Hər tədris ili öncəsi orta məktəblərdə bəzi müəllimləri dərs demək üstündə baş yarırlar. Bu xüsusilə ibtidai sinif müəllimlərinə aiddir. Onların çoxu işsizlik problemi ilə üzləşməməkdən ötrü dərslər başlamazdan iki-üç ay öncə qapı-qapı düşüb uşaq yığıb sinif düzəldirlər. Müəllim adına yaraşmasa da, onların çoxu dost-tanışa uşaqlarını siniflərə qoymaları üçün minnətçi də düşürlər. Bir sıra hallarda vəziyyətdən sui-istifadə edən direktorlar həmin müəllimlərə sinif vermək üçün onlardan böyük məbləğdə rüşvət də alırlar. Belə halların əsasən Bakı məktəblərində yaşandığına dair məlumatlar var.
Bütün bunların səbəbi ölkədə bu sahə üzrə ixtisaslı kadrların tələbatdan artıq olmasıdır.
Qeyd edək ki, bu gün ölkədə 7 ali, 15 orta ixtisas məktəbində ibtidai sinif müəllimi hazırlanır.
Əgər iş yeri azalıbsa, hər il ibtidai sinif müəllimi ixtisasına yiyələnən kadr buraxılması nəyə və kimə lazımdır?
Bu ixtisas üzrə qəbul planının azaldılmasının vaxtı çatmayıbmı? Modern.az saytı bu məsələyə münasibət öyrənib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev bunun elə də ciddi problemlər olmadığını düşünür: “Düzdür, bu gün ibtidai sinif müəllimlərinin bir qismi sinif yaranmadığından öz ixtisası üzrə dərs deyə bilmir. Amma buna görə qəbul planını azaltmaq da olmaz. Bu ibtidai sinif müəllimlərinin çoxluğu, bizə yaxşı pedoqoqu seçməyə imkan verəcək. O demək deyil ki, onların hamsı işlə təmin olunmalıdır. Ola bilər ki, həmin müəllimlərdən xeylli hissəsi işləməsin.Yaddan çıxarmamalıyıq ki, yaxşı mütəxəssis heç vaxt işsiz qalmır. Sabah onların arasında ən yaxşılar, savadlıları işə götürüləcək. Məsələn, Yaponiyada bütün orta ixtisaslı insanların hamısı ali təhsil almağa yönəldilib. Azərbaycanda bu 25 faiz təşkil edir. Bu o demək deyil ki, ali təhsil alanların hamısı işlə təmin olunmalıdır. Bu gün hər hansı ali məktəbə qəbul olanlara təminat verilmir ki, onlar ali məktəbi bitirdikdən sonra işlə təmin olunacaq. Artıq Türkiyədə də ali təhsil almaq vacibləşib. Amma bu kimi ölkələrdə də işsizlik problemi yaşanır”.
Təhsil üzrə ekspert Etibar Əliyev isə bildirir ki, bu insan hüquqlarının pozulması deməkdir: “Vətəndaş təhsil alır ki, işləsin. Ona görə də Təhsil Nazirliyi bu ixtisas üzrə plan tərtib etdikdə tələbatı nəzərə almalıdır. Amma nazirlik ehtiyac olmadığı təqdirdə, bilə-bilə insanın bu ixtisas üzrə təhsil alıb sonra işsiz qalmasına şərait yaradır. Ümumiyyətlə, bu problem tezliklə həll olunmalıdır. Əks halda, əli diplomlu işsiz ibtidai sinif müəllimi ordusu yaranacaq. Əhalinin bu peşəyə meylini göstərən əksər özəl və dövlət ali məktəblərinin, texnikumlarının rəhbərləri hər il ibtidai təhsilin pedoqogikası və metodikası fakültəsinə yüzlərlə tələbə qəbul edirlər. Amma bu tələbələrin ali məktəbi bitirəndən sonra harada işləyəcəkləri hələki heç kimi narahat etmir. Belə fakültələri azaltmaq əvəzinə, texniki profilli təhsil müəssisələrində də yeni ixtisaslar açılır. Bu da heç bir məntiqə sığmır. Hazırda regionlalarda da pedoqoji texnikumlar fəaliyyət göstərir”.
Etibar Əliyev deyir ki, aparılan araşdırmalar görə, ibtidai sinif müəllimlərinin 30-40 faizi kollec, texnikum diplomludurlar.
”Onlar şagirdlərin yüksək səviyyədə hazırlığı üçün yetərli mütəxəssis sayıla bilməzlər. Bu müəllimlərin hər il nəticələrinin monitorinqi aparılmalıdır. Dünyanın heç bir yerində ibtidai siniflərdən imtahan götürülmür. Amma bizdə son nəticdə onlardan da imtahan götürülür”.
E.Əliyevin fikrincə, problemin qarşısını almaq üçün ibtidai sinif müəllimləri arasında attestasiya keçirilməlidir.
”Həmçinin bu plan yerləri iki dəfədən çox azaldılmalıdır. Məsələlərin artıq həllinin vaxtıdır. Hətta problemin həlli üçün gecikmişik”.
Gültəkin Ələsgər