Doğrudanmı, 1993- cü ilin 2 aprelində Kəlbəcərin işğalı zamanı mülki əhalini çıxarmaq üçün Elçibəyin Süleyman Dəmirəldən helikopter istəməsinə Türkiyənin o vaxtkı baş naziri əhəmiyyət verməyib...?
Bir müddət öncə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev mətbuatda iddia etmişdi ki, hələ 1993-cü ilin 2 aprelində Kəlbəcərin işğalı zamanı mülki əhalini çıxarmaq və ikinci Xocalı faciəsinin yaşanmasını önləmək üçün Azərbaycan Prezidenti Əbülfəz Elçibəy kömək üçün Türkiyə Cümhuriyyətinin baş naziri Süleyman Dəmirəldən bir neçə helikopter xahiş etsə də, qardaş ölkə rəhbərliyi NATO üzvlüyünü və daha bir sıra bəhanələr gətirərək Azərbaycandan edilən bu çağırışa, haraya məhəl qoymayıb.
AXC hakimiyyətində parlamentin sədri olmuş Müsavat başqanı İsa Qəmbərdən bu barədə hər hansı məlumatı olub-olmadığını soruşduq. O, bildirdi ki, məlumatları kifayət qədərdir, ancaq bildiyi məlumatların hamısını sərgiləyərək özünü məlumatlı kimi nümayiş etdirməyə ehtiyac duymur:
“Bu, Prezident Elçibəylə Türkiyənin dövlət xadimləri arasında gedən söhbətlərdə ortalığa çıxan məqamlarla bağlıdır. Bu barədə də mətbuatda kifayət qədər yazılıb”.
Həmin dövrdə Azərbaycanın baş naziri olmuş Pənah Hüseyn bu barədə mətbuatda yayılan xəbərlərin, konkret olaraq bir müddət öncə Qüdrət Həsənquliyev tərəfindən iddia olunan məsələnin ara söhbəti olduğunu bildirdi:
“O zaman mən özüm Kəlbəcərdə olmuşam və mülki əhalinin çıxarılmasında bilavasitə iştirak etmişəm. Həmin dövrdə Azərbaycan tərəfinin helikopterə heç bir ehtiyacı yox idi və bildiyim qədər də Elçibəy tərəfindən Türkiyə rəhbərliyinə bu məzmunda hər hansı xahiş edilməyib. Səhv etmirəmsə, həmin dövrdə Azərbaycanın 50- yə yaxın helikopteri var idi”.
Modern.az