Modern.az

Regionların “kiçik padşahları” - icra başçıları - XI YAZI

Regionların “kiçik padşahları” - icra başçıları - XI YAZI

Ölkə

25 Aprel 2012, 13:38

Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır. 

Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.

Son vaxtlar yuxarı instansiyalara ünvanlanan şikayətlərdə icra başçılarının adları tez-tez hallandırılır.
Maraqlıdır, Azərbaycanda rayonların icra başçıları kimdirlər, hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?

Modern.az-ın əməkdaşı rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa davam edir. Ötən günlərdə 50 rayon və şəhərin İcra Hakimiyyəti başçısının tərcümeyi-halını, harada doğulduqlarını diqqətinizə çatdırmışdıq. 

Beləliklə, daha 5 icra başçısı ilə bağlı təqdimata baxaq. Şərhsiz, filansız...

Keçmiş 1-ci katib, generalın qardaşı

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov
əslən elə tovuzludur. Tofiq Məhəmmədəli oğlu Zeynalov 1944-cü ildə doğulub. İxtisasca mühəndisdir. Əvvəlcə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını, sonra keçmiş Bakı Ali Partiya məktəbini bitirib. O, Əbdürrəhman Vəzirovun və Ayaz Mütəllibovun respublikaya rəhbərlik etdiyi dövrlərdə Tovuz Rayon Partiya Komitəsinin 1-ci katibi işləyib.
03.01.2001-10.01.2002-ci il tarixləri arasında Kənd Təsərrüfatı Nazirliyi Beynəlxalq əlaqələr idarəsi rəisi vəzifəsində çalışıb.
10.01.2002-ci ildən 02.27.2007-ci ilədək Tovuz Ərazi Kənd Təsərrüfatı idarəsinin rəisi vəzifəsini tutub. 
2005-ci ilin parlament seçkilərinədə 105 saylı Tovuz seçki dairəsindən fərdi qaydada namizədliyini irəli sürüb və 2.71 faiz səslə üçüncü yeri tutub. Yeni Azərbaycan Partiyasının üzvüdür.
27.02.2007-ci il tarixdə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Həmid Bağırov Tovuz rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Tofiq Zeynalov təyin olunub.
T.Zeynalov ölkədə məşhur adamlardan birinin – Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır.

Sahibkarlıqdan icra başçılığına…

Naftalan şəhəri İcra Hakimiyyətinin başçısı Natiq Aslanovu
da əslən bu bölgədən saymaq olar. Natiq Musa oğlu Aslanov 22 avqust 1976-cı ildə Naftalanla qonşu olan Goranboyun Qaşaltı kəndində doğulub.
1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib.
2000-ci ildən 2004-cü ilə kimi “Kəpəz” firmasında alqı-satqı üzrə menecer, 2004-2010-cu illərdə “Tam İnşaat” MMC-nin direktoru vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 25 yanvar tarixli 695 saylı sərəncamı ilə Naftalan şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib. O, vaxtilə YAP-ın ən faəl funsionerlərindən olmuş, sabiq deputat Musa Musayevin yerinə gətirilib.
Naftalan şəhəri İcra Hakimiyyətinin məlumatına görə, Natiq Aslanov hər həftənin II günü vətəndaşlar üçün qəbul keçiri. Bundan başqa, Naftalan şəhəri İcra Hakimiyyəti başçısının vətəndaşlarla yerlərdə səyyari qəbuluna dair iş qrafiki də var.

Əvvəlcə vergidə, sonra neft-qaz sahəsində, indi İcra Hakimiyyətində…
 
Balakən rayonu İcra Hakimiyyətinin başçısı İslam Rzayev isə yuxarıdakı iki məmurdan fərqli olaraq işlədiyi bölgədə doğulmayıb.
İslam Vahid oğlu Rzayev  1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. Bundan başqa, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib.
Sonralar "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini vəzifələrində çalışıb. YAP-ın üzvüdür.
18 may 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Onun necə icra başçısı olduğunu demək çətindir, ən yaxşısnı balakənlilər deyə bilərlər...

Karyera pilləsində maneəsiz irəliləyən başçı

Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov
da əslən buralı deyil. Əhməd Kərəm oğlu Muxtarov 5 fevral 1951-ci ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olub.
1972-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu, 1983-cü ildə Bakı Ali Partiya məktəbini bitirib. İqtisadçı ixtisasına malikdir.
03.01.1968 -22.08.1968-də Yevlax Neftbazasında operator, sonra Yevlax şəhər İctimai iaşə idarəsində mühasib işləyib.
1974-80-ci illərdə Yevlax şəhər komsomol komitəsində komsomol təşkilatları şöbəsinin müdiri, 1980-81-ci illərdə Yevlax rayon Xaldan mal-qara kökəltmə sovxozunda partkom,
1983-91-ci illərdə isə Yevlax rayon XDS İcraiyyə Komitəsinin sədr müavini olub.
1991-97-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısnın aparatında müxtəlif vəzifələr tutub.
1997-2000-ci illərdə Yevlax rayon Kooperativ cəmiyyəti İdarə Heyətinin sədri postunu tutub. 2000-2005-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə yüksəlib. Daha sonra bir il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərdənizneftinşaat trestinin sosial məsələlər üzrə müdir müavini vəzifəsində çalışıb.
29 mart 2006-cı il tarixində Prezidentin 1380 saylı sərəncamı ilə Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

Deputat mandatını itirsə də, icra başçısı ola bildi

Oğuz rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Daşdəmir oğlu Qurbanov bu posta deputat mandatını itirəndən sonra gətirilib.
E.Qurbanov üçüncü çağırış Milli Məclisin deputatı idi. O, 2005-2010-cu illərdə 117 saylı Oğuz-Qəbələ seçki dairəsini parlamentdə təmsil edirdi.
2010-cu il 7 noyabr seçkilərində isə E.Qurbanov kənarda saxlanıldı.
Eyvaz Qurbanov deputatlıqdan əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsini tutub. Sonra Bakı Olimpiya Komleksinin direktoru vəzifəsində işləyən Qurbanov Milli Məclisə də oradan gəlmişdi.
Prezident İlham Əliyev 21 aprel 2011-ci il tarixli sərəncamı ilə Oğuz rayonu İcra hakimiyyətinin başçısını dəyişib. Ölkə başçısının həmin gün imzaladığı sərəncamla Aydın İsmayıl oğlu Əlihüseynov Oğuz rayonu İcra hakimiyyətinin başçısını vəzifəsindən azad edilib. Onun yerinə Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
Eyvaz Qurbanov düz bir ildir icra başçısı postunu tutur. Bu müddət kifayətdir ki, oğuzlular onun fəaliyyətinəq ymət versinlər...

Ardı olacaq...

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər