Modern.az

Təmiz vicdan neftlə çirklənəndə

Təmiz vicdan neftlə çirklənəndə

14 Mart 2012, 13:58

Görəsən neftxudalarımız Heydər Əliyevin Sorosa etirafından xəbərdardılarımı...?

Hərdən yolum Açıq Cəmiyyət İnstitutunun Bakı nümayəndəliyindən düşəndə ofisin bütün mərtəbələrində divara vurulmuş “Xalq qəzeti”nin 2003- cü il 28 may sayını sanki ilk dəfə görürmüş kimi maraqla oxuyuram. Bilirsiniz niyə? Çünki orada dünyaca məhşur Corc Sorosun Bakıya səfərindən və Heydər Əliyevlə söhbətindən bəhs edilir, səhhətindəki ciddi problemlərə baxmayaraq (o cəmisi bir ay əvvəl Respublika Sarayında hərbi məktəbin müdavimləri qarşısında çıxışı zamanı yıxılaraq bir neçə qabırğasını sındırmışdı) Azərbaycan prezidenti amerikalı milyarderlə söhbətləşməyi lazım bilir və ona neft pullarının bir sentinin də oğurlanmasına imkan vermədiyini, bunun üçün beynəlxalq maliyyə institutlarının ciddi maneəsinə baxmayaraq Neft Fondu yaratdığını bildirərək vicdanının təmiz olduğunu söyləyir...

Hər dəfə qəzetin bu səhifəsini oxuyanda Heydər Əliyevin həmin sözləriylə bağlı hökmən bir yazı yazmalı olduğumu düşünür, binadan çıxanda isə qayğılar burulğanında bu iddiam dərhal da yaddan çıxırdı. Bir neçə gün öncə isə İctimai Palatanın sessiyasında Cəbhə hakimiyyətinin baş naziri olmuş Pənah Hüseynin “biz hakimiyyətə gələrək xalqın banklara borcunu ödəyəcəyik, özəlləşdirməni yenidən keçirəcəyik, talanmış mülkiyyəti halalca sahiblərinə qaytaracağıq, nəhayət,  xalqın boğazında kəsilib oğurlanmış neft milyardlarını geri qaytaracağıq” bəyanatını eşidəndə də həmin “vicdan” məsələsi məni rahat buraxmadı.

İki gün öncə isə ABŞ prezidenti Barak Obamanın dünyaya səslənərək az qala “neft” adının çəkilməməsini xahiş etməsi, bununla da dünya bazarında neftin qiymətini fırladan “spekulyantlar”ın çörəyinin kəsilməsini istəməsi artıq məni rahat buraxmayan son damla oldu və tam qət etdim ki, nəinki yazmaq vaxtıdır, hətta yazmamaq “vicdan” məsələsində indiki neftxudalarla bir sırada dayanmağa bərabər bir qəbahətdir...

Hər dəfə mətbuatda neft pullarının yağı malı kimi sağa- sola xərcləndiyi barədə yazıları oxuyanda Heydər Əliyevin həmin fikirlərini qeyri- iradi xatırlayıram və bir suala cavab axtarmağa çalışıram ki, görəsən o sağ olsaydı, məmurlar bu pulların indiki kimi göyə sovrulmasına cəsarət edərdilərmi? Hər dəfə də “vicdan” məsələsini xatırlayıb “qətiyyən” cavabıyla ani rahatlıq tapıram.

Bəli, mən tam əminəm ki, idarəetmədə çoxsaylı qüsurlarına baxmayaraq Heydər Əliyev indikilərlə müqayisəolunmaz bir təcrübəli dövlət xadimi idi və əgər o, bu günlərədək salamat qala bilsəydi, istər siyasi hakimiyyətin müxalifətlə davranışlarında, istərsə də bütövlükdə məmləkət əhlinin güzəranında yaxşıya doğru ciddi dəyişikliyin şahidi olardıq. Etiraf etmək lazımdır ki, Heydər Əliyevin başı 1993-1995-ci illərədək daxili narazılıqları yatırtmağa və rəqiblərini sıradan çıxarmağa qarışdı, 1995-1997-də isə hakimiyyətdaxili hərc- mərcliyi neytrallaşdırmağa, sonralarsa canı ilə əlləşdiyindən demək olar ki, enrjisini yalnız bu istiqamətə xərcləməyə məcbur oldu.

Unutmamalıyıq ki, 2003- cü ildə o, bu dünyadan köçərkən Azərbaycanın bütövlükdə dövlət büdcəsi vur- tut 600 milyon dollar idi. Bu günsə bu büdcənin 20 milyard dollar olduğunu, əlavə olaraq 50 milyard dolların rezerv vəsait kimi xarici banklarda “mürgü vurduğunu”, hökumətin indi 600 milyonu saymazyana şəkildə az qala bir ortabab layihəyə ayırdığını nəzərə alsaq, fərqli mənzərəni gözlərimiz önündə canlandıra bilərik. Buradan asanlıqla belə qənaətə gəlmək olar ki, Heydər Əliyevdən fərqli olaraq “neftxudalarımız”ın vicdanı elə neftimizin rəngi kimi qapqaradır və əslində bununla onlar təkcə dövlətə və xalqın malına qəsd yox, həm də Heydər Əliyevin ruhuna qarşı hörmətsizlik etmiş olurlar.

Görəsən başları neft milyardlarından daha çox pay qoparmağa qarışan sərvət ovçuları bunun fərqindədirlərmi və o biri dünyada ona nə cavab verəcəklər...?

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər