Modern.az

O komandan nə böyük komandan, o əsgər nə gözəl əsgərdir...

O komandan nə böyük komandan, o əsgər nə gözəl əsgərdir...

2 Mart 2012, 10:50

Asif Mehdiyev
Deputat köməkçisi


Böyük sərkərdə Nuru Paşaya ithaf 
         
Nuru Paşa Hacı Əhməd oğlu Killigil (1889-02.03.1949)

1918-ci ilin martın əvvəlləri... Azərbaycanın düşünən başları sonralar  ölkənin Baş naziri olacaq Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Gəncə şəhərində iclas keçirirlər. İclasda Osmanlı ordusunun zabiti Hüsaməddin bəy Nağı bəy Şeyxzamanlı ilə bərabər İttihadi-islam partiyasından doktor Xudadat bəy Rəfibəyli, Sosialist partiyasından Aslan bəy Səfikürdski də iştirak edirdilər. İclasda əsas məsələ Osmanlı qoşunlarının Azərbaycana dəvət edilib- edilməməsi məsələsi idi. Müxtəlif məsələlərdə fikir ayrılığı olsa da, bu, ümummilli məsələ olduğundan ortada fikir ayrılığından söhbət belə gedə bilməzdi. Müzakirələrdə Osmanlı ordusunun ölkənin xilası naminə dəvət edilməsi qərara alındı. Son dərəcə məsuliyyətli olan bu işi icra etmək Nağı bəy Şeyxzamanlıya həvalə edildi. Nağı bəy ləngimədən İstanbula yola düşdü. Təfsilata varmadan onu deyə bilərik ki,çox şükürlər olsun ki, o, bu işi uğurla yerinə yetirdi.

Nağı bəy Osmanlı ordusunun rəhbərliyi qarşısında Azərbaycanda olan hərbi-siyasi vəziyyəti elə dəqiqliklə təsvir etdi ki, o vaxtlar Osmanlı imperiyasının siyasətini müəyyən edən əsas simalardan biri, müdafiə maziri Ənvər Paşa həmən anda da Qafqaz İslam Ordusunun yaradılması haqqında qərar qəbul etdi və  qardaş Azərbaycana kömək məqsədilə qoşun göndərməyi qərara aldı.
Martın 2-si Azərbaycan tarixinində, xüsusən hərb tariximizdə əbədi olaraq öz imzasını  qoymuş Qafqaz İslam Ordusunun  komandanı Nuru Paşanın dünyasını dəyişdiyi gündür.

Niyə Nuru Paşa?

XX əsr Azərbaycan tarixinin 1918-20-ci illəri Azərbaycan öz müstəqilliyini bərpa edənə qədər   ən az öyrənilmiş dövrüdür desək, yanılmarıq. Bəzən elə gəlir ki, nə yaxşı sovet dönəmində Azərbaycan tarixinin çox mühüm olan bu dövrü öyrənilməyib. Çünki o dövrü sovet ideologiyasının diqtəsilə yazılan tarixdə elə təqdim edə bilərdilər ki, sonra bir əsr  vaxt lazım olacaqdı beyinlərə hopan o yanlışlıqları düzəltməyə.

Məlumdur ki, Qafqaz İslam Ordusuna komandanlıq etməyi ilk olaraq şahzadə Fərruxa və Kazım Qarabəkir Paşaya da təklif etmişlər. Amma sonda bu Orduya komandanlıq Nuru Paşaya həvalə olundu.

Nuru Paşanın ölkəmizdəki fəaliyyətini öyrənmək baxımından Mehman Süleymanovun yazdığı kitab qiymətli bir mənbədir. Orada Nağı bəy Şeyxzamanlının xatirələrinə də kifayət qədər yer verilib. O Nağı bəy ki, Osmanlı qoşunlarının Azərbaycana dəvət etmək üçün məmur edilmişdi.

Həqiqət budur ki, böyük nəticələr böyük arzu və istəklərdən qüvvət alır. Azərbaycan nümayəndəsi Nağı bəyin də səfəri belə arzu və istəkləri özündə ehtiva edən səfərlərdən idi.

Nağı bəy özünün xatirələrində yazır ki, Türkiyəyə ezam olunarkən Ənvər Paşa ilə hər gün görüşürmüşlər.

“Bir dəfə özümü toplayıb və Ənvər Paşanın məni sevməsindən də istifadə edərək dedim: ”Paşam, sizinlə açıq danışmaq istəyirəm. Biz Qafqaz türkləri iki qüvvəyə inanırıq. Yuxarıda Allaha, aşağıda Ənvərə. Eşitdiyimə görə Sizin Nuru adında bir qardaşınız vardır.
Sizdən xahiş edirəm Qafqaza gedəcək hərbi dəstənin başına Nuru Paşanı təyin edəsiniz... Sizin Qazqaza gedəcək əsgərlərə komandir təyin etdiyiniz  Prinsi hər axşam “Pera Palas” hotelinin salonunda içki içib rəqs edən görürəm.Qazqazda belə şeyləri xoşlamazlar”...
Məni dinləyən Ənvər paşa ”çox yaxşı” dedi. Sonra telefonu alaraq Qazqaza gedəcək zabitlərin içki içməyənlər olması, içki içməyəcəklərinə dair dillərindən kağız alınması üçün əmr verdi və mənə dedi: ”Nağı bəy, Nuru çox cavandır, necə olsun?””.

Heç şübhəsiz ki, Ənvər Paşanın Nuru Paşanı əvvəlcə Azərbaycana göndərmək fikri olmayıb.

Nağı bəy Ənvər Paşanın öz qardaşını necə komandan təyin etməsini xatirələrində belə qeyd edir ki, onların yuxarıdakı söhbətinin ertəsi gün Ənvər Paşa deyir:
”Bəli Nağı bəy ,istədiyiniz baş tutdu”. Mən sevinərək dedim ki, ”Paşam, çox sevindim və sabah bütün Qafqaz türkləri sevinəcəklər”... Bu vaxt içəri bir paşa daxil oldu. Ənvər Paşa ”bu da istədiyin Nuru” və bizi tanış etdi”.

Beləliklə Nuru Paşa Nağı bəyin istəyi və Ənvər Paşanın razılığı ilə Qafqaz İslam Ordusuna komandan təyin olundu.

Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu Cəbrayıl-Ağdam-Tərtər  və Yevlaxdan keçərək 25may 1918-ci ildə Gəncə şəhərinə gəlib çıxdı.
Öz döyüş yolunu Gəncədən başlayaraq ölkəmizin paytaxtı Bakı şəhərini düşmənlərdən azad edənə qədər sözün həqiqi mənasında qəhrəmanlardan təşkil edilmiş bu ordu, Nuru Paşanın rəhbərliyi altında Göyçay, Qaraməryəm, Müsüslü, Kürdəmir, Şamaxı, Sığırlı, Hacıqabul, Qarasu kimi onlarla yaşayış məntəqəsini qəddar düşmənlərdən azad etdi. Bu döyüşlərin içərisində öz əhəmiyyətinə görə Qaraməryəm uğrunda iyunun 27-30-u arasında olan savaş xüsusi əhəmiyyət kəsb edirdi və qalan digər döyüşlərin qələbə ilə nəticələnməsində istinad rolunu oynadı.

Qafqaz İslam Ordusu ölkəmizi təkcə bolşevik-daşnak quldurlarından azad etmədi, həm də Azərbaycana o dövr üçün ciddi sayıla biləcək qayda-qanun gətirdi .

Manaf Süleymanov özünün “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında yazır ki, “...bir çörəksatanın müştərilərdən bir şahı artıq aldığına görə qulağını dükan qapısına mıxlamışdılar”. Müəllif başqa bir yerdə qeyd edir ki, “...bir dəfə daha böyük komandirin acığı tutmuşdu. Stolun dalından dikəlib üzbəüz oturmuş bizim komandirin iki tərəfdən bığlarından yapışaraq göyə qaldırdı, zərblə yerə çırpdı: ”Yahu, islam övladlarını gavura hədəf çevirmək istəyirsənmi?” deyə qışqırdı”.

29 yaşlı bir paşa nə edə bilərdisə, Nuru paşa ondan artığını cəmi 160 gün müddətinə edə bildi. O, həm qocaman Osmanlı rəhbərliyinin, həm də Azərbaycan  türklərinin  ümidlərini doğruldaraq, öz adını tarixə və hər bir Azərbaycan türkünün qəlbinə yazdı.

2012-ci ilin fevral ayında türk kinematoqrafiyası tarixində ən böyük büdcəyə malik olan və İstanbulun fəthindən bəhs edən ”Fetih 1453” adlı filmi ekranlara çıxdı. Filmin bir yerində qeyd edilir ki, ”Peyğəmbər əfəndimiz buyurdu ki, Konstantiniyyə əlbət bir gün fəth olunacaqdır. Onu fəth edən komandan nə gözəl komandan, onun əsgəri nə gözəl əsgərdir”.

Bir gün müqəddəs Qarabağ torpaqlarımız da erməni-rus işğalından azad ediləcək. “Onu azad edən komandan nə böyük komandan, o əsgər nə gözəl əsgərdir” deyə bilərik. Və heç şübhəsiz, O komandan bundan sonrakı tariximizdə ən azından Nuru paşa qədər seviləcəkdir. Allah o əsgərlərin əqlini iti, qolunu qüvvətli etsin. Onda heç şübhəsiz Nuru paşanın da ruhu sevinəcəkdir. İnşallah!!!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər