Mayın 1-dən Rusiya istehsalı olan avtomobillərin Bakıda taksi kimi fəaliyyət göstərilməsinə icazə verilməyəcək. Modern.az saytı xəbər verir ki, Nəqliyyat Nazirliyi Bakı şəhərində taksi fəaliyyəti üçün istifadə olunmasına icazə verilən avtomobillərin siyahısını artıq dəqiqləşdirib. Nazirlik paytaxt Bakıda taksi kimi yalnız Avropa İqtisadi Komissiyasının təsnifatına daxil edilən sərnişin minik avtomobilləri istifadəsinə icazə verəcək. Nazirlik paytaxtda taksi kimi fəaliyyət göstərəcək avtomobilləri siniflərinə görə 3 kateqoriyaya ayrıb. Standartlara görə, avtomobillərin buraxılış ili 5 ildən artıq olmamalıdır.
Mayın 1-dən etibarən Azərbaycana bəzi avtomobillərin gətirilməsi də qadağan olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi “Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası” “AZS 635-2012” dövlət standartının tələblərinə əsasən mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (airbag) olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin Azərbaycana idxalına və Azərbaycanda istehsalına icazə verilməyəcək. Bu qayda hazırda istifadədə olan minik avtomobillərinə tətbiq edilməyəcək.
Eksperetlər deyirlər ki, yeni qaydalar əsasən Rusiyadan Azərbaycana avtomobil ixracını məhdudlaşdıracaq. Çünki Rusiya istehsalı olan “Şiquli”lər sözügedən tələblərə cavab vermir.
Modern.az