Modern.az

Regionların “kiçik padşahları” – icra başçıları – I

Regionların “kiçik padşahları” – icra başçıları – I

6 Mart 2012, 16:33

Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan Rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır.
Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.

Elə martın 1-də Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi. Quba hadisəsi bir daha göstərdi ki, bəlkə də icra başçısı kənardan gətirilən şəxs olmasaydı, qubalıların öz arasından çıxan kadr olsaydı, bu hadisə də baş verməzdi. Ola bilər səhv düşüncədi...
Qubadan qovulan sabiq icra başçısı Rauf Həbibov da əslən oradan deyildi, o, 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Qubalılar deyirlər ki, Həbibovun onların problemlərinə can yandırmaması bir yana, təhqirlərə yol verməsinə dözə bilmədilər. Regionlarda yaşayanların 80 faizi belə düşünür ki, icra başçısı o rayonda doğulan, camaat arasından çıxan, əsli-kökü oralı şəxs olmalıdır. Hər halda yerlərdə belə düşünürlər.

Maraqlıdır, Azərbaycanda hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?

Modern.az-ın əməkdaşı Rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa çalışıb. Beləliklə,

4 rayona başçılıq edən Qaraşov

Başlayaq Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdan. O, əslən astaralı deyil. Taleh Azay oğlu Qaraşov 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. İxtisası inşaatçı-mühəndis və politoloqdur. 
1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı “Şirvanmeliosutikinti” trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991-1996-cı illərdə Kürdəmir rayon İcra hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı işləyib.
2002-ci ildə onun işi yeri dəyişdirilib. T.Qaraşov 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Prezidentin 26 aprel 2011-ci il tarixli sərəncamı ilə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Keçmiş bələdiyyə sədri - indiki icra başçısı

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da əslən buralı deyil. Zakir Fərəc oğlu Fərəcov 1954-cü ildə Laçın rayonunun Qazıdərə kəndində anadan olub. 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Hərbi xidmətdə olandan sonar Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlayıb.
1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olub və 1980-cı ildə həmin İnstitutu bitirib.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.
1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak edib və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib. 2005-ci ilin avqust ayının 11-də Prezident onu Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Ağsuluların bəxti gətirib

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev isə əksinə, əslən elə buralıdır.
Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub.
1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirib və 1975-1976-cı illərdə hərbi xidmətdə olub. 1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb. 1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub. 1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı vəzifəsində çalışıb.
1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışıb.
2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləyib.
18 dekabr 2007-ci il tarixində Prezidentinin sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Bu da sənə yerli kadr. Biz bilmirik Ənvər müəllim necə işləyir, bunu ağsululardan daha yaxşı heç kim deyə bilməz. Ənvər Seyidəliyev özlərininkidir, kim bilir, bəlkə də ağsuluların ətini yesə də, sümüyünü atmaz...

Polis rəisliyindən icra başçılığına davam edən yol

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov da elə ağdamlıdır. Sadıqov Nizami Yəhya oğlu 1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olub. 1957-1967-ci illərdə Ağdam İnternat məktəbində oxuyub. 1967-69-cu illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda oxuyub. 1969-1971-ci illərdə Moskvada Kantimirovski Tank Diviziyasında hərbi xidmətdə olub və hərbidən kiçik leytenant kimi tərxis olunub.
1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnistutunun tarix fakültəsində, 1980-cı ildən 1985-ci ilə kimi isə Moskva Polis Akademiyasında təhsil alıb. Əmək fəaliyyətinə 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunda başlayıb. Belə ki, 1971-ci ildən 1974-cü ilə kimi Ağdam Kənd Təsərrüfatı Texnikumunda hərbi rəhbər vəzifəsində işləyib. 1974-cü ildən 1990-cı ilə qədər azadlıqdan məhrum olunma müəssisələrində inspektor, baş inspektor, müavin və rəis vəzifələrində çalışıb.1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində, 1992-2008-ci illərdə isə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında Polis rəisi vəzifələrində işləyib. Qarabağ müharibəsi veteranıdır. Şuşa şəhəri və Ağdam rayonu işğal edildikdən sonra toylarda oynamağı özünə yasaq edib.
1970-ci ildə “Lenin 100 illik medalı” və 2006-cı ildə isə “ İgidliyə görə” medalı ilə təltif edilib.
Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ağcabədinin icra başçısı bankir olub

Ağcabədiyə də başçı kənardan gətirilib. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov əslən buralı deyil.
Şahin Kərim oğlu Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub.  1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxuyub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.
1975-1983-cü illərdə “Azelektromontaj” idarəsi və  Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib.
1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
1983-1992-ci illərdə Azərbaycan  LKGİ Bərdə  rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin “Azəraudit” mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başcısının sosial - iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000 ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb.
Ölkə Prezidentinin 26 dekabr 2005- ci il tarixli sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. YAP Siyasi Şurasının üzvüdür.

Hələlik 5 rayonun icra başçısının tərcümeyi-halını təqdim etdik. Onların arasında əslən işlədikləri rayonlardan olanlar da var, olmayanlar da. Necə fəaliyyət göstərdiklərinə gəlincə, bunun ən yaxşısını bir özləri, bir də yerli sakinlər bilir…

Ardı olacaq…

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər