Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gələcəkdə şəhərdə görüləcək yeni işlərlə bağlı məlumatlar verib. Bunlardan biri də Gəncədə tramvay nəqliyyatınını yenidən bərpa edilməsi məsələsidir. Belə ki, fəaliyyətini 16 oktyabr 1976-cı il tarixindən dayandırmış tramvayın öz fəaliyyətinə yenidən başlaması üçün işlər gürüləcək, yeni tramvay yolları çəkiləcək.
Modern.az saytının məlumatına görə, icra başçısı deyib ki, tramvay yolunun şəhərin hansı hissəsində salınması aparılan geoloji işlərdən sonra məlum olunacaq.
Qeyd edək ki, 1923-cü ildən 33-cu ilədək Gəncədə “Kukuşka” – buxarla işləyən tramvay işləyib. Təxminən 4-5 vaqon qoşulan “Kukuşka” şəhərin nəqliyyata olan tələbatını ödəmədiyi üçün ləğv edilib. Bir ildən sonra - 1 may 1933-cü ildə şəhərdə ilk elektrikli tramvay xətti açılıb. Bu nəqliyyat növü şəhərin əsas məhəllələrini əlaqələndirib. Sovet istehsalı olan “MS-1” markalı vaqonlar 4 xətdə işləyib. Şəhər əhalisinə 43 il xidmət göstərən tramvay daha sonra öz yerini trolleybuslara verib. Relslər və depo sökülüb, vaqonlar isə Bakıya göndərilib.
Təxminən 10 il öncə isə trolleybuslar da şəhər nəqliyyatı sıralarını tərk edib. Halbuki, hər iki nəqliyyat növü ekoloji baxımdan çox sərfəli hesab olunur.
Modern.az