarla nikaha girən azərbaycanlılar arasında qızlar oğlanlardan bir neçə dəfə çoxluq təşkil edir.
Rəsmi statistika göstərir ki, son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanılan nikahların sayı həm də xeyli artıb.
Ədliyyə Nazirliyindən saytımıza verilən rəsmi məlumata görə, 2011-ci ildə 2696 nəfər Azərbaycan vətəndaşı olan xanım əcnəbi kişiyə ərə gedib. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2009-cu ildə 1720 azərbaycanlı qız əcnəbi oğlanlara ərə gedib. Deməli son iki ildə azərbaycanlı qızların əcnəbiyə ərə getməsinə dair 976 hadisə artıb
Araşdırmalarımıza görə, Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar. Faktlara nəzər salanda görmək olar ki, beynəlmiləl nikaha isti münasibət bəsləyən müasir azərbaycanlılar sevib-sevdiyi əcnəbi oğlanların dili, dini, irqinə fərq qoymayıblar. Yəni, atalar demişkən «könül sevən göyçək olar».
Əcnəbilərə ərə gedən azərbaycanlı xanımlar daha çox türklərlə beynəlmiləl izdivac bağlayıblar. Azərbaycanlı qızların xoşbəxt etdiyi əcnəbilərin sırasında sonrakı yerdə İran vətəndaşları olan kişilər gəlir. Xanımlarımızla ailə quran əcnəbi kişilər arasında Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları da var.
Faktlar belə deməyə əsas verir ki, milli mentaliletin min illər boyu hifz edə bildiyi özünəməxsus adət-ənənələrimiz bu gün yavaş-yavaş dəyişikliyə uğrayır. Görünür yeni sivilizasiyalar, mövcud siyasi, iqtisadi, mədəni və sosial durum digər xalqlar kimi azərbaycanlılara da təsirsiz ötüşməyib.
Bəzi ekspertlər fikrincə, əcnəbilərlə nigah həm dövrün tələbi, həm də iqtisadi problemlər və psixoloji amillərlə əlaqədardır. Son 10 ildə mülki vətəndaşlar arasında əlaqələrin genişlənməsi və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası bu cür nikahların sayının artmasına səbəb olub.
Modern.az