Bir neçə il öncəyədək Azərbaycan hökumətinin tərkibində yer alan sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin hazırda harada yaşadığı, hansı fəaliyyətlə məşğul olduğu barədə mətbuat tez-tez müxtəlif məlumatlar yayır.
Modern.az saytı sabiq nazirin özü ilə əlaqə saxlamağa müvəffəq olub, əməkdaşımız Heydər Babayevdən nə işlə məşğul olduğunu soruşub.
Sabiq nazir suallarımıza qısaca olaraq belə cavab verib:
“Hazırda özümə baxıram. Bakıdakı bağ evimdə yaşayıram, dincəlirəm”.
Əməkdaşımızın ”hansısa vəzifəyə təyinatınız mümkündürmü, bunu gözləyirsinizmi” sualına Heydər Babayev “perspektivdə heç nə gözləmirəm” deyə cavab verərək dəstəyi asıb.
Sabiq iqtisadi inkişaf naziri Heydər Babayev mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi. 1997-ci ildən Rusiyadakı “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. Və o, 2005-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Vəzifədə olduğu müddətdə qeyri-rəsm şəkildə həm də bizneslə məşğul olan Heydər Babayev “ABU” şirkətlər qrupunu yaratmışdı.
2005-ci il oktyabrın 19-da Heydər Babayev prezident İlham Əliyev tərəfindən yeni vəzifəyə - iqtisadi inkişaf naziri postuna təyin olundu. Amma cənab Babayev bu nazirlikdə çox işləyə bilmədi. 2008-ci il oktyabrın 30-da Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən azad olundu.
Məlumatlara görə, H.Babayev hazırda bizneslə məşğuldur. Onun gah Azərbaycanda, gah da xaricdə olduğu bildirilir.
Modern.az