Modern.az

Elşad Abdullayevi Sahibkarlar Şurasının üzvlüyündən çıxartdılar

Elşad Abdullayevi Sahibkarlar Şurasının üzvlüyündən çıxartdılar

12 Aprel 2012, 11:20

Modern.az saytının məlumatına görə, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) mühacirətdə olan rektoru Elşad Abdullayev Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvlüyündən çıxarılıb.

Bununla bağlı saytımıza verilən məlumatda bildirilib ki, E.Abdullayev şura yaranandan indiyədək qurumun üzvü olub. E.Abdullayev Azərbaycanı tərk etməyənə qədər Sahibkarlar Şurasının ölkə prezidentinin iştirakı ilə keçirilən bütün toplantılarında iştirak edib.

Qeyd edək ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev hazırda Avropada – Fransada mühacir həyatı yaşayır. O, bu yaxınlarda Modern.az saytına açıqlamasında “mən Azərbaycanı birdəfəlik tırk etməmişəm, Azərbaycan  mənim  vətənimdi. Mən ölkəmə qayıdacağam, amma bunun nə vaxt baş verəcəyini deyə bilmərəm” demişdi. Rektor saytımıza onu da söyləmişdi ki, ABU-nun bağlanması ona olan qərəzli münasibətin nəticəsidir.

Azərbaycan Beynəlxalq Universiteti Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu alıb. ABU-nun fəaliyyəti  2010-cu ilin sentiyabr ayında dayandırılıb. Bununla bağlı 2010-cu il sentyabrın 1-də təhsil naziri Misir Mərdanov əmr imzalayıb. ABU bağlanandan sonra onun yüzlərlə tələbəsi heç bir ali məktəbə yerləşdirilmədi, bir qrup məzun isə dipomla təmin olunmadı.

E.Abdullayev isə ölkəni tərk edərək Fransaya getdi. Ondan sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq ABU-nun nəzdində fəaliyyət göstərən tibb mərkəzində insan orqanlarının qanunsuz transplantasiyasının həyata keçirildiyini bəyan etdi.
E.Abdullayev isə xaricdən bəyan etdi ki, bunlar ona qarşı təzyiqlərin tərkib hissəsidir. O, hüquq-mühafizə orqanlarını qardaşı Mahir Abdullayevin oğurlanmasında itiiham etdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi