Son dövrlər əkiz, üçəm, hətta dördəm uşaqların dünyaya gəlməsi halları artıb. Dünyanın ayrı-ayrı yerlərində müşahidə olunan bu hadisələr hərdənbir Azərbaycanda da baş verir. Ötən il respublikamızda dünyaya gələn körpələrin 1506-sı əkiz, 33-ü üçəm olub.
İngiltərənin Əkizlər və Çoxlu doğum Birliyinin apardığı araşdırmalara əsasən əkiz və üçəm uşaqları olan ailələr maddi imkansızlıqdan daha çox şikayətlənir. Əkiz və ya üçəm uşaqları olan ailələrin maliyyə çətinlikləri üzündən ayrılmaq riski daha yüksəkdir. Araşdırmaya görə, əkizləri və ya üçəmləri olan valideynlərin 62 faizinin, tək uşaqlıların isə 40 faizinin iqtisadi vəziyyəti uşaq dünyaya gəldikdən sonra pisləşir. Əkiz və üçəm sahibi olan ailələrin 28, digər ailələrin isə 24 faizində boşanma halları müşahidə edilib.
İki və artıq uşağı olanlar maddi imkansızlıqdan daha çox şikayətlənir və uşaqların təlabatlarını qarşılamaqda çətinlik çəkir. Bu kimi çətinliklər Azərbaycan ailələrindən də yan keçmir. Sovet dövründə üçəm, dördəm uşaqları doğulan ailələrin işini asanlaşdırmaq üçün onlara müəyyən güzəştlər olunurdu, hətta ev, pul vəsaiti verilirdi.
Maraqlıdır, bu gün üçəm, dördəm uşaqları dünyaya gələn ailələrə nə kimi güzəştlər olunur?
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu gün belə güzəştlərin olmamasından təəssüflənir. Onun sözlərinə görə, sovet dövründə belə ailələrə xüsusi güzəştlər var idi, hətta onları mənzillə təmin edirdilər.
”Artıq bu güzəştlər yoxdur. Belə bir məsələ gündəmdə də deyil. Millət vəkili onu da bildirib ki, bu cür güzəştlər təbii artım aşağı olan ölkələdə ailələri maraqlandırmaq məqsədilə həyata keçirilir. Bizdə isə artım yüksək olduğundan buna ehtiyac yoxdur”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdir müavini Elgün Səfərov Azərbaycanda çoxuşaqlı ailələr üçün yeni layihə hazırlandığını deyir. Onun sözlərinə görə, həmin layihəyə əsasən, onların təminatının yaxşılaşdlırılması məqsədilə yeni statusun təqdim edilməsi gözlənilir. Bu statusa uyğun olaraq analar və uşaqların istirahəti, maddi təminatın artırılması həmin layihədə təklif kimi irəli sürülüb. Ancaq bu təkliflər hələ ki layihə şəklindədir. Layihə müvafiq qurumlara təqdim olunub”.
Gültəkin Ələsgər