Modern.az

Quba məzarlığında daha bir quyu Minsk qrupunun gözü qarşısında açılacaq

Quba məzarlığında daha bir quyu Minsk qrupunun gözü qarşısında açılacaq

Ölkə

14 May 2012, 10:36

“Quba soyqırımı məzarlığı muzeyinin tikintisi dayanmayıb, orada böyük iş görülür və 2013-cü ildə muzey artıq fəaliyətə başlayacaq”. Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Yevda Abramov soyqırımı muzeyinin tikintisinin gecikməsi barədə fikirləri şərh edərkən deyib.

Muzeyin Heydər Əliyev Fondu tərəfindən tikildiyini xatırladan deputat qeyd edib ki, fond tərəfindən xaricdə-Vatikanda, Almaniyada, Uqandada buraxılış hesab olunan obyektlərin olması, ölkə daxilində də bir sıra tədbirlər üçün nəzərdə tutulmuş işlərin görülməsi ola bilər ki, tikintini bir az gecikdirsin.

“Amma bütövlükdə muzeyin tikintisi dayanmayıb, iş gedir və 2013-cü ildə muzey fəaliyyətə başlayacaq. İnsanların, xaricilərin, turistlərin üzünə açıq olacaq”.

Ümumiyətlə orada sümüklərin əbədi qalmayacağını vurğulayan Y.Abramov bildirib ki, bunların saxlanılması böyük maddi vəsait tələb eddir.

“Ümumiyətlə antropoloji hadisələrdə görülməmiş işdir ki, insan sümüyü açıq havada bu qədər qala bilir. Sümüklərin saxlanması üçün Fransadan xüsusi məhlul gətirilməli, bunların hamısı bir-bir məhlula batırılmalıdır.

Bundan əlavə, həmin yerdən yeraltı sular keçdiyindən orada həmişə aşınma gedir. Məzarlıq çuxurdadır, çünki insan cənazələri, meyidləri quyulara tökülüb. Bundan əlavə, biz orada 200 kvadrat metr əl vurulmamış sahə saxlamışıq ki, Minsk qrupunda iştirakçı dövlətlərin antropoloq alimləri, tarixçiləri, arxeoloqları gözü qarşısında açılsın və görsünlər ki, bu heç də ermənilərin dediyi kimi, sonradan atılmış sümüklər deyil”.

Millət vəkili qeyd edib ki, islam inanclarına görə bu insanların nəşinin bu cür saxlanılmasının özü düzgün deyil.

“Bu muzey tikiləndən, onun panoraması çəkiləndən və bunların hamısı video yazılara veriləndən, muzeydə saxlanılandan sonra yəqinki dini qurumların məsləhəti, ata-babaların qaydası ilə bu sümüklər məzarlıqlara gömüləcək. Bunun şüşə altında saxlanması mənə elə gəlir ki, nə elmi, nə də praktik cəhətdən mümkündür. Azərbaycan vətəndaşı kimi bu mənim şəxsi düşüncələrimdir”.

Yevda Abramov bu hadisə barədə bütün dünyanın bildiyini, kinolar çəkildiyini deyir. “Azərbaycanda 3-4 sənədli film çəkilib ki, bunun ikisinə mən müsahibə vermişəm. Dünyanın bir  sıra parlamentlərində, Azərbaycan televiziya arxivlərində bu videogörüntülər var. Eyni zamanda onun panoraması çəkilib Avropa muzeyinə veriləcək ki, insanlar baxa bilsin. Necə ki, Amerika, İsrail xolokost muzeylərində əsir düşərgələrinin videoçarxları göstərilir, bu da elə göstəriləcək. Amma insanların gözü qabağında rəhmətliklərin nəşlərinin bu cür görüntüyə çevrilməsinə razı deyiləm”.

Tədqiqatçı: “Sümükləri basdırmaq olmaz...”

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev da məzarlıqda iş aparıldığını vurğulayıb.

“Burada iş aparılmadığını demək düzgün olmazdı, iş gedir. Heydər Əliyev Fondu tərəfindən orada 70 metr uzunluğunda, 17 metr hündürlüyündə olduqca böyük kompleks tikilir. Sadəcə bizi narahat edən 3 səbəb var idi ki, bunlardan ikisi həll edilib. Birinci məzarlığa axan qrunt sularının qarşısını almaq, ikincisi Qudyalçaydan məzarlığa doğru axan suyun qarşısını almaq üçün 8 metrlik dəmir-beton divar quraşdırmaq. Lakin üçüncü məsələ-sümüklərin çürüməsinin qarşısını almaq məsələsi bu günə kimi həll edilməyib”.

Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə 7 min sümük təhvil verdiklərini və onların dərmanlandığını deyən Q.Ağayev bildirib ki, qalan sümüklər də yerində dərmanlanmalı idi. Amma bu günə qədər onlar dərmanlanmayıb.

“Bizi narahat edən budur. Qalan hər şey qaydasında gedir. Hardasa sentyabrın əvvəllərinə muzey açıla bilər.

Aprelin 1-i məzarlığın aşkar edilməsindən 5 il keçdi. Amma təəssüf ki, məzarlığın özündə dərmanlanma prosesi getməyib. Bu dəqiqənin özündə də sümüklərdə çürümə prosesi gedir. Mən də bununla əlaqədar car çəkirəm ki, bu günə qədər niyə dərmanlanmayıb?”.

Ekpedisiya rəhbəri həmin sümüklərin basdırılması barədə səslənən fikirlərə də münasibət bildirib. “Bu məsələ barədə çox söz deyildi. Bu gün də bu gündəmdədir.

 Ancaq mən ekspedisiya rəhbəri, tədqiqatçı olaraq birmənalı şəkildə, qəti o fikirdə deyiləm. Biz o məzarlığı torpağın altına basdıra bilmərik. Əks təqdirdə dünya ictimaiyyəti bizə gülər. Hər şey olduğu kimi orada qalmalıdır. Məsələnin dini tərəfinə gəlincə isə biz bunu dindarlarla da danışdıq. Onlar da razıdırlar ki, o sümüklər qala bilər, ancaq şüşənin altında.

Hətta cənab prezident də 2009-cu il sentyabrın 18-də burada oldu və bizim İnstitutun işini birmənalı olaraq bəyəndi, dedi ki, olduğu kimi qalmalıdır. Və ikinci adam bu barədə söz deyə bilməz”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər