Modern.az

Regionların “kiçik padşahları” - icra başçıları - X YAZI

Regionların “kiçik padşahları” - icra başçıları - X YAZI

17 Aprel 2012, 11:50

Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır. 

Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.

Son vaxtlar yuxarı instansiyalara ünvanlanan şikayətlərdə icra başçılarının adları tez-tez hallandırılır. Elə martın 1-də Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi..

Maraqlıdır, Azərbaycanda rayonların icra başçıları kimdirlər, hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?
Modern.az-ın əməkdaşı rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa davam edir. Ötən günlərdə 45 rayon və şəhərin İcra Hakimiyyəti başçısının tərcümeyi-halını, harada doğulduqlarını diqqətinizə çatdırmışdıq. 

Beləliklə, daha 5 icra başçısı ilə bağlı təqdimata baxaq. Şərhsiz, filansız...

Prezidentin mükafatlandırdığı icra başçısı

Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı Nazim Veysovun tərcümeyi-halı barədə çox da geniş məlumat tapa bilmədik. Nazim Veys oğlu Veysov 10 avqust 1950-ci ildə anadan olub. Əmək fəaliyyətinə 1967-ci ildən başlayıb. Keçmiş Xanlar rayonunda müxtəlif vəzifələrdə işləyib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
İki seçki Yeni Azərbaycan Partiyası Xanlar rayon təşkilatının sədri seçilib.
24 mart 2003-cü ildən 11 aprel 2005-ci il tarixinədək Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Prezidentin 11 aprel 2005-ci il tarixli sərəncamı ilə Şəmkir rayonu İcra Hakimiyyətinın başçısı vəzifəsinə təyin olunub. Nazim Veysov düz 7 ildir Şəmkirdə icra başçısı postunu tutur.
Şəmkir rayonu İcra Hakimiyyətinın məlumatına görə, icra başçısı hər həftənin cümə günləri vətəndaşlar üçün qəbul keçirir. Qəbulda N.Veysovun şəxsən özünün olub-olmadığını isə şəmkirlilər yaxşı bilirlər.
Yeri gəlmişkən, N.Veysov azsaylı icra başçılarındandır ki. Prezident onu təltif edib. 2010-cu ilin avqustunda Nazim Veys oğlu Veysov Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Prezident İlham Əliyevin sərəncamı ilə Nazim Veysov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Həm Şuşanın, həm də Dağlıq Qarabağ azərbaycanlılarının başçısı

Şuşa rayonu İcra Hakimiyyətinin başçısı Bayram Səfərov həm də Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasına rəhbərlik edir. O, əslən elə şuçalıdır. Bayram Əsəd oğlu Səfərov 1951-ci ildə Şuşada anadan olub. İxtisasca iqtisadçıdır. Şuşa rayon İstehlak Cəmiyyətinin sədri, rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib.
Daha sonralar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (AZAL) çalışıb.
2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. 2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri seçilib.
5-6 iyul 2011-ci il tarixdə Bakıda keçirilmiş Dünya azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına üzv olub.
Bayram Səfərov Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri kimi daim medianın gündəmindədir. Onu məcburi köçkünlərin kompakt yaşadığı əraziləırdə tez-tez görmək olar. Bu səbəbdən də icra başçısı Şuşa camaatı üçün əlçatmaz deyil...

İcra başçısı yüksək vəzifəli məmurun qardaşıdır

Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə
əslən qonşu bölgədəndir. İcra başçısı həm də Azərbaycanın tanınmış məmurlarından birnin qardaşıdır.
Mübariz Cuma oğlu Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1970-ci ildə Zaqatala Maşın-melorasiya stansiyasınada sahə mühəndisi kimi başlayıb. 1976-1979-cu illərdə Qax rayon Yol İstehsalat Dairəsinində rəis vəzifəsində çalışıb. 1979-1984-cü illərdə Qax rayon Təsərrüfatlararası Tikinti İdarəsində rəis olub. 1985-1989-cu illərdə Qax rayonundakı 94 №-li Səyyar mexanikləşdirilmiş dəstənin rəisi, 1989-2007-ci illərdə Qax "Avtonəqliyyat" müəssisəsinin rəhbəri vəzifəsində işləyib.
27 dekabr 2007-ci ildən -1 sentyabr 2009-cu ilədək Qax rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Prezidentin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Yuxarıda qeyd etdiyimiz kimi, Mübariz Əhmədzadənin qardaşı da yüksək vəzifə tutur. Söhbət  “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd əhmədzadədən gedir.

Köhnə birinci müavin, təzə başçı

Qazax rayonu İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov
qonşu rayondan doğulub. Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olub. Ali təhsillidir. 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.
1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışıb. 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.
06 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mətbuatda aradabir Qazaxın icra başçısı Ayaz Əsgərovun fəaliyyəti barədə tənqidi materiallar yayımlanır. Onun fəaliyyətinə ən düzgün qiyməti qazaxlıların özləri verə bilərlər.

Məşhur Eldar Əzizov

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan miqyasında tanınmış məmurdur. Eldar Əzizov neçə illərdir icra hakimiyyəti strukturunda çalışır. Maraqlıdır ki, uzun müddətdir Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmasına baxmayaraq, bu icra icra qurumunun rəsmi saytına E.Əzizovun bioqrafiyasına yer verilməyib.
Qeyd etdiyimiz kimi, o, uzun illərdir icra hakimiyyəti strukturunda müxtəlif vəzifələr tutub. E.Əzizov 28 iyun 2000-ci il tarixində Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. 2003-cü ilədək burada çalışan E.Əzizov həmin il aprelin 8-də iş yerini dəyişməli olub. Prezidentin  sərəncamı ilə o, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib.
E.Əzizov 8 il Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsində qaldı. Bir çoxları gözləyirdiki Gəncə E.Əzizov üçün tramplin rolunu oynayacaq və onu daha sonra Bakıya mer gətirəcəklər. Lakin deyilənlər gerçəkləşmədi. Belə ki, 18 fevral 2011-ci il tarixində E.Əzizov Gəncədəki vəzifəsindən azad edilərək paytaxta deyil, Sumqayıta gətirildi. O, artıq bir ildir Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Gələn məlumatlara görə, sumqayıtlılar ondan yaman narazıdırlar. E.Əzizovun adı bir sıra qalmqallarda hallandırılır.

Ardı olacaq...

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər