Əvvəllər toya bir il qabaqdan hazırlaşardılar. Bütün qohum -əqrəba toyun hazırlıqlarına qoşulardı. Lap nağıllardakı kimi... Qıx gün-qırx gecə toyun yorğunluğu ailənin canından çıxmırdı. Amma indi bu adət-ənənədən əsər-əlamət qalmayıb...
Zaman keçdikcə toylarımızın da forması dəyişdi. Əksəriyyət indi adət -ənənələrə uyğun toy arzulayır. Amma kimsə buna əməl etmir.
Daha çox yaşlı nəsil adət-ənənələrimizi üstün tutaraq, övladına gördüyü kimi toy arzulasa da, gənc nəslin nümayəndələri “Qonşudan geri qalmamaq” prinsipini əsas tutaraq buna qarşı gedir.
Tanınmış şair Musa Yaqub deyir ki, ağaclarımız, bağlarımız toya həsrətdir: “Əvvəllər toylar açıq havada keçirilərdi, aşıqlar dastanlar deyərdi, səsi də bir kənddən o biri kəndə yayılardı, hazırda isə toy adətləri cılızlaşıb”.
Şair müasir toyların şadlıq evlərində keçirilməsindən çox narahatdır: “İndi toylarda musiqi adamların biri-biri ilə danışmasına imkan vermir. Yemək məsələsində də həddən artıq israfçılığa yol verilir. Avropalaşmaya meyl artır ki, bu da milli adət-ənənələri sıradan çıxarır. İndi toylar daha çox “çərçivəyə salınmış toy “lardır”.
Millət vəkili Musa Quliyev da deyir ki, şadlıq evlərində keçirilən toylar onu razı salmır: “İndiki toylar bir müğənniyə, bir də şadlıq evinin sahibinə xidmət edir. Bundan nə toy sahibi, nə də toya gələn qonaqlar həzz ala bilir. Bunu adətlə bağlamaq lazım deyil, sadəcə, dövrün tələbidir”.
Folklorşünas Qalib Sayılov isə hesab edir ki, Avropa adət-ənənələrinə uyğunlaşma informasiya texnologiyasının inkişafı ilə bağlıdır: ”İndiki toylar soyğunçuluqdu. Toy sahibi şadlıq evi sahibi tərəfindən istismar olunur, toya gələn də toy sahibi tərəfindən istismar olunur. Şadlıq sarayı istismarçı zümrədi, xalqın toy adət-ənənəsinə müdaxilədir”.
Onun fikrincə, əvvəllər toy ictimai hadisə idi, toya hazırlıq gedirdi, toyxana tikilirdi, qohumluq-əqrəbalıq münasibətləri inkişaf edirdi:
“İndi isə toya bir saat qalmış zəng gəlir ki, bəs, filan yerdə keçiriləcək toya dəvətlisən. Bu, toy deyil, əndrəbadi bir şeydi”.
Həmsöhbətimiz müasir toyların əvvəlki toylarla müqayisədə həm musiqi, həm də tərtibat cəhətdən zövqləri oxşamadığını bildirir.
Yazıçı-kulturoloq Aydınxan Əbilov köhnə toy adət ənənələrinin itməsini bizim surət əsrində yaşamağımızla, hər dövrün özünün diqtəsinin olması ilə izah edir. Onun sözlərinə görə, köhnə adətləri hazırki vaxtda tətbiq etmək mümkünsüzdü:
“Əgər toylarımız çadırlarda keçirilərsə, paytaxtda həyat iflic vəziyyətinə düşər. Bu heç paytaxtımızın iqlim şəraitinə də uyğun deyil. Forma olaraq toyların şadlıq evində keçirilməsinin əleyhinə deyiləm. Amma toyların mahiyyətinin fəlsəfəsinin dəyişilməsinə ehtiyac var. Nə qədər tənqidi yanaşsaq da, nə qədər milli dəyərlər sıradan çıxsa da, prinsip etibarilə şadlıq evlərində toyların keçirilməsinin tərəfdarıyam”.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal müasir toyların əndazəni aşdığı düşüncəsindədir: “Süfrələrin qida məhsulları ilə ifrat dərəcədə doldurulması, sonradan həmin məhsulların qalıq yemək kimi geri qayıtması, bayağı və qulaq batıran musiqinin, cürbəcür ritualların, gərəksiz xərclərin və s. Olması bu gün Azərbaycan toyunu eybəcər vəziyyətə gətirib çıxarıb.
Adətən kənd toyları olanda şəhərdə adamlar sevinirdi ki, kənddə mağar toyuna gedəcək və kənd toyunun yeməklərini dadacaq. Bu gün tək rayon mərkəzlərində deyil, kəndlərdə də şadlıq sarayları tikilir və kənd toyunun menyüsü də şəhər toyunun menyüsü ilə eyniləşib”.
A.Camal milli toylarımızda milliliklə çağdaşlığın vəhdətini yaratmaq, qədim toy adətlərinin gözəl örnəklərini götürmək, onu bu günümüzün imkanları ilə uyğunlaşdırıb, daha yaxşı olanlarını götürüb milli toy modelini ortaya qoymaq kimi təkliflər səsləndirdi.
Aygün ASIFQIZI