“Qərb dövlətləri məhz Rusiyaya görə Qarabağ məsələsində Azərbaycana kömək etmirlər” Bu sözləri politoloq Vəfa Quluzadə Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun Qarabağ probleminin həlli üçün Azərbaycanın yeni siyasi bloklara qoşulacağı ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən bildirib. Politoloq Modern.az-a deyib ki, Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycana dəstək verə biləcək qurum yoxdur:
“Məncə, belə bir qurum, təşkilat olarsa, Azərbaycan birbaşa həmin quruma üz tutar. Başqa bir qurum isə Rusiyadır. Rusiya da torpaqlarımızı işğal edən tərəfdir. Kimə üz tutacağıq, bunu mən deyə bilmərəm. Bəli bizə başqa birliklərə qoşulmaq üçün təkliflər olunur. Ancaq Azərbaycanın müstəqilliyinin təhvil verilməsi təklifi irəli sürülür. Bu günə qədər Azərbaycan öz müstəqilliyini qoruyub təhvil verməyib. Sonda yəqin ki, çarə Əl-Qaidə ilə birləşməkdir. Mən başqa heç nə demək istəmirəm”.
V.Quluzadə qeyd edib ki, Qərb dövlətlərinin Azərbaycana Dağlıq Qarabağ məsələsində dəstək verməməsinin ən başlıca səbəbi Rusiyadır. Politoloqun sözlərinə görə, Rusiya süqutqa uğramayınca, heç kim Azərbaycana kömək etməyəcək.
“Xarici dövlətlər bizə niyə dəstək versinlər ki? Bizim torpaqlarımızı işğal edən Ermənistan deyil, nüvə dövləti olan Rusiyadır. Onlar da Rusiyanı yavaş-yavaş dağıdırlar. Birdən-birə bu çətin alınar. Nə zaman ki, neftin qiymətini 30-40 dollara salacaqlar Rusiya məhv olacaq. Onda Qarabağ məsələsini həll etmək olacaq. Belə gedişlə heç kim bizə Qarabağ məsələsində kömək etməyəcək”-deyə V.Quluzadə vurğulayıb.
Qeyd edək ki, “Bloomberg Bussinesweek” agentliyinin yaydığı məlumata görə, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində Qərbdən dəstək almayacağı təqdirdə Avropa ilə münasibətləri yenidən qiymətləndirərək yeni siyasi bloka daxil olacağını bildirib.
Anar RÜSTƏMOV