Modern.az saytı xəbər verir ki, Prezident İlham Əliyev daha bir neçə rayonun icra başçısını dəyişdirib.
Prezidentin aprelin 14-də imzaladığı sərəncamla Taleh Azay oğlu Qaraşov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Taleh Qaraşov bu vəzifəyə Astaradan gətirilib. Bu təyinatadək Taleh Qaraşov Astara rayonu İcra Hakimiyyətinin başçısı postunu tuturdu.
Prezidentin digər sərəncamı ilə Tofiq Hüseyn oğlu İbrahimov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Prezidentin başqa bir sərəncamı ilə Qəzənfər Arif oğlu Ağayev Masallı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ölkə başçısı Qəzənfər Ağayevi Astara rayonu İcra Hakimiyyətinin başçısı təyin edib.
Prezident Masallı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə Rafil İsrafil oğlu Hüseynovu təyin edib.
Ölkə başçısı eyni zamanda Əlibaba Nəcəf oğlu Əliyevi Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Modern.az