Prezident İlham Əliyevin fərmanı ilə orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarını və dərsliklərin monitorinqini TQDK aparacaq...
Prezident İlham Əliyev “Təhsil haqqında” Qanununun tətbiq edilməsi barədə Fərmanda dəyişiklik edib. Dəyişikliyə əsasən, təhsil alanların biliyinin yenidən qiymətləndirilməsi qaydası müəyyən ediləcək. Nazirlər Kabineti bu qaydaları üç ay ərzində hazırlayıb Prezident təqdim etməlidir.
Prezidentin digər Fərmanı ilə “Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilərək bu qurumun səlahiyyətləri azaldılıb. Belə ki, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində (orta məktəblərdə) ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) səlahiyyəti Təhsil Nazirliyindən alınıb.
Prezidentin digər Fərmanı ilə bu səlahiyyət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilib. TQDK-nın Əsasnaməsinə edilən dəyişikliyə görə, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi bu qurum tərəfindən gerçəkləşdiriləcək.
TQDK həmçinin ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini də həyata keçirəcək.
Bununla bağlı Fərmanda deyilir:
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir ay müddətində:
2.1. aparatında ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmə yaratsın;
2.2. üç regional bölmənin yaradılması barədə təklifini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-teхniki avadanlığın və elektron məlumat bazasının on beş gün müddətində Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi və bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əsaslandırılmış təklifi əsasında bir ay müddətində Komissiyaya ayrılmasını təmin etsin;
4.2. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Modern.az