Modern.az

“Xaricdəki tələbəmiz” - “Milliyətə fikir vermirəm, xoşuma gələn qız olsa, evlənərəm” - MÜSAHİBƏ

“Xaricdəki tələbəmiz” - “Milliyətə fikir vermirəm, xoşuma gələn qız olsa, evlənərəm” - MÜSAHİBƏ

22 May 2012, 11:11

Zaur Abbasbəyli: “Təhsil Nazirliyi ayda 1400 dollar verir, amma tam bəs etmir mənə”

Modern.az saytı “Xaricdəki tələbəmiz”adlı layihəsini davam etdirir. Belə ki, hər həftə xaricdə təhsil alan gənclərimizlə yaşadığı ölkənin mədəniyyəti, təhsili, qarşılaşdığı problemlərini əks etdirən  müsahibələr yayımlayacağıq. İkinci müsahibimiz  Kanadanın Vaterlu Universitetinin Kompüter elmləri fakültəsinin 1-ci kurs tələbəsi Zaur Abbasbəylidir.  

- Zaur özün haqqında bir az məlumat ver.

- Bakı şəhərində, Yasamalda doğulmuşam. Demək olar ki, orta məktəbdə oxuyarkən bir çox məktəb dəyişmişəm. 6-cı sinifdən türk liseyində təhsil almışam. Düzünü desəm, uşaqlığım yadımda deyil, özümü liseydə oxuyarkən tanımağa başlamışam. 7-ci sinifdən informatikaya olan marağıma görə Kompüter Olimpiadasına seçilmişəm. 11-ci sinifə qədər olimpiadaçı olmuşam, bu sahədə bir çox uğurlarım var.

- Kanadada oxumağa necə qərar verdin?

- Mənim 7-ci sinifdən arzum Türkiyədə təhsil almaq idi, çünki qohumlarımın çoxu orada təhsil alırdı. 10-cu sinifdən Türkiyə universitetlərinə qəbul olmaq üçün hazırlıqlara başladım, bütün imtahanları verdim. Təsadüfən həmin ilin sonunda Kanadada keçirilən İnformatika fənnindən Dünya Olimpiadasında iştirak etdim. Onda Kanadanı, xüsusilə də Vaterlu şəhərini çox bəyəndim. Ancaq yenə də orada oxuyacağımı və ya oxumaq istədiyimi bilmirdim. Azərbaycana qayıtdım və xalamoğlunun məsləhətiylə 11-ci sinifdə ancaq xaricdə oxumaq üçün lazım olan imtahanlara hazırlaşdım. Çox şükür əziyyətim heçə getmədi, Vaterlu universitetinin tələbəsi oldum.

- Kanada universitetlərinə qəbul olmaq üçün nələr lazımdır? 

- Kanadada və bir çox ingilisdilli ölkələrdə təhsil almaq üçün Toefl və ya İelts imtahanlarından lazımi balı toplamaq tələb olunur. Mən Toefl imtahanına hazırlaşdım, 5 dəfə imtahana girdim. Sonunda istədiyim nəticəni əldə etdim. Bundan sonra oxumaq istədiyim universitetlərə tələb olunan sənədləri göndərdim və 2011-ci il mart ayının 21-də Vaterlu Universitetindən qəbul olduğum haqda məktub gəldi. Hələ liseydə oxuyarkən Xaricdə Təhsil üzrə "Dövlət Proqram”ı ilə oxumağı planlaşdırırdım. Universitetə qəbul olduqdan sonra Təhsil Nazirliyinə müraciət etdim. Qeyd edim ki, hər il yay aylarında xaricdə oxumaq istəyən tələbələrin sənəd qəbulu başlayır. Mən də universitetdən aldığım qəbul məktubu və Təhsil Nazirliyinin tələb etdiyi sənədləri topladım. Təxminən iyun ayının sonları idi, məni nazirliyə çağırdılar və orada nəticələrimə baxdılar, çox şükür problemsiz xaricdə oxumaq üçün seçildim.

- Bəs ailən Kanada kimi uzaq bir ölkədə oxumağına necə razı oldu?

- Qohumlarımızın çoxu xaricdə təhsil aldığı üçün ailəm də mənim xaricdə oxumağımı istəyirdi. Elə bunun üçün də məni türk liseyinə qoymuşdular.

- İlk gündən necə oldu, yad bir ölkədə yaşamaq asan oldu ya çətin?

- Əvvəlcə o şəhərdə olduğum üçün mənim üçün elə də çox qəribə və ya çətin olmadı. Sadəcə, çox maraqlıydı, həm də ilk dəfə idi  ki, ailəmdən kənarda qalırdım. Sanki həyatımı sıfırdan başladım.

- Kanadaya getdiyin ilk günlərdə hansı çətinliklərlə üzləşdin?

- Yataqxanada qalmaq üçün sənəd verməyə gecikmişdim. Ona görə də gedəndə azərbaycanlı dostlarımla qaldım, ilk 2 həftə ancaq ev axtardım. Ev tapdıqdan sonra sinif yoldaşimla birgə qaldım İlk dəfə idi ki, ailəmdən kənarda idim, onun üçün çox çətin olurdu. İlk semestr yeməkləri özümüz bişirirdik. O qədər yaxşı alınmasa da, başqa şansımız yox idi. Həm də şəhəri elə də yaxşı tanımadığımız üçün hər gün standart 3-4 cür yemək bişirirdik. Yanvardan sonra isə çöldə yeməyə başladıq.

- Azərbaycanlı dostlarınla necə tanış oldun?

- Orada oxuyan azərbaycanlı tələbələrlə Bakıda tanış olmuşdum. Düzü ilk həftələr çox çətin oldu, ancaq onların orada olması mənim yad bir şəhərə öyrəşməyimə kömək etdi.

- Ümumiyyətlə, azərbaycanlı tələbələrin əsas problemləri nələr olur?

- Əsas çətinliklərdən  biri Kanadanın çox soyuq olmasıdır. Azərbaycanda çox soyuq havayla qarşılaşmadığımız üçün orada ilk ildə çox çətinlik çəkirdik.  Demək olar ki, hər gün qar yağırdı. Havada normalda -10 , -15 dərəcə soyuq olur. Başqa bir problem isə arada təqaüdlərin gecikməsidir. Bu da tələbələrə  problemlər yaradır. Məsələn, mənə evdən də pul göndərirlər. Yoxsa çox çətin olar.

- Kanadada təhsilin haqqında nə deyə bilərsən?


- İlk növbədə təhsil əladır. Mənim oxuduğum universitet Şimali Amerikada Kompüter Elmləri fakültəsi üzrə birinci yerdədir. Buna görə də buranı bitirdikdən sonra rahatlıqla istədiyin şirkətdə iş tapmaq şansın olur. Bundan əlavə əsl universitet həyatı necə olur, onu görürük, müxtəlif millətlərdən dostlarımız olur, onların mədəniyyəti ilə tanış oluruq.

- Orada oxumaq çətindirmi? 

- Təhsil sistemi bizdəkindən fərqli olaraq, kredit sistemidir, yəni heç birimizin tanış olmadığı bir sistemdir. Oxumaq da  kifayət qədər çətindir. Dərslər çox çətin olduğu üçün 1-2 gün dərs buraxmaq həmin dərsdən kəsilmənə səbəb ola bilər. Mənim bölümüm Riyaziyyat fakültəsinin içində olduğu üçün əsasən riyaziyyat dərsləri çox olur. Orta məktəbdə oxuyarkən riyaziyyatdan güclü olmağıma baxmayaraq, mənim üçün ən çətin dərslərdən biri riyaziyyatdır. 

- İmtahanlar necə olur?

- Dəqiq fənlərin imtahanları klassik üsulla olur, yəni variant verilmir. Digər fənnlər isə İqtisadiyyat, Biznes kimi dərslərin imtahanları test üsulu ilə olur. İmtahanlar əsasən semestr ərzində 2 dəfə olur. Semestrin ortasında və axırında və hər həftəlik tapşırıqlar olur.

- Müəllimlərin xarici tələbələrlə münasibəti necədir?

- Kanadanın yerli vətəndaşları olmadığı üçün orada olan hər kəs “gəlmə”dir. Müəllimlərin də hər biri başqa millətdəndir. Onun üçün hamısı çox mehribandır və anlayışlıdır. Professorların içində çinli, hindistanlı, kanadalı, türk və azərbaycanlıda var. 

- Azərbaycanlı müəllimlər neçə nəfərdir ki?


- Cəmi bir azərbaycanlı professor var -  İlham Axundov. O da bizə dərs demir. Universitetimizin Dubayda filialı var, orada işləyirdi. Bu il bildiyim qədər Vaterluda işləmək üçün geri dönəcək.

- Azərbaycanlı tələbələrlə münasibətin necədir?

- Əla münasibətimiz var, onsuz da azərbaycanlı tələbələr az olduğundan dostlarımın əksəriyyəti xarici tələbələrdir Həm kanadalı, çinli, misirli, hindistanli və türk tələbələrdən dostlarım var.

- Xarici tələbələrin azərbaycanlılara münasibəti necədir?

-
Ümumiyyətlə universitetdə hər kəsin azərbaycanlılara qarşı münasibəti müsbətdir. Həm tanışlarımız çoxdur, həm də universitetimizin rəhbəri türkdür. Hər tədbirdə bacardığımız qədər professorlardan dəvət edirik. Buna görə də  bizləri müsbət mənada yaxşı tanıyırlar.

- Azərbaycanlı tələbələrin sayı nə qədərdir?

-
Cəmi 20 nəfərik, demək olar ki, bir ailə kimiyik.

- Onlarla birgə Azərbaycanı tanıtmaq üçün hansı işləri görürsüz?

- Demək olar ki, hər bayramımızı keçirmişik. Xarici tələbələr və professorlar da dəvət edirik.  Bundan başqa, 20 Yanvar, Xocalının soyqırımı və bu kimi qan yaddaşlarımızı orada da unutdurmamağa çalışırıq.

- Xarici tələbələrin bu cür tədbirlərə münasibəti necədir?

- Demək olar ki, tələbələrin əksəriyyəti dəvətimizi rədd etmir gəlir, amma gəlməyənlər də olur.
Bunun üçün də hər dəfə fərqli yollarla fikrimizi çatdırmağa çalışırıq. Tədbir keçirərkən professorları dəvət edirik, tələbələrin oxuması üçün posterler düzəldib universitetdə, kitabxanalarda panolara asırıq. Daha sonra məsələn, Xocalı soyqrımı günü paytaxt Ottava parlamentinin önündə, daha sonra da erməni səfirliyi önündə mitinq etmişdik.

- Azərbaycanlı tələbələrin diasporla əlaqələri var?

-
Azərbaycan diasporu ilə əlaqələrimiz var. Demək olar ki, hər şeyi onlarla birgə edirik. Onlar əllərindən gələn qədər bizə dəstək olmağa çalışırlar. Amma onların fəaliyyəti ilə  çox maraqlanmadığım üçün, bu haqda danışa bilməyəcəm.

- Bəs erməni diasporunun fəaliyyəti necədir?

- Burada da ermənilər sözsüz var. Amma onlarla söhbətimiz və ya hardasa sözümüz düşməyib. Onlar da bacardıqları qədər tədbirlər keçirirlər. Məncə onlar bizim qədər fəal deyillər. Bəlkə də Vaterluda elə də çox erməni olmadığı üçün onların fəallığı hiss edilmir.

- Kanadadakı gənclərimiz Azərbaycanı tanıda bilirmi?

- Bizi Vaterlu şəhərində çox insan tanıyır. Məsələn, mən ilk dəfə ora gedəndə tanış olduğum insanların heç biri Azərbaycan adında ölkə olduğunu bilmirdilər. Ancaq zamanla ətrafımızdakı tələbə dostlarımız, müəllimlər, qonşular, bir sözlə bizi tanıyan hərkəs bizim vasitəmizlə Azərbaycanı tanıdı. Hətta bəzi dostlarım xəritədə şəhərlərimizin,  paytaxtımızın adını tapıb, öyrənmişdilər. 

- Oradakı tələbə həyatını azərbaycandan fəqləndirən əsas nələrdir?

- Burada əsas fərqlilik odur ki,  müxtəlif insanlar var, hər birinin bir fikri var, hər biri bir işlə məşğul olur.

- Tələbələr dərsdən sonra nəylə məşğul olurlar?

-
Tələbənin boş vaxtında əsas işi məncə Tim Hortons-da və  Williams-da oturub çay və ya kofe içməkdir. Yəni biz və tələbələrin çoxu boş vaxtlarımızda belə edirik. Dərsdən sonra normalda ya dostlarımla çay içməyə gedirik, ya da evdə film seyr edirik. Çox vaxt ping pong (stolüstu tennis) oynamağa gedirik. Çinlilər bu oyunu çox güclü oynayır, onları seyr etmək maraqlıdır. Kartinqə gedirik. Yəni elə də çox əylənmirik, gündəlik getdiyimiz yer ancaq Williams və ya Tim Hortonsdur, o da çay içmək üçün...

- Xaricdə təhsil sənə nə verir? Dünyagörüşünə təsiri var?

- Ilk növbədə xaricdə təhsil mənə öz sahəmdə mütəxəssis olma imkani verir. Bildyimiz kimi Azərbaycanda İKT, proqramlaşdırma və bu kimi sahələr o qədər də inkişaf etməyib. Bunun üçün də  xaricdə təhsil bu sahədə mütəxəssis olmanın əsas yollarından biridir. Bundan əlavə bir insan olaraq dünyagörüşümü artırmaq imkanı verir. Hər gün yeni bir şeylə tanış oluruq və ya yeni nəsə öyrənirik. Bunların da hamısı bir ömür boyu həm mənim, həm də digər tələblərin köməyinə çatacaq.

- Bəs səndə nələr dəyişib?

- Artıq hər şeyi normal qarşılayıram,  kiminsə fikri və ya kiminsə hansısa hərəkəti məni təəccübləndirmir. Bilmirəm bəlkə də bu mentalitetden uzaqlaşmaqdır,  ancaq məncə ən doğrusu budur.

- Xaricdə təhsil alan bir tələbə kimi necə düşünürsən, Azərbaycanlı gənclərin xaricdə təhsil almasına ehtiyac varmı? Bu Azərbaycanın gələcəyinə nə verir?

- Azərbaycandakı hazırki şərait bəzi sahələrdə tələblərin yetərincə bilgi əldə etməsinə icazə vermir. Ona görə də məncə əksər sahələrdə, xüsusilə də İKT ilə bağlı sahələrdə tələblərin xaricdə təhsil almasına ehtiyac var. Gənclərin xaricdə oxuması indi inkişafımıza kömək etməsə də, 5-10 il sonra inkişafımızın əsas səbəblərinə çevriləcək. Bir müddət sonra onların hamısı öz işlərinin professionalı olub,  Azərbaycana geri dönəcəklər.

- Universiteti bitirəndən sonra Azərbaycana qayıdacaqsan?

- Əlbəttə, universiteti bitirib Azərbaycana qayıdacam.  Öz ölkəmdə proqramist işləmək istəyirəm.

- Bəs əcnəbi  qızla evlənərsən?

- Mən milliyətə fikir vermirəm, xoşuma gələn olsa, evlənərəm.

- Azərbaycan üçün darıxdıqda, ən çox yadına nə düşür?

- Yeməklər üçün çox darıxıram. Burada  yeməklər tapmadığımız yegənə şeydir.

- Bəs nə yeyirsiz?

- İlk semestr özüm bişirməyə çalışırdım, amma sonra vaxt olmadı, İran restoranında kabab yeyirdik. Sonra banqladeşlilərin restoranlarına gedirdik, arada da çin restoranında sup içirdik.

- Bir ayda nə qədər pul xərcləyirsən?

- Təhsil Nazirliyi ayda 1400 dollar verir, amma tam bəs etmir mənə. Ancaq yaşamaq üçün kifayətdir. Kirayə üçün evə hər ay 600 dollar verirəm, 500-600 dollar da yemək üçün xərcləyirəm, 200-300 də avtobusa və başqa xərclərə gedir. Kitablari hər semestrin əvvəli alıram, təxminən hər semestr kitablar üçün 500-700 dollar arası pul xərcləyirəm.

- Bəs kitabxanaların fəaliyyəti necədir?

- Normalda tələbələrin çoxu kitabxanada dərs oxuyur, mən də elə edirəm. Oradakı kitablardan da faydalanmaq olur,  ancaq dərs kitablarının hər il təzəsi çıxdığı üçün
kitabxanadakılardan istifadə etmək olmur, yenisini almaq məcburiyyətində qalırsan

- Kanadaya getməzdən əvvəl ora haqqında məlumatın var idi?

- Yox, elə də məlumatım yox idi, ancaq kinolarda görmüşdüm. Orayla Azərbaycan arasında oxşarlıq varmı, yoxmu dəqiq deyə bilmərəm. Ancaq hər sahədə bizdən qabaqdadırlar, fərqlilikləri də məncə budur və təbii ki, insanları. Orada bir insana sən qəsdən belə toxunsan, səndən qabaq o üzr istəyəcək, amma təəssüf ki, bizdə belə deyil.

- Başına gələn maraqlı hadisələrdən danışa bilərsən?

- Bir dükandan papaq almışdım, 1-2 həftə sonra dostumla yenidən həmin dükana getdik, amma heç nə almadan çıxdıq. Heç 10 dəqiqə keçməmişdi ki, məni polislər saxladı. Dükan sahibi şikayət edib ki, guya o papağı onların dükanlarından oğurlamışam. Həyatımda ilk dəfə idi ki,  polis məni tuturdu. Özümü itirmişdim və nə danışdığımı bilmirdim. 3-4 saat saxladılar. Sonra dostumun telefonunda həmin papaqla olan şəkillərimi göstərdim. Polis papağı yoxladı və gördü ki, papaq köhnədir. Bunlardan sonra məni sərbəst buraxdılar. Başıma gələn ən qorxunc və yadda qalan hadisə bu idi.

- Bir az kanadalı gənclərdən danışaq.  Boş vaxtlarını necə dəyərləndirirlər?

- Hamısı bacardıqları qədər əla yaşamağa çalışırlar, yəni sağlam qalmaq üçün hər səhər qaçırlar. Dərslərini və ya işlərini planlı şəkildə edirlər. Normalda kanadalılar o qədər də savadlı deyillər,  sadəcə çox planlı şəkildə işlərini həyata keçirirlər, buna görə də  müvəffəqiyyət qazana bilirlər. Cümə günündən sonra ağır iş gününün stressini atmaq üçün hərkəs publara,  clublara qaçır. Qocalı-cavanlı hər biri həyatı doya-doya yaşamağa çalışır, bu da mənim çox xoşuma gəlir.

- Kanada vətəndaşlarının orta aylıq maaşı və tələbə təqaüdləri nə qədərdir?

- Onların minimum əməkhaqqısı 1 saata 12 dollardır. Tələbələrin də universitetdə bir çox təqaüdləri var. Onlara baş vururlar və ya bizim “Xaricdə Təhsil”lə baglı Dövlət Proqramı kimi bir proqram var - OSAP. Təqaüd alırlar, ancaq universiteti qurtardıqdan sonra yavaş-yavaş aldığı pulu geri qaytarırlar.

- Xaricdə oxumaq istəyən tələbələrə nə məsləhət görərdin?

- İlk növbədə çalışsınlar imtahanların çətinliklərindən qorxmasınlar, onsuz da xaricdə universitetə girmək insanların dedikləri qədər çətin deyil. Qaldı ki, hansı ölkələrdə oxusunlar? Məncə hansı şəhərdə ki, insan azdır, o şəhərdə oxumaq daha məsləhətlidir. Məncə ilk növbədə rahat oxumaq və sakit bir ölkədə yaşamaq üçün Kanada, sonra Amerika, ancaq Nyu-Yorkda yox. Türkiyə, xususilə də Ankarada oxumaq məsləhətdir.


Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi