Modern.az

“Coca-Cola” şirkəti: “Dükanlara bizim içkiləri bahalaşdırmağı qadağan etməmişik”

“Coca-Cola” şirkəti: “Dükanlara bizim içkiləri bahalaşdırmağı qadağan etməmişik”

30 Aprel 2012, 17:59

İqtisadi İnkişaf Nazirliyi bir müddət öncə «Azerbaijan Coca-Cola Bottlers» MMC-yə 1 və 2 litrlik içkilərinin - «Coca-Cola», «Sprite» və «Fanta»- qiymətlərinin əsassız olaraq qaldırılmasına görə xəbərdarlıq edib. Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həmin içkilərin qiymətlərinin artırılmasının təxirə salınmadan dayandırılması barədə şirkətə məcburi göstəriş verilib.

Aprelin 16-da verilən verilən xəbərdarlığa baxmayaraq, Bakıdakı ayrı-ayrı ticarət obyektlərində «Azerbaijan Coca-Cola Bottlers» şirkətinə məxsus 0.5, 1 və 2 litrlik içkilər (“Bonaqua”, “Coca-Cola”, “Sprite” və “Fanta”) üzərində yazılan qiymətlərdən baha satılır. Daha dəqiq “İçərişəhər” və “20 yanvar” metrostansiyası ətrafındakı dükanlarda bu içkilər üzərinə yazılan qiymətdən 10 qəpik baha satılır. Oxuculardan daxil olan şikayətləri araşdıran müxbirimiz də belə halla rastlaşıb.

Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar öncə «Azerbaijan Coca-Cola Bottlers» MMC şirkəti ilə əlaqə saxlayıb. Şirkətin Reklam şöbəsinin rəhbəri Qabil Əhmədov bildirib ki, bu sərbəst bazar iqtisadiyyatı ilə bağlıdır:

“Ölkədə bazar iqtisadiyyatı sərbəstdir. Həmin dükanlara istədikləri qiyməti vermək tövsiyyə olunur”.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev belə bir qanun pozuntusundan xəbərsiz olduqlarını deyib

“Bu məsələ ilə bağlı nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yoxlamalar aparılıb. Aparılan yoxlamalar zamanı heç bir qanun pozuntusu aşkarlanmayıb”.

Biz oxucu şikayəti əsasında reyd keçirib, faktla rastlaşdıq və ünvanı da göstərdik. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir də yoxlaya bilər.


Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi